“MSK-nın bu hərəkətinin sifarişi Prezident Administrasiyasından gəlir” – BƏYANAT

Mərkəzi Seçki Komissiyası (MSK) müsavatçı müşahidəçilərin ərizələrini qəbul etməkdən imtina edib. Bu haqda Müsavatın Mərkəzi Seçki Qərargahının sədri Gülaga Aslanlı sosial mediada ötən gün açıqlama verib. 

“… Beləliklə referendum həm də müşahidəçi olmadan keçiriləcək. Özləri çalıb, özləri oynayacaqlar”, – Gülağa Aslanlı bildirib.

Mövcud vəziyyəti nəzərə alaraq Müsavat Partiyası bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən redaksiyamıza daxil olan bəyanatın mətnin diqqətinizə çatdırırıq:

Müsavat Partiyasının

BƏYANATI

 

Heç bir əsaslandırma olmadan, xalqa izahat verilmədən, avtokratik hakimiyyətin möhkəmləndirilməsinə xidmət edən təkliflərlə Konstitusiyaya referendum yolu ilə əlavə və dəyişiklik etmək fikrinə düşən hakimiyyət indi də bu əlavə və dəyişikliklərin xalqdan gizli qalması naminə mövcud Konstitusiyanı pozmaqda davam edir.

Müsavat Partiyasının dəstəyi ilə yaradılan “Respublika” təşəbbüs qrupunun MSK tərəfindən qeydə alınmaması da, referenduma çıxarılan məsələlər barəsində xalqı məlumatlandırmağın qarşısının alınmasına yönəlib.

Müsavat Partiyasının öncədən qeyd etdiyi kimi, referendum üzrə təşviqat qrupu kimi qeydə alınan təşəbbüs qrupları referenduma çıxarılan məsələlərin təşviqatı üçün dövlət tərəfindən ayrılmalı olan efir vaxtından imtina edib.

15 sentyabr 2016-cı il tarixində MSK  növbəti rəzalətə imza atıb. Referendumun gizli keçirilməsi barədə Prezident Administrasiyasının tapşırıqlarını sözsüz yerinə yetirən MSK yetkililəri absurd bəhanələrlə “Respublika” təşəbbüs qrupunun respublika üzrə müşahidəçi olmaq üçün təqdim etdiyi 250-dən artıq ərizəni qəbul etməyib.

Beləliklə, nəticəsi avtokratik hakimiyyətin formalaşdırılmasına xidmət etməyə yönələn, lakin heç bir hüquqi əsas yaratmayacaq referendum həm də müxalifyönlü müşahidəçilər olmadan həyata keçiriləcək.

Müsavat Partiyası MSK-nın bu hərəkətinin sifarişçisinin Prezident Administrasiyasından gəldiyini, referendumun nəticələrinin saxtalaşdırılmasına xidmət etdiyini bəyan edir.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: