Cimcimax – yolsuz cənnət

Zaqatala rayonunun Cimcimax kəndinə ayaq basdığın andan sanki bir cənnətə düşürsən. Nağllar aləmi təassüratını yaradan bu kənddə hər tərəfdən əhatə edən əsrarəngiz dağlar, tər-təmiz havası, nadir çiçəklərin xoş rayihəsi, hər dərədə bulaqlardan axıb gələn kiçik çayların şırıltısı insanı valeh edir.

Tanıyıb tanımamağından asılı olmayaraq, qıraq yerlərdən gələn qonaqlara da, hər gün görüşdükləri həmkəndlilərinə də, küçədə qarşılaşanda “Xoş gəlmisiniz” deyirlər. Cavab da belə olmalıdır: “Xoş gəlmisiz”.

O qədər qonaqpərvər və mehribandırlar ki, onların kəndə qonaq gələnləri necə sevinc və səmimiyyətlə qarşıladıqlarını sözlə ifadə edə bilmirəm.

Kənddə yaşayanların çörəyi də buranın gözəl təbiətindən, bərəkətli torpağından çıxır: tərəvəz əkirlər, findiq bağlarının məhsulunu yığıb satırlar, arıçılıqla, maldarlıqla məşğul olurlar.

Kənddə 9 illik natamam orta məktəb var, bir çox məzunları məktəbi bitirdikdən uzun illər sonra da şəhadətnamələrini ala bilmədiklərini deyirlər. Yerli sakinlərin bir çoxu uşaqlarının məktəbə getməsinin tərəfdarı deyil. Əksəriyyət öz övladlarının şəhərə can atmaq, oxumaqdansa, bostançılıqla, bağçılıqla məşğul olmasını, qoyun otarmasını arzu edirlər…

Yaşlı nəsildən fərqli olaraq, heç olmasa bir dəfə Cimcimaxdan çıxıb, bir az fərqli mühit görən gənclər daha iddialı, tələbkardırlar. Onlar aran kəndlərin gənclərindən əskik olmadıqlarını, başqaları kimi normal təhsil almaq, müasir standartlara cavab verən evlərdə yaşamaq, dövlətin diqqətində olmaq istəyirlər.

Bəs dövlət necə, seçkidən seçkiyə yada düşən, 250-dən çox seçicisi olan bu dağ kəndinin sakinlərinə qayğı göstərirmi?

Kəndə gündə bir dəfə ictimai nəqliyyat gedir. Avtobus əvəzinə “QAZ-66” markalı yük maşınından istifadə olunur. Daşlı çaylaqla hərəkət edən “avtobus”un içində insanlar futbol topuna dönürlər. Yaz aylarında isə az qalır maşını su apara.

Avropa oyunlarına, Olimpiadalara milyonlar xərcləyən hökümətin bu kəndə yol çəkdirmək heç ağlının ucundan da keçmir. Sakinlərin dediklərinə görə, Zaqatala şəhərində tikilmiş İdman kompleksinin açılışında iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir dəfə bu tərəflərə gözucu baxıb. Hətta belə rəvayət yaranıb ki, Kəmaləddin Heydərov Cimcimax dağlarını satın alacaq və bu kəndin sakinləri ağ günə çıxacaq…

Ölkədə hökm sürən siyasi xof bu dağ kəndinə də gəlib çatıb. Bu kənddə  də insanların səsini çıxmağa qoymurlar, onları seçkiyə isə təbliğatla yox, əmrlə, tapşırıqla aparırlar.

Camaatın referendumla bağlı fikirlərini bilmək istədim, çox ilginc cavablar aldım. Bəziləri referendumun mahiyyətindən xəbərdar olmasalar da, şəhər əhalisindən fərqli olaraq,  seçki olacağını bilirlər. Mahiyyətini izah etmədən, insanlara seçki olacağını və burada hər kəsin iştirak etməsinin vacib olduğunu deyiblər artıq. Lakin sakinlər seçkiyə getməyəcəklərini deyirlər…

Niyə hökumətdən kəndinizə yol şəkilməsini tələb etmirsiniz? Bu sualıma cavab verən sakinlər YAP-ın nümayəndəsini göstərib, “bunlar ağzımızı açmağa da, qoymurlar” dedilər.

İnsanların gözünü elə qırıblar ki, məktəbdə xadimə işləyən bir yaşlı qadın – “Qorxuram a qızım, nə edim? Nəvəmin adını Mehriban qoymuşam. Bunu tez-tez deyirəm ki, birdən məni işdən çıxardarlar, nəzərə alsınlar”, – dedi.

Bir gənc yaxınlaşıb kəndlərindəki problemlərdən danışmaq, hökumətdən yol çəkilməsini xahiş etmək istədiyini dedi. Onunla videoçəkiliş də, edəcəkdim. Sonra kənddə hökm sürən ab-havanı görüb, bu kiçik, qapalı, YAP-çı kəndxudaların hökmü ilə idarə olunan kənddə gəncin sonrakı taleyinin ürəkaçan olmayacağını anlayaraq, fikrimdən daşındım.

Mən referendumdan, Müsavat Partiyasının yaratdığı “Respublika” təşviqat qrupundan danışanda mənə “dəvə nalbəndə baxan kimi” baxdı yapçılar. Eşitdikləri sözdən belə qorxdular sanki. Hələ biri, eləbil, mənə “canıyananlıq” etdi, “burdaki rəhbərlikdən kimsə görər, bunlara irad tutar ki, niyə imkan verirsiniz müsavatçı bu kənddə təbliğat aparsın”, – dedi.

Cimcimax sakinləri onların yolla bağlı qayğılarını işıqlandırmağımı istədilər. Bu məsələ ilə indiyədək maraqlanan olmadığından, mən maraqlandım deyə çox sevindilər.

“Nə olar, Könül xanım, yardım edin bizə, bir yol çəksinlər. O yol da sizdən bizə bir hədiyyə olsun, səsimizi prezident eşitmir, dərdimizi bilmir”, – dedilər…

Bu məqamda susdum rəsmən!

Cimcimaxlılar prezidentin mütəvazi həyat sürdüyünü, rüşvətxorluğa qarşı mübarizə apardığını  düşünürlərsə, aşağıdakıları da bilmələri lazım…

O, dünyanın ən bahalı yerlərində villalar alır, şirkətlər qurur, bank hesabları açdırır. Onun malikanəsinin divarlarına dünyanın ən məhşur rəssamı olan ingiltərəli sənətkar Jon Kilmart öz əli ilə əsərlər çəkir. Cimcimaxda insanlar yolsuz qalsa da olar, dünyadan təcrid  olunmuş, YAP-ın seçkilərində say olaraq var olsalar, yetər! Təki İlham Əliyevin malikanəsinin divarlarında Qatar əmiri Hamad bin Xəlifə Al-Sani, Səudiyyə Ərəbistanı şahzadəsi Naif bin Əbdüləziz əl-Səud, Şotland milyarderi Ser Tom Hunter və s. kimi insanların villalarında sənət əsərləri çəkən Jon Kilmart şəkil çəksin. Cimcimaxlılar prezidentin həvəslərini nəzərə almalı, bu xərclərin dollarlarla dəyərini hesablayıb, özlərinin yol arzusunu xəyal sandıqlarının bir köşəsinə atmalı olduqlarını bilməlidirlər…

Onsuz da, onlar ancaq möcüzələr hesabına yol sahibi olacaqlarına inanırlar. Gözlərini açandan bunu görüblər ancaq: yazda sel suları onların yolunda dərin xəndəklər əmələ gətirər, sel kəsiləndən sonra isə ekskovatorla kürünüb “Qaz-66”-ya yol açılar. İnsanlar 15 dəqiqəyə getməli olduğları yolu iki saatdan artıq atılıb-düşə mənzil başına çatırlar və həyatlarına beləcə davam edirlər.

Bu narahat, daşlı-kəsəkli Cimcimax yolunda “Yaxşı yol” ilə getmək arzusuyla…

Könül Alı, Bastainfo.com

%d bloqqer bunu bəyənir: