Saraydaxili savaş: prezidentə kimlər və necə güc göstərir?

Hakimiyyətdaxili çəkişmələr və növbədənkənar prezident seçkiləri ehtimalı haqqında Anaxeber.az saytında yayımlanan bu yazının oxucular üçün maraq doğura biləcəyini nəzərə alaraq cüzi ixtisarla təqdim edirik:

“Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək”.

Bunu deputat Qüdrət Həsənquliyev müsahibəsində deyib. Onun sözlərinə görə, Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin birinci vitse-prezident və vitse-prezident təyin etməsi məcburidir: “Lakin konstitusiya dəyişikliyindən sonra prezident dərhal 7 illik səlahiyyət müddəti əldə etmir. Ona görə ki, prezident 2013-cü ildə Azərbaycan xalqı tərəfindən beş illiyə mandat alıb. Bu mandatın müddəti 2018-ci il prezident seçkilərinə qədərdir. Növbəti prezident seçkilərindən sonra prezidentlik müddəti 7 il olacaq. Lakin referendumdan sonra prezidentin səlahiyyəti olacaq ki, növbədənkənar prezident seçkisi təyin eləsin. Prezident bu səlahiyyətdən istifadə edə də bilər, etməyə də”.

…Məşhur deyim var: əvvəlcə sözü deyənə bax, sonra sözünə. Q.Həsənquliyev Azərbaycan siyasətində sıradan kadr hesab oluna bilməz. Bir çox həmkarlarından fərqli olaraq hakimiyyətin siyasi mətbəxində olan və prosesləri bilən deputatdır. Onun təmsil olunduğu siyasi klan da bir çox mesajları Həsənquliyevin vasitəsi ilə ictimaiyyətə çatdırır.

Çünki hökumət rəsmiləri açıq şəkildə demədiyi sözü siyasi deputatların dili ilə ismarıc göndərir. Naxçıvanlı millət vəkilinin növbədənkənar prezident seçkilərinin olacağı haqda əminliklə çıxışı da saray daxilində cərəyan edən proseslərin təzahürüdür.
Onun açıqlamasından çıxan nəticə ondan ibarətdir ki, Naxçıvan klanı referendumdan sonrakı gedişlərdə revanşa hazırlaşır. İlk mərhələdə hakimiyyətin Bakı-Şirvan klanına uduzan Naxçıvan qruplaşması növbədənkənar seçkilərlə hadisələrdə dominanta çevriləcəyini və lokomotivi ələ alacağını hesablayır.

Belə ki, ölkədə referendumun keçirilməsi haqda layihə və vitse-prezidentlik institutu yaradılması Bakı klanında siyasi ideoloqların beyninin məhsulu kimi qiymətləndirilir.

Hakimiyyətin kifayət qədər resursa və gücə malik bu qruplaşması öz istəklərini diktə edə bildi və ölkə referenduma gedir.

Lakin ümumxalq səsverməsindən sonra Naxçıvan qruplaşması cavab “atəşi” ilə hakimiyyət daxilindəki ona müxalif klandan proseslərə təsiri əlindən ala bilər. Q.Həsənquliyevin çıxışında da məhz eyni kombinasiyanın hazırlığı sezilir. Əslində, Naxçıvan qruplaşmasının ilk təzyiqi də Həsənquliyevdən gəlmişdi. Deputat vitse-prezidentliyə namizəd kimi Naxçıvan klanına daxil olan məmurların adlarını açıqlamışdı.

Doğrudur, siyahıda ölkənin birinci xanımı Mehriban Əliyeva da yer alırdı. Ancaq say üstünlüyünə görə Naxçıvan qruplaşması ön cərgədədir. Deputat klanın lideri Ramiz Mehdiyev, Vasif Talıbov, Bəylər Əyyubovun adını çəkməklə referendumdan sonra hansı planların cızıldığını demək istəyib. Bu təzyiqlərin tərkib hissəsi kimi müxalifətin mitinqlərinə icazə verilməsini göstrmək olar. Maraqlıdır ki, hakimiyyətdə mitinqlərə icazə verilməsinə görə fikir ayrılığı var.
Hakim Yeni Azərbaycan Partiyası mitinqləri qeyri-qanuni adlandırır, mərkəzi hakimiyyətin siyasətinə qarşı çıxır, iqtidar rəhbərliyi isə mitinqlərə razılıq verir. Bu isə saray içərisində iki klan arasında referendumla bağlı gərgin mübarizənin getdiyindən xəbər verir. Deputat Siyavuş Novruzov da mitinq barədə deyib ki, hakimiyyətdaxili qüvvələr arasında narazılığı qəsdən yaradanlar var və indi məhz bu məsələ üzərində işləmək lazımdır.

Yəni mənzərə kifayət qədər aydın çizilib: referendum aktı layihəsi Bakı qruplaşmasının qələbəsidirsə, bu qələbəni onun əlindən almaq istəyən Naxçıvan şəbəkəsidir…

Və bu situasiyada diqqət çəkən çox mühüm nüans var: Naxçıvan qruplaşmasının sirli liderlərindən olan, hakimiyyətin meneceri adını qazanmış fövqəladə hallar naziri Kəmaləddin Heydərov referendumda hücrəsinə çəkilib.

Fövqəladə siyasi proseslərin hər zaman tən ortasında olmuş K. Heydərov indi təğyiri-libasdır. Onun hadisələrə və iqtidar daxilindəki rəqabətə müdaxiləsi birbaşa hiss olunmur.
Ancaq vitse-prezidentlik iddiasında olan FHN şefinin sözünü məhz ona yaxınlığı ilə seçilən deputat Q.Həsənquliyevin çatdırdığını söyləmək olar…

Bu kontekstdə onun özünü qabağa vermədən proseslərə gizli şəkildə təsiri imkanı ehtimalı son dərəcə realdır. Bununla da “fövqəlnazir” həm vitse-prezident postuna ambisiyasını mərkəzi dairələrə çatdırır, həm də Naxçıvan qruplaşmasının referendum sonrası hazırlıqlarına işarə verir.

Onun sözünü isə Həsənquliyev açıq şəkildə ifadə edib: növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı yüksəkdir. Bu isə o deməkdir ki müxalifətin mitinqləri referendumdan sonra da davam edə bilər və növbədənkənar prezident seçkilərində alternativ qüvvələrin gücü şişirdilə bilər – prezidentə təzyiq üçün…

Anaxeber.az



This post has been seen 234 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: