ABŞ Konqresində Azərbaycanda hüquqların pozulmasına dair dinləmələr keçiriləcək

Sentyabrın 15-də ABŞ Konqresində Azərbaycanda insan hüquqlarının pozulması məsələsilə bağlı geniş dinləmələr keçiriləcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Azərbaycan: İnsan haqlarının əhəmiyyəti varmı?” adlı dinləmələr  ABŞ Konqresinin bütün dünyada insan hüquqları normalarına nəzarət edən Tom Lantos İnsan Haqları Komissiyası tərəfindən təşkil edilib.

Dinləmələrdə məqsəd  Azərbaycanda insan haqlarının hazırkı durumu və bunun ABŞ siyasətinə təsirinin qiymətləndirilməsidir.

“2014-cü ildən bəri prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan hökuməti narazılara təzyiqi gücləndirib, jurnalistləri, müxalifət fəallarını, dini fəalları, vətəndaş cəmiyyəti üzvlərini həbsə atdırıb.

ABŞ-ın maliyyələşdirdiyi “Azadlıq” radiosu və bir sıra qeyri-hökumət təşkilatları ölkədən çıxarılıb. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova il yarım qondarma ittihamlarla həbsdə yatıb. Rəqəmləri dəqiqləşdirmək çətin olsa da etibarlı mənbələrə görə, ölkədə 100-dən artıq şəxs siyasi ittihamlarla həbsdədir”, -komissiyanın yaydığı açıqlamada  deyilir.

Dinləmələrdə QHT və KİV-in fəaliyyətinə əngəl törədən  məhdudlaşdırıcı qanunlar da müzakirə ediləcək.

“Əliyev hökumətinin barəsində korrupsiya ittihamları dolaşır, hökumət iqtisadiyyatın zəifləməsi və valyutanın ucuzlaşmasıyla çarpışır”, – Komissiya qeyd edir.

2016-cı ilin iyulunda dövlət başçısı Konstitusiyaya düzəlişlər təklif edib. Bu düzəlişlər prezident səlahiyyətinin 5 ildən 7 ilədək artırılması yolu ilə Əliyev hakimiyyətini

konsolidasiya edir, ona parlamenti buraxmaq və vaxtından əvvəl seçkilər keçirmək hüququ verir.

Prezident Əliyev üçüncü müddətdir ki, prezident postundadır. Düzəlişlər hakimiyyətə əsas hüquqları daha da məhdudlaşdırmağa, ictimai mənəviyyatın müdafiəsi adı altında ifadə azadlığını məhdudlaşdırmağa imkan verir.

Bu düzəlişlər  sentyabrın 26-da referenduma çıxarılacaq. Referendumun nəticələri indidən inam doğurmur. Çünki həmin dəyişikliklərin əleyhinə olanlar həbs edilib.

“Azərbaycan hökuməti ABŞ-ın mühüm strateji müttəfiqi kimi çıxış edir. Ancaq bu problemlər Vaşinqtonun Bakı ilə bağlı siyasətində ciddi suallar doğurur”, – dinləmə təşkilatçılarından biri bildirib.

Dinləmələrə jurnalist Xədicə İsmayılova (o, skype vasitəsilə qatılacaq), AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç dəvətlidir.

Dinləmələr Konqres üzvləri, ictimaiyyət və KİV üçün açıq olacaq. Komissiyanınhttps://humanrightscommission.house.gov/~~HEAD=pobj saytında YouTube vasitəsilə birbaşa yayım olacaq.

Turan məlumat verib ki, konqresmen, Tom Lantos insan haqları komissiyasının həmsədri Cim Makqovern bu yaxınlarda “Azərbaycan üçün demokratiya” aktına qoşulub. Sənəd Azərbaycanda insan hüquqlarının pozulmasına görə ölkənin ali rəhbərliyinə qarşı sanksiyaları nəzərdə tutur.

Konqresmen Makqovern həm də “İnsan hüquqları üzrə Qlobal Maqnitski Qanunu”nun sponsoru kimi tanınır. Qanun bütün dünyada insan haqlarını pozan və korrupsiyaya qurşanan məmurların ABŞ-a səfərini qadağan edir, onların aktivlərini bloklayır.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: