Rəsul Quliyev: “İlham Əliyev ikinci dəfə dövlət çevrilişi edəcək”

İlham Əliyev faktiki olaraq ikinci dəfə dövlət çevrilişi edəcək. Bu sözləri referendumla bağlı “Basta”nın sualına cavab olaraq, keçmiş parlament sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev deyib.

“Bu referendum Azərbaycanın dünyada analoqu olmayan bir ölkə olduğunu və xalqın qul olmağa razılaşdığını təsdiqləyəcək. Faktiki 1995-ci ildə qəbul edilmiş  konstitusiyadan əsər-əlamət belə qalmayacaq”, – Rəsul Quliyev bildirib.

“Prezident faktiki olaraq bu referendumla ikinci dəfə  dinc yolla dövlət çevrilişi edəcək, ölkə unitar sivil dövlətdən qanuni diktatura dövlətinə çevriləcək (ilk dəfə 18 mart 2009-cu il tarixli referendumda konstusiyaya prezidentliyi müddətsizləşdirən müddəa salınmışdı). Bundan sonra bu yazıq xalq vəziyyətdən necə çıxacaq, qansız-qadasız ötüşmək mümkün olacaqmı, bilmirəm. Hər halda referendumdan sonra qəbul olunacaq konstitusiyanın dünyada analoqu yoxdur və xalqın azadlıq, demokratiya uğrunda qeyri-mübariz xalq imicinin üzərinə, qul olmağa razılıq verən xalq imici də əlavə olunacaqdır”, – Rəsul Quliyev deyib.

Rəsul Quliyev Əli İnsanova həbsdən azad olunmasına 57-gün qalmış, ona qarşı yeni cinayət işinin aşılması ilə bağlı “Basta”nın sualına cavab olaraq deyib ki, hakimiyyət keçmiş nazirdən qorxduğu, amma onu “sındıra bilmədiyi” üçün bu addımı atıb.

“Bu hakimiyyət inkivizasiya tipli bir rejim yaradıb. Qismən qorxduqları adamları sındıra bilmədikdə, sındırmaq üçün bütün qeyri-qanunu yollardan istifadə edir. Eyni vaxtda həbs olunmuş Fərhad Əliyevin pullarını alıb, dəfələrlə “səhv etmişəm”, “məni bağışlayın” məzmunlu ərizələrini alandan sonra onu buraxdılar. Özünü mərd aparan, hakimiyyətə baş əyməyən İnsanovu nəinki buraxmadılar, əksinə açıq-aşkar formada “boyun əyməsən, ömrünün axırına qədər burada qalacaqsan” mesajını verdilər. Azərbaycanın inkivizasiya məhkəmələrinin Əli İnsanova əlavə olaraq, məsələn, 10 il də cəza verməsi məhkəmə iclası olmadan da verilə bilər. Bu ölkədə hökümdarın əmri ilə istənilən adamı tuta da bilərlər, asa da bilərlər. Ancaq bir şeyi anlamalıdır bu  hökmdar – tarix əvvəl axır bu tipli əzazillərin qiymətini verəcək!”, – Rəsul Quliyev deyib.

Kamran, Bastainfo.com



This post has been seen 74248 times.
%d bloqqer bunu bəyənir: