Həbsdə olan şəxs nə üçün apellyasiya şikayəti verməkdən imtina etdi?

“Mən başa düşdüm ki, R.Qurbanov və onun ailə üzvlərilə “iş” gedir”

Müsavat Divanın üzvü İkram İsrafil “Basta” ya Mingəçevirdə yaşayan qohumunun onun və oğlunun siyasi fəaliyyətinə görə həbs olunması haqda məlumat vermişdi. Həbs olunan Rizvan Qurbanovun işi ilə tanış olmaq üçün Mingəçevirə gedən vəkil Əsabəli Mustafayev qarşılaşdığı mənzərə barədə öz facebook səhifəsində yazıb.

“Bir müddət əvvəl İkram İsrafil Daxili Islər Naziri Ramil Usubova mətbuat vasitəsilə müraciət edərək Mingəçevir şəhərində yaşayan qudası Rizvan Qurbanova qarşı başlamış təqiblərin dayandırılmasını tələb etmişdir. İkram İsrafilin rəyinə görə qudasına qarşı bu təqiblər onun və oğlunun siyasi fəaliyyəti, sosial şəbəkələrdə tənqidi yazıları ilə bağlıdır. Bu müraciətdən bir qədər sonra məlum olmuşdur ki, Rizvan Qurbanov İnzibati Xətalar Məcəlləsinin 535.1. maddəsilə mühakimə olunaraq barəsində 20 gün inzibati həbs tədbiri tətbiq olunmuşdur. R.Qurbanovun qızının mənimlə bağladığı müqavilə əsasında mən bu gün Mingəçevirdə oldum və ilk növbədə R.Qurbanovun ailə üzvləri ilə görüşdüm. Məlum oldu ki, R.Qurbanov həbsinin ilk günündən ailə üzvlərindən onun işinin ədalətlə araşdırılması üçün tədbirlər görülməsini xahiş etmişdir.” – deyə Əsabəli Mustafayev bildirib.

“Eyni zamanda məlum oldu ki, R.Qurbanov tutulmamışdan qabaq ailə üzvlərinə zəng edərək xəbər verib ki, onu polis idarəsinə çağırıblar, səbəbini bilmir və həmin an oraya gedir.

Sonradan məlum olub ki, onu inzibati həbslə cəzalandırıblar. Məhkəmə qərarında yazılıb ki, güya R.Qurbanov polis idarəsinin qarşısından keçərkən ünvansız söyüş söyüb və ona irad edən polislərin göstərişinə tabe olmayıb (siyasi motivli işlərdə çox geniş yayılmış ittihamdır). Ali təhsilli, 56 yaşlı bir şəxsin küçədə heç bir səbəb olmadan ünvansın söyüş söyməsi və sonra da polisə tabe olmaması əlbətdə inandırıcı deyildir.

Bu gün Mingəçevir polis idarəsində oldum və R.Qurbanovla görüşərək ona hüququ yardım göstərməyə cəhd etdim. Bütün həngamə bundan sonra başladı. Növbətçinin mənim barəmdə rəislərə raportundan sonra bir müddət gözləməli oldum. Sonra rəisin Allahverdi müəllim adlı müavini məni qəbul etdi, sənədlərimlə tanış oldu, həyətdə 10-15 dəqiqə gözləməyi xahiş etdi.

Bütün bu hallara mən artıq vərdişli idim. Yarım saatdan sonra yenidən birtəhər özümü Allahverdi müəllimin kabinetinə saldım. Bu dəfə də xahiş etdi bir qədər gözləyim və özü kabinetdən getdi. Mən başa düşdüm ki, R.Qurbanov və onun ailə üzvlərilə “iş” gedir. Bir qədər sonra Allahverdi müəllim kabinetə qayıdaraq mənimlə müqavilə bağlamış şəxsin indi bura gələcəyini bildirdi. Bu o deməkdir ki, müştəri məndən imtina etmək istəyir. Lakin müştəri gəlib . Nahayət 2 saatlıq gözlətindən sonra Allahverdi müəllimin müşayəti ilə müvvəqəti saxlama yerinə apardılar (rəis müavinin vəkillə birlikdə belə yerə gəlməsi mənim üçün görünməmiş hal idi). Görüş keçirilən yer daş və şüşə arakəsmə ilə ayrılmış otaq idi. Mən olan hissədə Allahverdi müəllim, R.Qurbanov olan hissədə polis əməkdaşı dayanmışdır. Mən görüşün bu otaqda və polislərin iştirakı ilə keçirilməsinə kəskin etiraz etsəm də, buna əhəmiyyət verilmədi. R.Qurbanov içəri girəndə çox həyacanlıı, özünü itirmiş vəziyyətdə idi. Başa düşdüm ki, onunla yüksək səviyyədə “iş” aparılıb. Salamlaşandan dərhal sonra apellyasiya şikayəti vermək istəmədiyini bildirdi. Mən başa düşdüm ki, bu şəraitdə onunla görüşü və söhbəti davam etdirməyin əhəmiyyəti yoxdur. Yenidən R.Qurbanovun evinə qayıdanda mənə məlum oldu ki, onun Mingəçevirdə vəzifədə işləyən yeznəsi bu evə gələrək R.Qurbanovun qızından polisə gedərək məndən imtina etməyi tələb etmişdir. Belə razılıq olmadığından görünür həmin adam özü polis idarəsinə gedərək R.Qurbanovla aparılan “işdə” şəxsən iştirak etmişdir. Belə uzun məsafəni gedib-qayıtmağımı hədər saymıram. Birincisi, mən vəkil kimi borcumu axıra qədər yerinə yetirdim. İkincisi, Mingəçevir polis idarəsindəki yaşanmış bu günki çaxnaşma uzun müddət onların yaddaşında qalacaqdır. Qismən də olsa başa düşəcəklər ki, heç nədən insanı həbsə almaq hər zaman səssiz ötmür. Həm də əminəm ki,bu məsələ hələ bitməyib.” – vəkil əlavə edib.

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: