Gündüz Ağayev: ”Mənim öz barrikadam var…”

Gündüz Ağayev: “Hansısa siyasətçiyə yaxınlaşmaq, bir tənqidi qapını bağlamaq deməkdir…”

Azərbaycanlı satirik rəssam Gündüz Ağayev əsasən siyasi mövzuda çəkdiyi karikaturaları ilə tanınır. Onun maraq dairəsi təkcə vətənindəki siyasi olaylar deyil, bütün dünyada baş verənlərdir. Rusiya, İran, Türkiyə, Almaniya, Ukrayna, Fransa, ABŞ, Britaniya və daha neçə ölkələrdə ən nəzərəçarpan, taleyüklü hadisələr Gündüzün karikaturası üçün yeni mövzu, səbəb ola bilər. Təxminən bir ildir ki, rəssamın işləri dünyanın məşhur KİV-lərində yer alır, Gündüz barədə tanınmış simalar – sənət adamları, siyasətçilər danışır.

Bu dəfə isə Gündüz Ağayev Meydan TV-nin suallarını cavablandırıb…

– Gündüz, doğulub-böyüdüyünüz rayon – Biləsuvar barədə bir az məlumatım var. Amma istərdim bu əyalət, orda keçən uşaqlığınız və yeniyetməliyiniz barədə özünüz bir az danışasınız…

– Həmişə uşaqlıq və yeniyetməliyimi xatırlayanda, özümdən asılı olmadan hadisələri iki dövrə bölürəm. Sovet İmperiyası və müstəqillik dövrü. Bunu əsasən rayonumuzun əvvəlki və indiki adı ilə bağlayıram. Puşkin və Biləsuvar dövrü. Keçmişim haqqında düşünəndə, bu iki adın yerini dövrlərə uyğun səhv salmamışam. Məsələn, heç vaxt “Biləsuvarda 1 may günündə rayonun mərkəzində böyük parad keçirilirdi” – deyə xatırlamamışam. Çünki paradlar yalnız Puşkində keçirilirdi. O dövr o ada məxsusdur. Biləsuvar dövrü də o cümlədən. Puşkinin mərkəzində kitabxana, yanında isə uşaq oyuncaqları mağazası yerləşirdi. Biləsuvar dövründə həmin kitabxana çayxana, uşaq oyuncaqları mağazası isə pivəxana olmuşdu. Yeniyetmə vaxtlarımızda tez-tez köhnə kitabxanada oturub çay içərdik. Puşkində insanlar sadə həyat tərzi keçirirdilər. Biz Cəfər Cabbarlı küçəsində ikimərtəbəli binada yaşayırdıq. İndi o küçə Heydər Əliyevin adını daşıyır. Rayonda bir univermaq, bir qonaq evi, 3-4 yeməkxana vardı. Seçim çox az idi. Mən keçid dövrünə kimi “Cırtdan” saqqızından başqa saqqız xatırlamıram. O dövrdə rayonun özünəməxsus adlandıırılan insan obrazları və obyektləri olurdu. Bunlardan yadımda qalan Əhmədin “stolovası”, “Univermaq Zərifə”, “Fotoqraf Faiq”, “Alverçi Ceyran”, “Dünyaxanım”, ( mağazanı işlədən qadının adıdır) adlarıdır. Ayaqqabı almaq üçün Vidadinin mağazasına getməliydin. Bu adamlar o qədər məşhur idilər ki, onları küçədə görəndə diqqətlə baxırdıq. Çünki bizə elə gəlirdi ki, Zərifəni ancaq univermaqda görə bilərik. Məsələn, Dünyaxanım adını evdəkilərdən, qonşulardan tez-tez eşitsəm də, o insanı görmək mənə nəsib olmayıb. O cümlədən müəllimlər də bizim nəzərimizdə elə idilər. Ev paltarında olan müəllimə təəccüblə baxırdıq. Hər şey bəsit idi. Geyimlərimizin sadəliyindən tutmuş, oyunlarımızın təbiliyinə kimi. İmperiyanın dağılması, keçid dövrünün başlanması mənimçün bir cümləni xatırladır. Bakıda 20 yanvar hadisəsi baş vermişdi. Tutqun boz hava var idi. Qonşu qız məktəbdən qayıdanda küçədə məni görüb dedi ki, müəlliməniz ağlayırdı. 9 yaşım var idi. Və ilk dəfə idi ki, “müəlliməniz ağlayırdı” sözünü eşidirdim. Sonra hər şey tamamilə dəyişdi. Sinfimizdən SSRİ bayrağı və Leninin portreti yığışdırıldı. Dünən “baba” dediyimiz adama bu gün “keçəl” deyib ələ salır, portretlərini təhqir edirdilər. İnsanlar 360 dərəcə dəyişməyə başlamışdı. Dünənki sovet poçtalyonu bu gün qatı millətçi idi. Elə bil, hər şey bir anda baş vermişdi. Neçə illərdi gördüyümüz sakit, sadə insanlar sanki azadlıqda özlərini axtarmaqla məşğul idilər. Bu qarışıqlıqda biz uşaqlar yenə də özümüzə əyləncə tapırdıq. Küçəmiz Bakı-Astara yolunda olduğu üçün tez-tez Türkiyə və İrandan gələn yük maşınları keçməyə başlamışdı. Biz onlara qələbə işarəsini göstərir, əvəzində isə sürücülər bizə indiyə kimi görmədiyimiz şəkilli, dadlı saqqızlar verirdilər. Binamızın yanında sovet dövründən qalma tikinti idarəsi yerləşirdi. İdarə işləmədiyindən, geniş otluq ərazisi oyun meydançamıza çevrilmişdi. Bir müddətdən sonra isə məhləmizdə tanıdığımız yeniyetmələrin Qarabağ döyüşlərindən ölüm xəbərləri gəlməyə başladı. Demək olar ki, hər gün küçəyə bir şəhid gətirilirdi. Çox ağır illər idi.

– Azərbaycanda oğulun atanın işini davam etdirməsi bir növ ənənə halını alıb. Məsələn, əksər yazıçıların oğulları yazıçı, prokurorların oğlu prokurordur. Hətta prezidentin oğlu da prezident olur. Sizin də atanız rəssam olub. Siz də ənənəni davam etdirdiniz, yoxsa özünüz ürəkdən istəyərək, həvəslə bu sənəti seçdiniz?

– Bu ənənə əsasən o vaxtı baş verir ki, ortada şöhrət və ya maddi maraq olur. Bu həm ataya, həm də övlada sərf edən müqavilədir. Mənim atamın nə şöhrəti, nə pulu, nə də emalatxanası var idi. Ondan mənə qalan yalnız bir çamadan rəng olub. Hətta özü mənə bir neçə dəfə başqa peşə seçməyimi təklif etmişdi. Razılaşmamışdım. Uşaqlıqdan bu rənglərə, bu sənətə vurğunluğum hədsiz idi. Bütün günü evdə oturub şəkil çəkirdim. O vaxtlar elə bilirdim başqa peşə seçsəm, rəssamlığa xəyanət etmiş olaram. Yəni bu cür fanat idim.

– İlk dəfə sizə rəssam kimi şöhrət gətirən hansı işiniz oldu?

– Sözün açığı, özümü şöhrət qazanmış rəssam kimi hiss etmirəm. İşlərimə gəldikdə isə, ilk olaraq “Müqəddəs selfie” satirik illüstrasiyalardan ibarət seriya internet məkanında populyarlıq qazandı. Düşünürəm ki, şöhrət varsa, bu silsilə ilə başladı.

– Siyasi baxışlarınız maraqlıdır. Hansı partiyanın, hansı dəyərlərin, hansı fikirlərin yanındasınız?

– Siyasi baxışda daha çox individualistəm. Özümə uyğun yanaşmam var. Mənim üçün insan faktoru, söz azadlığı hər şeydən önəmlidir. Mənə görə insan yaradıcıdır. Ona toxunmaq olmaz. Onun işinə qarışanda, ona əmr veriləndə, o, özünü itirir, əngəllər yaranır. Və deqradasiyaya getməyə başlayır. Nə qədər insanın işınə qarışılırsa, o cəmiyyət heç vaxt inkişaf edə bilməz. İnsan azad olanda daha maraqlı və rəngarəng olur. Bu səbəbdən konkret hansısa partiyanı dəstəkləmək hissi mənə yaddır. Çünki yazılanlara, sözlərə deyil, əmələ, reallığa inanıram. Hansısa məsələdə sözlərimiz üst-üstə düşə bilər. Amma mənim öz barrikadam var və buranı heç vaxt tərk etmək fikrim yoxdur.

– Siyasət demişkən, siyasətçilər sizinlə spekulyasiya etməyə, tərəflərinə çəkməyə, nəsə sifariş verməyə, ümumiyyətlə, yaxınlaşmağa cəhd edirlərmi?

– Birbaşa olmasa da, hərdən mesajlar gəlir. Bu, mənim üçün normal sayılır. Çünki demək olar ki, ölkədə yeganə siyasi məzmunlu karikatura işləyən mənəm. Xeyli izləyicim varsa, niyə də tərəflərinə çəkməyə cəhd etməsinlər? Çalışıram asılılıq olmasın. Kiməsə yaxınlaşmaq hansısa tənqidi qapını möhürləmək deməkdir.

Gündüz Ağayev

Gündüz Ağayev.

– Gündüz, siz hansı problemləri 21-ci əsrin bəlaları hesab edirsiniz və çıxış yollarını nədə görürsünüz?

– Elmin, texnologiyanın inkişaf etdiyi 21-ci əsrdə çox qlobal problem saymaq olar. İndiki vaxtda problemlər həddən artıq çoxalıb. Bu siyahının böyüməsinə əsrlərdi öz həllini tapmayan digər problemlər də səbəbkardır. Keçmişdə insanlar tərəfindən problem kimi qəbul edilməyən məsələ bu gün böyük bəlaya çevrilib. Hesab edirəm ki, ilk növbədə, cəmiyyətin psixologiyasının yaraları sağalmalıdır. Bu yaranın adı – terrordur. Mən dini radikalizmlə bərabər, avtoritar dövlətləri də nəzərdə tuturam. Çünki, məsələn, Şimali Koreyada milyonlarla insanları qorxu altında saxlamaq mənə görə terrordan başqa bir şey deyil.

– Ukrayna hadisələri ilə bağlı xeyli işləriniz var. Orda baş verənlər barədə nə düşünür, prosesləri necə qiymətləndirirsiniz?

– Politoloq olmadığım üçün bu suala ətraflı, siyasi müstəvidə cavab verə bilməyəcəm. Amma Ukraynada bir il yaşadığımdan müşahidələrimi deyə bilərəm. Millətçilər azalmağa doğru gedirdi, insanlar müharibəni unutmağa çalışırdılar. Yaşadığım Lvov şəhərində əsasən gənclər daha çox Qərbə meyilli idilərsə, yaşlı təbəqə demək olar ki, Gürcüstanda olduğu kimi, nostalji hisslərlə yaşayırlar. Bizdəki kimi, Qarabağ dərdi deyib, Rusiyadan asılılıq fikri ilə rastlaşmadım. Əksinə, onlar nəyin bahasına olursa- olsun, slavyan qardaşlarından birdəfəlik xilas olmağa çalışırlar.

– Ümumiyyətlə, sizin bir rəssam kimi sevimli mövzularınız hansılardır?

– Konkret mövzu deyə bilmərəm. Ümumiyyətlə, “sabah mən nə çəkəcəm” kimi planım olmur. Hər şey əhval-ruhiyyədən, ətrafımda baş verən hadisələrdən asılıdır. Ola bilər bu gün işlərimdə sarkazm olsun, sabah isə tam əksinə, səmimi sentimentallıq baş alıb gedər.

– Siz dünyada siyasi karikaturanın vəziyyəti, yeni sənətdə yeni fikir tərzində müasir trendlər barədə nələri müşahidə edirsiniz?

– Bu yaxınlarda Fransanın Caen şəhərində keçirilən 6-cı Dünya karikaturaçılarının görüşünün iştirakçısı oldum. Orada bir çox tanınmış karikaturaçı iştirak edirdi. İndiki halda onu deyə bilərəm ki, Avropada yaxın şərq sənətkarları aktualdır. Bu, təkcə karikaturada deyil, digər janrlara da aiddir. Məsələn, mən görüşdə ərəb karikaturaçılarının işləri ilə tanış olanda dəhşətə gəldim. Bu işlər terror, dini radikalizmlə bağlı idi. Və yaxud İran karikaturaçılarının işlərində ağrını görürsən. Bu hekayə də onlarındı. Dini dövlətin nə demək olduğunu onlar daha yaxşı bilirlər. Onlar azadlıq uğrunda döyüşürlər. Və mübarizələrində səmimidirlər. Bir də politik-art aktualdır. Bu, əsasən yenə də Yaxın Şərqin problemi ilə bağlıdır. Yerlə yeksan olmuş Suriyadan Avropaya üz tutan rəssamın işləri əlbəttə ki, siyasi xarakter daşıyır. Çünki indiki halda onun hekayəsi odur. Və bu səmimiyyət Avropada birmənalı şəkildə qəbul olunur.

– Hazırda yaşadığınız ölkə barədə nə deyə bilərsiniz? Niyə burdasınız?

– Hazırda Fransada yaşayıram. Azərbaycanda siyasi karikturalarıma görə təqib olduğum üçün ölkədən çıxmağa məcbur oldum. Əks halda, fəaliyyətimi dayandırmalıydım. Mühacirət üçün bu ölkəni seçdim. Fransanın gözəl təbiəti var. Buraları canlı gördükdən sonra sən fransız impressionistlərini anlamağa başlayırsan. O cümlədən, ideoloji cəhətdən də Avropada mühüm ölkələrdən biridir. Ölkədə dayanmadan siyasi müzakirələr olur, manifestlər keçirilir. Burada cəmiyyət həddindən artıq aktivdir.

– Azərbaycanla əlaqə saxlayırsınızmı? Bunu necə edirsiniz?

– Əlaqə deyəndə ki, tanişlarla telefon vasitəsilə əlaqə saxlayıram. Ölkədə gedən prosesləri isə sosial şəbəkələrdən, xəbər portallarından izləyirəm.

– İndi öz ölkənizdə olsaydınız, hansı işlərlə məşğul olacaqdınız?

– Yəqin yenə də ölkəni tərk edərdim.

– Azərbaycandakı yaradıcı çevrənizdən uzaq düşmüsünüz. Sizin yaradıcı dostlarınız Azərbaycandadırlarmı? Onlar müxalif, etirazçı fikirlərinə və əsərlərinə görə təqib olunurlarmı?

– Proses həqiqətən də çox uzun çəkdi. Yaradıcı insanlar üçün belə bir sistemdə yaşayıb, yaratmaq çətin olur. Ya gərək susasan, ya da həqiqəti deyəsən. Dostların bəziləri təqib olunduqlarından ölkəni tərk etdilər. Bəziləri isə Azərbaycanda qalıb ömürlərini birtəhər sürürlər.

– Özünüzü 5, 10 il sonra harada, necə görürsünüz?

– Bu haqda fikirləşməmişəm.

 

Günel Mövlud

Meydan TV

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: