”Atletlər kəndi”ndəki qəzaya görə həbs olunanlar bəraət istədi

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş verən yol-nəqliyyat hadisəsində təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. İclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Vəli Əhmədov vəkilinin çıxışı ilə razı olduğunu söyləyib. Hüseyn Salamov isə dövlət qurumunda işlədiyini deyib:”Mən dövlətə və dövlətçiliyə sadiq olmuşam. Bundan sonra da olacam. Mehriban xanımın idmana qayğısı nəticəsində Azərbaycanda mötəbər tədbirlər keçirilib. Mən özümü təqsirli bilmirəm. Himayəmdə azyaşlı uşağın olmasını nəzərə alıb barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Fərid Əmiraslanov isə bildirib ki, məhkəmədə ifadə verən şəxslər onun barəsində pis nəsə deməyiblər:” Amma prokuror bunu nəzərə almadı. Günahım nədi, hələ də bilmirəm. Mən dövlət qurumunda işləmişəm. Avropa oyunları zamanı təmənmasız işləmişəm. Bacardığımı etmişəm. Üzərimə düşənləri bacardığımdan da çox yerinə yetirmişəm. Mənim gənc olmağımı, azyaşlı uşağımın olmasını nəzərə alıb bəraət hökmü çıxarılmasını istəyirəm”.

Elçin Həsənov isə 8 il polis əməkdaşı olduğunu deyib:”Mən Nizami rayon Polis İdarəsində işləmişəm. O videolar mənim telefonumdan çıxmamışdan qabaq sosial şəbəkələrdə yayılıb. Rəisim valideynlərimin yanında dedi ki, sənlik nəsə yoxdur, boynuna götür, mənim kreslom tərpənməsin. Mən hər zaman səmimi olmuşam. Mənə ağ kağıza qol çəkdirdilər. Mənim azyaşlı uşağım var. İstəyirəm qayıdıb öz işimdə işləyim. Xahiş edirəm bəraət hökmü çıxarasınız”.

Bundan sonra hakimlər müşavirəyə gedib. Hökm sentyabrın 19-da elan ediləcək.

Dövlət ittihamçısı Vəli Əhmədovun 3 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli müəssisədə çəkməsini, Hüseyn Salamovun və Elçin Həsənovun hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilmələrini, Fərid Əmiraslanovun isə 5 il müddətinə azadlıqdan məhrum olunaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Ötən il iyunun 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H. Salmanov və E. Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F. Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F. Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

 

 

 

Bastainfo.com



This post has been seen 33 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: