Hakimiyyəti bu qədər dayaqsız görməmişdim

Referendum oldu. Amma nə dostlar bədguman olsun, nə də düşmənlər sevinsin. Azərbaycanın gələcək taleyinə bu referendumun heç bir təsiri olmayacaq.

1991-ci ilin mart referendumu çoxlarınızın  yadındadır yəqin. İnsanları məntəqələrə yarı xoşla, yarı zorla daşıyıb Azərbaycanın SSRİ-nin tərkibində qalmasına səs verdirmişdilər, yetərsay olmasa da nəticəni saxtalaşdırmışdılar. Amma 6 ay sonra SSRİ-i dağıldı.

Eynən indiki kimi o vaxt da milli-demokratik düşərgə bu referendumun qarşısını ala bilməmişdi. O vaxt indiki kimi mitinqlər olmamışdı, amma Əbülfəz Elçibəy, Nəcəf Nəcəfov, Arif Hacılı başda olmaqla, düşərgəmizin təmsilçiləri aclıq aksiyası keçirmişdilər, parlamentə Demblok üzvləri mücadilə vermişdilər. O referendumdan sonra bir çoxlarımız SSRİ-nin hələ uzun müddət dünyaya və öz əsarətindəki xalqlara meydan oxuya biləcəyini düçünmüşdük. Amma hadisələr o qədər sürətlə inkişaf etdi ki, bu şər imperiyasını referendum xilas etmədi, ilin sonuna belə çıxa bilmədi.

İndi də həmin xanədir. Millət ayağa qalxanda prezidentin səlahiyyət müddətinin konstitusiyada 7 il, yaxud 5 il olduğunu nəzərə almayacaq. Onun vitse-prezidentinin olub-olmaması da əhəmiyyət verməyəcək. Məgər Tunisdə Ben Əlini, Misirdə Qəddafini ona görə deviriblər ki, onların vitse-prezidentləri yox idi?!

Əlbəttə yox!

Hakimiyyətin bu referendumda qazandığı heç nə yoxdur. İtirdiyi isə cümhuriyyətçilərin yenidən fəallaşmasıdır. Avqust ayında hamımız istirahətdə olacaqdıq, amma referendumun sayəsində imza topladıq. 100 mindən artıq vətəndaşla təmasda olduq, təbliğat apardıq. Sentyabrda mitinqlər keçirdik, ortaya iradə, mövqe qoyduq.

Hər kəs gördü ki, hakimiyyətdən qorxmayan, onun qarşısında dik dayanan bir təbəqə var. Hər kəs gördü ki, bu hakimiyyətə əyilməmək, haqqını tələb etmək də mümkündür. Hər kəs gördü ki, hakimiyyət əslində ən qatı əleyhdarlarının qarşısında acizdir.

Proses bitməyib. Əksinə, siyasi böhranın üzərinə bir də iqtisadi böhran gəlib – hakimiyyətin üzərinə bir dərd kimi – batmanla gəlib. Hətta referendum ayında pensiyaları, maaşları ödəyə bilməyən bu hakimiyyət sonrakı aylarda nə edəcək? Pensiyası sadəcə bir neçə gün gecikdiyinə görə yolları kəsən vətəndaşlar, görün pullarını ümumiyyətlə ala bilməyəndə nə edəcəklər???

Bu referendumla prezidentə verilən əlavə səlahiyyətlər onu hakimiyyətdəki mərkəzdənqaçma prosesindən də sığortalamayacaq. Əksinə, səlahiyyət bir əldə cəmləndikcə, saraydaxili narazılıqlar, çəkişmələr, qopmalar sürətlənəcək.

Əliyev hakimiyyətini heç vaxt bu günki qədər dayaqsız görməmişdim. Bunların “onbaşı”, “yüzbaşı” sistemi də iflic olub artıq. Artıq məmur ordusu da tapşırıqları yerinə yetirə bilmir, ya da yetirmək istəmir.

Seçicilərin bu qədər passiv olduğunu həyatım boyu görməmişdim. Bu, əslində, passivlik yox, cəmiyyətdən hakimiyyətə etirazdır. Səssiz ifadə edilən kütləvi etiraz. Üzünə gülümsədiyin adamı ürəyində söymək kimi…

Bu etirazın üzə çıxacağı gün uzaqda deyil. Buna əminəm.

%d bloqqer bunu bəyənir: