Bilmirik, amma anlayırıq

Erkin Qədirli

ABŞ Konqressində keçirilmiş dinləmələrdə mənim siyahıdan çıxarılmağımla bağlı düşüncələrim
1. Ön söz.

Onu deyim ki, mənim bu dinləmələrdən öncədən xəbərim olmayıb. Toplantıya bir həftə qalmış mənə Washington’dan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəyəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər. Dedim axı, cəmi bir həftə qalıb, necə çatdıracaqsınız. Onu da həll edə biləcəklərini dedilər. Nə isə, passportumu istədilər, şəklini göndərdim. Üstündən iki, ya üç gün keçəndən sonra yazdılar ki, bəs ABŞ’ın Bakı’dakı səfirliyi Qurban Bayramı’na görə işləmir, ona görə vizanı almağa vaxt qalmır. Skype’la qoşulmağı təklif etdilər, Razılaşdım.
Açığı, “Konqressdə dinləmə” adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Xatırlayırsınızsa, 2013-cü ildə, Prezident seçkiləri zamanı, ReAl’dan məni, Milli Şura’dan da Eldar Namazov’u dəvət etmişdilər Konqressin Helsinki Komissiyasına. Dəvətdə “dinləmə” yazılmışdı, biz də dinləmə adıyla oraya getdik. Tədbirə bir gün qalmış Helsinki Komissiyasının aparat işçiləri məni şam yeməyinə dəvət etdilər. Gözəl insanlar, xoş ovqat, rahat ortam.

Amma!

Söhbət heç yaxşı olmadı. Komissiyanın aparat işçiləri məndən üzr istəyərək dedilər ki, sabahki tədbir dinləmə yox, brifinq olacaq. Yəni, heç bir koqressmen gəlməcəyək, özünüz danışacaqsınız. Həvəsim elə öldü ki (həvəs mənim üçün çox önəmlidir). O boyda yolu gəl, sonra da sənə desinlər ki, bəs sözünüzü eşidən olmayacaq. Anladım, elə özləri də mənə ipucu vermişdi ki, bizim hökumət, oradakı lobbistləri vasitəsilə konqressmenlərə təsir edib, onlar da tədbirin statusunu endiriblər.

Toplantıya gələndə, Amerikan konqressmenlərinin yerinə bizim deputatları gördüm (Səməd Seyidov, Asim Mollazadə və s.). Nə isə, videosunu görmüsünüz, Youtube’da var. Orada həvəssiz danışmağımı xatırlayırsınız? Səbəbi bu idi. Nə isə. Qayıdaq bu dəfəki tədbirə.

Bu dəfə mənim dəvətimi təşkil edən dostlardan bir neçə dəfə soruşdum: “Dədiq dinləmədir, yoxsa, keçən dəfəki kimi, yenə axırda brifinqə endirəcəklər?” Dinləmə yerinə brifinq olacaqsa, qatılmayacağımı dedim. Məni inandırdılar ki, dinləmə olacaq. Odur ki, Skype’la qoşulmağa razılaşdım. Məndən çıxışımın mətnini istədilər. Dedilər ki, maksimum 800 söz olmalıdır (təxminən 5 dəqiqəlik çıxış). Bu qədər problemi 800 sözün içinə necə yerləşdirəsən? Nə isə, yazdım, 1600-dan çox söz alındı. Dedilər, problem deyil, göndər, mətni burada yayarıq, amma sən çıxışında ancaq 800 sözün içində danışmalı olacaqsan. Razılaşdım.

Dinləmələrə bir gün qalmış, Bakı vaxtıyla gecə idi, mənə yazdılar ki, bəs, alınmır, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs kimlərsə konqressmenlərə mənim üç il bundan öncə yazdığım “Xocalı statusu”mdan xəbər verib. Hər şey mənə aydın oldu. Bir şeyi öyrənmək istədim – konressmenlərə bunu konkret kim(lər) göndərib. Cavab ala bilmədim. Adamlar məndən incidi. Dedilər ki, onlar mənə güvənirdi, mənsə onları pis vəziyyətdə qoydum və s. İşin emosional tərəfilə bağlı nəsə demədim, amma məsələni izah edə biləcəyimi yazdım (çünki, bilirəm axı, sözlərimi təhrif edilmiş, kontekstdən çıxarılmış, üstəlik içinə yalan qatılmış şəkildə göndəriblər). İzahımı istəmədilər. Dedilər ki, qərar qəbul olunub. Konqressmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki, oraya jurnalistlər gələcək, Erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, guman üzərində verilmiş bir qərar oldu. Dedilər ki, Ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma qarşı etiraz edə bilərlər, bu da dinləminin gedişatını poza bilər.

2. “Donos söhbəti”

Sosial şəbəkələrdə bu söhbəti elə böyütdülər ki, əsas məsələ qaldı qıraqda. “Donos” deyəndə kimin yadına nəyin düşdüyünü bilmirəm, amma mənə qarşı konqressmenlərə xəbərçiliyin olduğunu dəqiq bilirəm. Yuxarıda yazdığım kimi, ən son anda – dinləmələrə bir gün qalmış – məni siyahıdan çıxardılar. Hərçənd, ona qədər hər şey yaxşı gedirdi. Birbaşa yazışdığım adamlardan xəbərçiliyin haradan gəldiyini öyrənə bilmədim. Çox guman ki, onlar da bilmir. Başqa çevrələrdən soruşdum.
Mənə iki ünvan dedilər – ANCA (Amerikanın Milli Erməni Komitəsi) və Congressional Azerbaijani Caucus (ABŞ Konressində Azərbaycanla dostluq və əmkdaşlıq qrupu, belə deyək). Birincilərlə hər şey aydındır – Amerikadakı daşnaklardır. İkincilərsə, bizim hökumətin pulu, ya da başqa təklifləri hesabına ələ alınmış konqressmenlərdir. İkincilər heç də pis anlama gəlmir. Amerika üçün normal lobbi işləridir. Bu iki qurumun ofislərindən dinləmədə iştirak edən, ya da etməli olan konqressmenlərin elektron ünvanlarına mənim iştirakıma qarşı məktubların yazıldığını dedilər mənə. Sübut edə bilmirəm, mənə deyilənləri yazıram.

Hər halda, “donos”un bizim sosial şəbəkələrdə yazışan gənclərdən göndərilmədiyi aydındır. Mən onları günahlandırmıram. Əksinə, siyahıdan çıxarılmağımla bağlı özlərinin tərcümə yazışmalarını göstərmələri mənə gülməli gəldi. Haraya soxursunuz özünüzü? Cem Yılmaz’ın sözü olmasın, “CİA sizin boklu hesabınızı ne yapsın?” Üstəlik, “homofobiya söhbəti”nin heç yeri deyil. Özünüzdən uydurmayın.
Məsələ başqadır – daha böyükdür və siyasidir. Məqsəd məni və mənim qismimdə ReAl’ı vurmaqdır, beynəlxalq əlaqələrimizi kəsməkdir, bizi hər yerdə aşağılamaqdır, nüfuzdan salmaqdır və s. “Xocalı statusum”la bağlı Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi ABŞ’ın o vaxtki səfir müavininə demişdi: “Siz İlqar Məmmədov’un buraxılmasını xahiş edirsiniz, amma baxın, görün, İlqar Məmmədov’un müavini (məni deyir) nəylə məşğuldur – qonşu dövlətin Prezidentini öldürməyə çağırışlar yayır”. ABŞ səfirliyi iki ildən artıq məni danışdırmadı, heç yerə dəvət etmədi – hamısı da bu söhbətlərə görə oldu. Son zamanlar buz əriməyə başladı, bir-iki dəfə görüşdük, danışdıq. İndi də Konqressdə belə hoqqa çıxardılar. Məlum məsələdir.

Biz çox şeyi bilmirik, amma hər şeyi yaxşı anlayırıq. Adamı yandıran da odur ki, bu siyasi qarşıdurmanın içində kimlərsə, tamamilə əlaqəsiz adamlar, yalnız özlərinə məlum olan səbəblərdən bizə (ReAl’a) və konkret mənə qarşı çeşidli uydurmalar, böhtanlar yayırlar.. O qədərdir ki, eləsi. Bir tək buradakıları demirəm, aralarında Avropanın çeşidli ölkələrində saxta sığınacaq almışlar da çoxdur. Nələr yazmırlar ki? “Erkin faşistdir”, “Erkin irqçidir”, “Erkin ksenofobdur” və s. O qədər yazır və deyirlər ki, adamın lap “təki bütün faşistlər elə mənim kimi olsun” deməyi gəlir. Bəsdirin də! Adam olun! İndi də təzə söhbət açıblar – “Erkin homofubdur”. İşimiz var.
P.S. “Homofob söhbəti”lə bağlı sonra ayrıca yazaram. Burada mövzuları qarışdırmaq istəmirəm.

(Yazı Erkin Qədirlinin feysbuk səhifəsindən götürülüb)

327 thoughts on “Bilmirik, amma anlayırıq

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: