Əli Kərimlinin mitinqçilər adından verdiyi qərar etiraz doğurdu – RƏYLƏR

Milli Şura 17 sentyabr mitinqi ilə bağlı qabaqcadan BŞİH-ə müraciət edibmiş

Milli Şura sentyabrın 17-nə təyin edilən mitinqlə bağlı qabaqcadan Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edibmiş. AXCP sədrinin müavini Gözəl Bayramlı BBC Azərbaycancaya müsahibəsində bildirib ki, Milli Şuranın referendum gününədək daha iki mitinq keçirmək barədə qərarı olub və müvafiq müraciətlər hələ 11 sentyabr mitinqindən bir neçə gün əvvəl meriyaya təqdim edilib.

AXCP sədri Əli Kərimlinin mitinq iştirakçıları adından sentyabrın 17-nə aksiya təyin etməsi isə birmənalı qarşılanmayıb.

İlk publik etiraz AXCP-nin və Milli Şuranın üzvü, keçmiş vicdan məhbusu Sahib Kərimlidən gəlib.

“Müsavat Partiyası ayın 18 də mitinq keçirilməsi üçün gərəkli müraciəti edib, bu günkü (11 sentyabr) mitinqə də dəstək verib. Mitinqdə Müsavatın dəstəyi ifadə olunmuşdusa, müxalifətin geniş birlik arzuları ifadə edilmişdisə, nədən mitinq ayın 18 – nə təyin edilmədi? Bu cəmiyyətə verilən həmrəylik, birlik, səmimiyyət mesajı olmazdımı? Gec deyil, qərara yenidən baxmaq olar”, – Sahib Kərimli deyib.

11 sentyabr aksiyasının iştirakçısı, dini kəsimin nümayəndələri Elxan Zaman sosial şəbəkədə sözügedən qərara sərt etiraz edib: “Mitinqdə xoşuma gələn o oldu ki, mitinqin yarisi mömin insanlar idi. Acığıma gələn isə o oldu ki Əli Kərimli yenə cığallıq edib ayrıseçkilik saldı. Mitinqlər üçün “tamam, yoxsa davam” soruşub, iştirakçılardan “davam” sözünü eşitdikdə, növbəti mitinqin gələn bazar günü “müəyyən səbəblərdən” mümkün olmadığından, gələn şənbə günü keçiriləcəyini bəyan etdi. Gələn bazar günündəki “müəyyən səbəb” isə Məhsul stadionun Müsavatın mitinq keçirməsidir. Mən düşünürdüm ki, Əli Kərimli bir centlmen jesti edər, vəhdət və ümumi mənafe xatirinə tərəfdarlarını gələn bazar günü Müsavatın mitinqində iştiraka dəvət edər, çünki məhz Müsavat bu cür jesti etmişdi”, Elxan Zaman bildirib.

“Şəxsən mən gələn şənbə günündəki mitinqi bu səbəbdən baykot edirəm və hamını Müsavatın mitinqində iştiraka dəvət edirəm. Əli Kərimli bu gün öz hərəkəti ilə vəhdətə doğru mesajları tapdaladı. Və ona görə gələn həftə cəzalandırılmalıdır ki, bir də hamını öz şəxsi bayrağı altına yığmağa cəhd etməsin”, – Elxan Zaman əlavə edib.

Milli Şuranın 11 sentyabr mitinqinə dəstək vermiş siyasi təşkilatların bir sıra təmsilçiləri də onların adından elan olunan qərara etiraz bildirib.

Eks-spiker Rəsul Quliyev bu qərarı müxalifət daxilində önə keçmək istəyi kimi qiymətləndirib.

“Hesab edirəm ki, 18 sentyabr tarixinə mitinq müraciəti ola-ola sentyabrın 17-nə mitinq təyin etmək ən böyük səhv addımdır… Təəssüflər ki, bu mitinq referendumun ləğv edilməsi uğrunda yox, kim müxalifətdə birincidir mübarizəsinə çevrilməkdədir”, – Rəsul Quliyev bildirib.

11 sentyabr mitinqinin iştirakçılarından olan D18 Hərəkatının sədr müavini Samirə Ağayeva da etirazını gizlətməyib: “Əli Kərimlinin ayın 17-ə mitinq təyin etməsinə və Müsavatın əvvəlcədən planlaşdırılmış mitinqə dəstək olmamasına tənqidi yanaşıram”, – Samirə Ağayeva deyib.

Keçmiş vicdan məhbusu, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının fikrincə isə bu qərar eyforiyyadan irəli gəlib.

“Dərhal insanların çox gəlməsi deyəsən, eyforiyaya səbəb oldu və Əli bəy çıxışında növbəti mitinqi ayın 17-nə təyin etdi. Mən bilən ayın 18-də Müsavat Partiyasının mitinqi olmalıdır. Əgər elədirsə, o zaman Əli bəyin bu qərarı tənqidi qiymətləndirilməlidir”, – Əvəz Zeynallı bildirib.

Aksiyada iştirak etmiş bir sıra ictimai fəal gənclər və tanınmış jurnalistlər də Əli Kərimlinin mitinqçilər adından elan etdiyi qərara sosial şəbəkə vasitəsilə etiraz bildiriblər.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: