Referendum ləğv edilsin! QƏTNAMƏ

Müsavat Partiyasının dünən “Məhsul” stadionunda keçirdiyi mitinqin qətnamənsini təqdim edirik:

18 sentyabr 2016-cı il tarixli mitinqin

QƏTNAMƏSİ

“Azərbaycan hakimiyyətinin yeritdiyi xalqa zidd siyasət nəticəsində ölkə ağır siyasi və iqtisadi böhran həddinə çatıb. Milli sərvətlərin talan edilməsi, korrupsiya, rüşvətxorluq, azad fikirli insanların, siyasi rəqiblərin, müstəqil və müxalifət mətbuatının, fundamental insan haqlarının daim pozulması, mütəmadi siyasi motivli həbslər rəsmi dövlət siyasətinə çevrilib.

Aparılan yanlış iqtisadi siyasət, korrupsiya və rüşvətxorluq, israfçılıq nəticəsində iqtisadi infrastruktur iflic vəziyyətə düşüb, Azərbaycan xalqı yoxsulluğun son həddinə çatıb. Hakimiyyət böhran vəziyyətində olan siyasi və iqtisadi sistemi islahatlar yolu ilə böhrandan çıxarmağa cəhd etmək əvəzinə, avtokratik idarəçiliyi daha da möhkəmləndirmək məqsədilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirməklə Konstitusiyanı daha mürtəceləşdirmək xəttini götürüb.

Hakimiyyət cümhuriyyət dəyərlərinə zidd olan bu referendumu gizli bir əməliyyat kimi həyata keçirmək istəyir. Bunun nəticəsidir ki, referenduma əlavələrin parlamentdə 6 aylıq fasilə ilə 2 dəfə səsvermədən keçirilməsindən sonra edilə biləcəyi barədə Konstitusiya müddəasına əməl edilmədi.

Müsavat Partiyası, “N!DA” Vətəndaş Hərəkatı, “D-18” Vətəndaş Hərəkatı və digər qurumların yaratdığı yeganə müxalifət təşviqat qrupu olan “Respublika” qrupu müxtəlif bəhanələrlə qeydə alınmadı. Bu yolla referendumla bağlı ictimai diskussiyaların qarşısı tamamilə alındı.

Mitinq iştirakçıları ölkədəki ictimai-siyasi və sosial-iqtisadi durumun köklü şəkildə dəyişdirilməsinin vacib olduğu bir dönəmdə Konstitusiyaya dəyişikliklər əlavə edilməsi üçün referendum keçirilməsinə heç bir səbəb olmadığını bildirərək, mitinqdə səslənən şüar və təklifləri xalqın iradəsinin ifadəsi kimi dəyərləndirərək, hakimiyyətdən tələb edir:

  1. 26 sentyabr 2016-cı il tarixə təyin olunan referendum ləğv edilsin!
  2. Vətəndaşların fundamental hüquq və azadlıqlarını təmin edəcək islahatlar həyata keçirilsin!
  3. Qarabağın azad olunması, əhalinin maddi rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində təcili və təsirli tədbirlər görülsün!
  4. Siyasi məhbuslar dərhal azad edilsin!
  5. Ölkədə yeni iş yerləri açılsın, əmək haqları ailənin iqtisadi səbətinə uyğunlaşdırılsın və sahibkarlara azad rəqabət mühiti yaradılsın!

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: