Arif Hacılı: “İmkan itirildi, amma mübarizə bitmədi”

“24 sentyabrda referendum kampaniyası zamanı keçirilən aksiyalara birgə, «izdihamlı mitinq»lə yekun vurmaq olardı. Təəssüf ki, bu imkan itirildi”.

Bu sözləri Müsavat Partiyası başqanı Arif Hacılı AzadlıqRadiosuna açıqlamasında deyib. Müsavat başqanı xatırladıb ki, partiya sentyabrın 24-də, referenduma 2 gün qalmış ümumi mitinq keçirilməsi haqqında qərar qəbul etmişdi: «Ancaq bu qərar elan ediləndə, Milli Şuranın artıq həmin tarixdə mitinq keçirmək barədə qərarının olduğu, bununla bağlı Bakı İcra Hakimiyyətinə müraciət olunduğu bəyan edildi. Üstəlik, sübut kimi bu məktubun artıq icra hakimiyyəti tərəfindən qəbul olunduğunu təsdiqləyən sənəd çap edilərək yayıldı. Bunu nəzərə alaraq, biz həmin günə, həmin yerə mitinq təyin etmədik. Digər mitinqlərdə etdiyimiz kimi, bu mitinqdə də tərəfdarlarımızı bu aksiyada iştiraka çağırdıq».

Arif Hacılı partiyanın qərarını cəmiyyətin maraqları baxımından «düzgün qərar» adlandırır. Onun qənaətincə, 24 sentyabrda referendum kampaniyası zamanı keçirilən aksiyalara birgə, «izdihamlı mitinq»lə yekun vurmaq olardı. «Təəssüf ki, bu imkan itirildi. Amma mən yenə kimisə günahlandırmaq fikrində deyiləm. Çünki referendumla siyasi mübarizə bitmir. Mübarizənin mühüm mərhələsi hələ irəlidədir», – deyir partiya başqanı.

Xatırladaq ki, sentyabrın 18-də Müsavat Partiyasının mitinqində başqan Arif Hacılı birgə mitinq çağırışı etmiş, Milli Şuranın 24 sentyabr mitinqində müsavatçıların da iştirak edəcəklərini bildirmişdi.

Lakin Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib. Bunu ilk olaraq qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib.

Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli isə AzadlıqRadiosuna müsahibəsində onların, ümumiyyətlə sentyabrın 24-ə mitinq təyin etməklə bağlı siyasi qərarlarının olmadığını söylədi. Əli Kərimli deyir ki, onlar sadəcə hər ehtimala qarşı 11 sentyabr mitinqindən də öncə Bakı şəhər icra hakimiyyətinə üç mitinqlə bağlı müraciət göndəriblər. Ancaq sonradan siyasi qərar olmadığı üçün sentyabrın 24-ə mitinq elanı verməyiblər.

Əli Kərimli

“Biz belə şey deməmişik. Bu söhbəti ortaya atanlar qərəzli adamlardır. Hər halda, biz bilmirik hökumətin Milli Şuraya artan repressiyalarını cavablandıraq, yoxsa müxalifət düşərgəsinin bizə qarşı qərəzli münasibətini. Biz 24 sentyabrda mitinq keçirməyə qərar vermişiksə, hansı məntiqlə ondan altı gün qabaq keçirdiyimiz çoxminlik aksiyada bunu elan etmirik? Niyə adamlar azacıq özlərinə əziyyət verib bu haqda düşünmürlər?”

Qeyd edək ki, AXCP sədrinin müavini Gözəl Bayramlı sentyabrın 9-da BBC Azərbaycanca radiosuna açıqlamasında sentyabrın 11-dən sonra Milli Şuranın daha iki mitinq keçirəcəyini deyib. “Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət olunub”, – Gözəl Bayramlı deyib.

 

Əli Kərimli AzadlıqRadiosunun sualına cavab olaraq bildirib ki, Milli Şura daha əvvəlcədən sentyabrın 8-də mətbuata elan edilmədən, üç nəfər təşkilatçı adından, hər ehtimala qarşı Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərib.

“Amma mitinq keçirmək barədə qərar məhz siyasi qərar verildikdən sonra elan edilir. Biz elan etməmişik, axı”, – Əli Kərimli deyib.

Qeyd edək ki, Milli Şuranın digər üzvü Eldəniz Quliyev AzadlıqRadiosuna qısa açıqlamasında 24 sentyabrda mitinqin təxirə salınmasını 17 sentyabr mitinqi ərəfəsindəki və daha sonrakı çoxsaylı həbslərlə izah edib:

“Sonuncu mitinqdən öncə onlarla insanı tutmuşdular, daha sonra mitinq günü yolları, şəhərə girişi bağladılar, 3-5 saat da olsa mitinqə gəlmək istəyən nə qədər insanı saxladılar. Razılaşdırılmış mitinq hansı sonluqla nəticələndi, bunu da hamı bilir. Polis özbaşınalıq etdi. Bir tərəfdən icazə verir, o biri tərəfdən əlində dubinka saxlayır. Bu da ona gətirdi ki, sentyabrın 24-dəki mitinqi təxirə salaq”, – Eldəniz Quliyev belə deyib .

Milli Şuranın təzyiqlərə görə mitinqi təxirə salınması haqqında fikirə Əli Kərimli sərt reaksiya verib.

– Əli bəy, mitinqin təxirə salınması haqda Milli Şura üzvü Eldəniz Quliyev danışıb. O deyib ki, gənclərin həbsinə görə kütləvi aksiya keçirilməyəcək. 

Azadlıq Radiosunun bu sualına Əli Kərimli aşağıdakı cavabı verib:

– Görürsünüz, Milli Şuraya qarşı necə qərəzli şəkildə informasiya diversiyası gedir? Əgər həbslərə görə biz mitinqdən geri çəkilsəydik, 86 nəfər həbs edildikdən sonra yağışın altında 17 sentyabr mitinqini keçirməzdik. O həbs olunanların əksəriyyəti həbsdən çıxıblar, axı. İndi hal-hazırda həbsdə 18 nəfər qalmalıdır. Necə olur ki, biz 86 nəfər həbsdə olanda mitinq keçiririk, 18 nəfər olanda yox? Deməli, bizim özümüzə görə motivlərimiz, məqsədimiz var.

Bastainfo.com

 



This post has been seen 233 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: