Sahib Kərimli: ” 17-nə mitinq təyin etmək nə qədər doğru qərardır? “

Sahib Kərimli: Mitinqi Milli Şura adına uğurlu hesab etmək olar. Gözlənti daha böyük olsa da, etiraz edən ciddi bir potensial var. İctimai-siyasi proseslərə maraq göstərən, fəallıq etmək istəyən, ölkəsinə biganə olmayan 7-8 min civarında vətəndaşın etirazı, başlanğıc üçün kifayət qədər ciddi hadisədir. Nəticələr isə, sonrakı addımlarla müəyyən olunacaq. Boşluqlar var, suallara cavablar tapılmalıdır. İqtidarın və müxalifətin ciddi məsuliyyəti var və tamamən dərk olunmalıdır.

Cəmiyyətə açılmaq mümkün olacaqmı? Mitinqdə verilən mesajlar ənənəvi idi, daha çox emosiyalara xitab edilirdi. Təşkilatçılıq zəif, aparıcı və çıxışçılar hədsiz pafoslu danışdılar. Maarifləndirici çıxışlara ehtiyac var, mitinq iştirakçıları təlimatlandırılmadı. Tamamən inkarçı, dialoqa yer qoymayan ritorikaya hakimiyyətin reaksiyası necə olacaq? Emosiyaların gərilməsindən narahatlıq keçirən hakimiyyət qorxutmaq istəməyəcəkmi? Növbəti mitinqlərin razılaşdırılmasında problemlər yarana bilərmi? Və ya emosional və tamamən inkarçı ritorika cəmiyyətdən gələ biləcək dəstəyi çəkindirmırmı?

Bu zamana kimi müxalifətin təşkil etdiyi aksiyalara qatılmayan fərqli sosial qruplar dəstək verəcəkmi?

Cəmiyyətin emosiyalarına yox, ağlına xitab etmək daha faydalı olmazmı?

Müxalifətin daha geniş birliyi mümkün olacaqmı?

Müsavat Partiyasının ayın 18-də mitinq elan etməsinə baxmayaraq, ayın 17-nə mitinq təyin etmək nə qədər doğru qərardır?

Sabah iş günü deyil, 17-i tarixinə elan edilmiş mitinqi razılaşdırmaq üçün, 5 iş günü qabaq müraciət etmək vacibdir. Beləliklə hakimiyyətin əlində fürsət yaranır ki, mitinqin keçirilməsinə razılaşmasın. Müsavat Partiyası ayın 18 də mitinq keçirilməsi üçün gərəkli müraciəti edib, bu günkü mitinqə də dəstək verib. Mitinqdə Müsavatın dəstəyi ifadə olunmuşdusa, müxalifətin geniş birlik arzuları ifadə edilmişdisə, nədən mitinq ayın 18 – nə təyin edilmədi? Bu cəmiyyətə verilən həmrəylik, birlik, səmimiyyət mesajı olmazdımı? Gec deyil, qərara yenidən baxmaq olar.

Ölkəmizin gələcəyi üçün, sekulyar və demokratik cəmiyyət qurmaq istəyiriksə, vətəndaşa xidmət edən normal sistem arzulayırıqsa, bunu reallaşdırmaq üçün, YAP da daxil bütün partiyalara hədəflənmək prioritet olmalıdır, nəinki, mənşəyi bilinməyən dini qruplara mesajlar ünvanlamaq. Qloballaşan dünyanın riskləri çoxdur, məsuliyyətimizi dərk etməliyik.

Hakimiyyəti dinc mitinqlərə, vətəndaşların etiraz hüququna tolerant olmağa çağırıram. Ölkəmizin təhlükəsiz inkişafı naminə islahatların başlanması vacibdir. Əngəlləri aradan qaldırmaq, cəmiyyətin potensialından maksimum istifadə etmək üçün, dinc və kütləvi aksiyalar şərtdir.

Vətəndaşlarımızı səsləyirəm ki, təşkil edilən aksiyalarda kütləvi iştirak etsinlər, sərbəst toplaşmaq hüquqlarından yararlansınlar. Və ən əsası da, yaranmış fürsətləri dəyərləndirib, dinc etiraz etməklə səslərini eşitdirsinlər. Aqressiyadan, kin və nifrətdən uzaq, reallıqları dəyərləndirməklə, ölkəmizin inkişafına xidmət göstərsinlər.

Siyasilərimizi qısqanclıqdan uzaq, tolerant görmək istəyirəm. Heç kimin uğurları və ya uğur kimi görünən başarıları daimi deyil. Ölkəmiz üçün daha böyük fürsətlər yaranacaqsa, uğurlar paylaşılacaq, fürsətlər yaranacaq. Ən əsası vətəndaşımız və dövlətimiz üçün geniş imkanlar qazanılacaq. Fərdi uğurlar keçicidir, qalan millətdir, dövlətdir.

 

 

Bastainfo.com



This post has been seen 1208 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: