Cümhuriyyətçilərə arxa çevirdiniz

Könül Alı

“Demokratiya, başqa insanların cibinizdə eşələndiyi zaman, başınızın üstündə asılan və sizi yuxarı zillənməyə məcbur edən bir hava şarıdır”

 Bernard Şou

 

Bu gün referendum keçirilir. Amma əhalinin böyük əksəriyyətinin Konstitusiyaya ediləcək dəyişiklərin nədən ibarət olduğundan xəbəri yoxdur.

Müsavat Partiyasının Referendum Aktının əleyhinə yaratdığı “Respublika” təşəbbüs qrupunun nümayəndəsi kimi imzatoplama kompaniyasında iştirak edərkən, bilavasitə, bunun şahidi oldum ki, əksəriyyət bu prosesə maraq göstərmir.

Referendumdan xəbəri olanların da çoxu bu dəyişikliklərin onlara heç bir dəxli olmadığını düşünür, bunu dilə gətirməkdən çəkinmir, hətta söz düşəndə aqressiv şəkildə “bu dəyişikliklərin istisindən, soyuğundan mənə nə?!” – deyirlər.

Xalq niyə ümidsizdir?

Çünki, prezidentin təklif etdiyi bütün müddəaların yekdilliklə qəbul olunacağına, onların səsinin heç bir əhəmiyyəti olmadığının, kimə və nəyə səs verəcəklərindən asılı olmayaraq, qutudan Prezident Adminstrasiyasının tələbinə uyğun nəticənin çıxacağına əmindir.

Çünki, tarix bunu sübut edib və vətəndaşlar da, artıq çoxdan Azərbaycandakı “seçki şousu”na bələddir. Ona görə də maraq göstərmir, “gözləmə” vəziyyətində qalmağı üstün tuturlar.

Bu biganəliyin nəticəsində rejim heç bir əziyyət çəkmədən, nəinki təbliğat aparmaq, əhalini inandırmaq, heç qanunla tələb olunan seçici imzalarını belə toplamadan öz niyyətini həyata keçirir.

Bu dəfəki seçkidə rejimin saxtakar ruhuna ilk bələdçilər Mənzil İstismar İdarəsinin işçiləri oldular.

Onlar hələ referendum elan olunan gündən qanunu pozmağa – vətəndaşların şəxsiyyət vəsiqələrini yığmağa başlamışdılar. Ən pisi isə, seçmək hüququndan məhrum olmuş seçicilər onlara ayrılan köləlik missiyası ilə barışdılar. Seçki qanununa görə vətəndaşın açıq və gizli səsvermədə sərbəst, könüllü, heç bir təzyiqə məruz qalmadan iştirakı təmin olunmalı – bunlar təmin olunmadığı halda vətəndaş qanun çərçivəsində tələblər irəli sürməli, haqqını tələb etməlidir.

Tələb etmədilər. Bir çoxları hətta şəxsiyyətlərini təsdiq edən sənədi verib “aparın, nə edirsiniz, edin, ac qulağmız, dinc qulağımız”- deyib qınlarına çəkildilər.

İşsiz gücsüz, yoxsullara verilən müavinətlərə, pensiyalara, limitlərə, imtiyazlara sığınanlar, aylarla evinə ət ala bilməyənlər, maddiyyat ucbatından xəstəlikdən qurtulmaq üçün müalicə ala bilməyib ölüm yatağında çırpınanlar nə qədər tab gətirəcək?

Nə ana yasamızı qorumalı olan Konstitusiya Məhkəməsi, nə də insanların səsvermə hüququnu təmin etməli olan Mərkəzi Seçki Komissiyası cəmiyyətin orta əsrlərə sürüklənməsinə etiraz etdilər.

Cəmiyyətə işıq salmalı olan ziyalıların da vicdanı susdu. Bizdən başqa hamını susdurdular… Məqsədləri hələ keçən əsrin əvvəllərində demokratik əsaslarla idarə olunan Respublikanı qurmuş bir xalqı, tam bir əsr sonra orta əsrlərə sürükləyib Monarx sisteminə boyun əydirməkdir…

Bütün bu baş verənləri izləyənlər: diktatorla tərəfdaşlıq edənlər, dəstək olanlar, hətta susaraq tərəf tutmayanlar – siz, gözəlim Azərbaycanı müşkül duruma soxdunuz, Suriyanın gününə düşməsinə zəmin yaratdınız. Sabahdan artıq nağıllar aləminə səyahət edin, ölkəniz şahlıq üsulu ilə idarə ediləcək…

Onlar əllərinə düşən hər fürsətdə istismar etdilər, ölkəni soyub-taladılar, siz isə bu talançılığa göz yumdunuz, bəziləriniz hətta dəstək verdiniz!

Xalqı qaranlıqdan işığa aparmaq istəyən Cümhuriyyətçilərə arxa çevirdiniz, xalqın qanına susayanların dəyirmanına su tökdünüz.

Bu sistemdəkilərin tək düşməni var – Xalq!

Siz isə onlarla tərəfdaşlıq etdiniz!

Susqunluğunuz, laqeydliyinizlə!

Comments are closed.

%d bloqqer bunu bəyənir: