Müsavat Partiyası seçki pozuntuları ilə bağlı press-reliz yaydı – YENİLƏNİR – 6

Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı bu gün keçirilən referendumda baş verən qanun pozuntuları haqda press-reliz yayıb. “Basta”ya daxil olan sənədləri təqdim edirik:

“Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı

Press-reliz – 6

21 saylı Nəsimi birinci seçki dairəsinin 19 saylı orta məktəbdə yerləşən 21, 22 və 23 saylı seçki məntəqələrində səsverməni müşahidə edən müxalifət fəalı Cəmil Hacıyev polisə aparılıb. Bu haqda məlumatı C.Hacıyevlə birgə seçki məntəqəsində müşahidəçi olan Mariupol (Ukrayna) İctimai TV-nin əməkdaşı Ayxan Hacıbəyli verib. Müşahidəçilər “karusel” əməliyyatını görərək, buna etiraz ediblər. C.Hacıyevin hansı polis bölməsinə aparıldığı bilinmir.

c%c9%99mil-haciyev

61 saylı Neftçala seçki dairəsinin 28 saylı seçki məntəqəsindən Saday Fərəcovun verdiyi məlumata görə, iki saatlıq müşahidə müddətində seçki məntəqəsinə 8 seçici daxil olub. Onların əksərityyəti dövlət orqanlarında çalışanlardı. Ümumi olaraq seçki məntəqəsinə səsverməyə indiyə qədər 50 seçici gəlib.

Akif Bədirliyinin verdiyi məlumata görə, bu gün Cəlilabad şəhərində “Maarif evi” deyilən binadakı seçki məntəqəsini saat 10.30-dan 12.30-dək müşahidə edib: “Üç “karusel” dəstəsi gördüm. Bir dəstə Tibb texnikumunun tələbələri idi. Müəllimləri ilə birlikdə 15 nəfər olardılar. İki digər dəstə isə hansisa məktəbin şagirdləri idi. Hər dəstədə 10-12 nəfər olardı. Məntəqədən onlarla bir vaxtda çıxan bir nəfər mənə yaxınlaşıb deyir: “Bunlardan soruşuram, a bala, neçə yaşın var? Deyir, 17. Deyirəm, onda burada nə gəzirsiniz? Deyir, gətiriblər gəlmişik”. İki saat ərzində bu üç dəstədən başqa seçki məntəqəsinə daxil olanların sayı 21 nəfər olub.”

11 saylı Qaradağ seçki dairəsinin 14 saylı seçki məntəqəsində səsvermə gedən zaman bir şəxsin seçki qutusunu apararaq, geriyə dolu seçki qutusu ilə gəlməsinin göstərən çəkiliş həmin seçki məntəqəsindəki veb-kamera ilə Azərbaycana yayılıb.

Azər İsmayılın məlumatına görə, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində gün ərzində seçici aktivliyi olmayıb, “problemin” həlli yolunu seçki komissiyasının üzvləri seçki məntəqəsində veb-kamera olduğunu da nəzərə almayaraq, 3 nəfər seçicinin kənddəki bütün seçicilərin əvəzinə səs verməsində görüb, bu yolla həll ediblər.  Kadrda görünən sonuncu şəxsə məntəqə seçki komissiyasının sədri tövsiyə edir ki, arxası kameraya dursun ki, seçki qutusuna salınan seçki bülletenlərinin çoxsaylı olması nəzərə çarpmasın. Seçki məntəqəsindən çəkiliş həmin seçki məntəqəsindəki veb-kamera ilə Azərbaycana yayılıb.

***

Press-reliz – 5

71 saylı Masallı kənd seçki dairəsinin 12, 13, 18, 19, 20 və 36 saylı seçki məntəqələrində olan seçicilərin verdiyi məlumata görə, bu məntəqələrdə seçici aktivliyi yox dərəcəsindədir. Büdcə təşkilatı işçilərinin seçki məntəqələrinə azsayda gəlmələri müşahidə olunur. Bir neçə seçki məntəqəsində həvəskar kameralar saxtakarlıq faktlarını çəkiblər. Hazırda bu seçki məntəqələrində səsvermədə iştirak edənlərin sayının seçici siyahılarında adları olan seçicilərin 4-5 faizdən yuxarı olmadığı aydın görünür.

Yasamal rayonunun sakini Yalçın Abbaslının verdiyi məlumata görə, 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində yerləşən məntəqə seçki komissiyalarından birinin üzvləri onların mənzilinə gələrək, 4 il bundan əvvəl vəfat etmiş anasının guya məntəqə seçki komissiyasına ərizə ilə müraciət edərək mənzilində daşınan seçki qutusu ilə səs vermək istəməsi bildirilib.

15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən seçicinin verdiyi məlumata görə, 20 nəfərə qədər Azərbaycan və rus dilindən fərqli olan başqa dildə danışan bir dəstə 40 dəqiqə fasilə ilə 2 dəfə seçki məntəqəsinə gələrək, seçki bülletenləri götürüb və səsvermədə iştirak ediblər.

30 saylı Suraxanı birinci seçki dairəsinin 23 saylı seçki məntəqəsindən Fəzli Mehdiyevin verdiyi məlumata görə, seçicilərin siyahısı olan hər vərəqdə 3-4 seçicinin imzası olmasına baxmayaraq, seçki qutuları ağzınadək doludur. F.Mehdiyevin gözünün qarşısında kapitan rütbəli polis işçisinə 4 seçki bülleteni verilib və o da seçki bülletenləri alaraq seçki qutusuna salıb. F.Mehdiyev seçki siyahılarında imzaların az olduğu halda seçki qutusunun dolu olmasının səbəbi ilə maraqlandıqda, o, məntəqə seçki komissiyasının üzvü olan qadınlar tərəfindən polis çağırılacağı ilə hədələnib.

Seçicilərin göndərdiyi bu şəkildəki seçki qutusuna topa şəklində seçki bülleteni salan şəxs məntəqə seçki komissiyasının sədridir.

sechki

***

Press-reliz – 4

125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 35 saylı seçki məntəqəsindən Nazim Azadoğlunun verdiyi məlumata görə, Sumqayıt şəhər sakinlərinin səs verəcəyi seçki məntəqələrə nə girən var, nə çıxan. Ancaq qaçqın rayonların sakinləri kütləvi surətdə seçki məntəqələrinə gətirilir.

59 saylı Salyan seçki dairəsinin ərazisindən müşahidəçi və seçicilərin verdiyi məlumata görə, 7, 8, 9 və 39 saylı seçki məntəqələrində seçicilərin səsverməyə az gəldiyi müşahidə olunmasına baxmayaraq, artıq saat 11.00-da seçici siyahısında olan seçicilərin 40 faizə qədərinin səsvermədə iştiraq etdiyi haqqında DSK-ya və müvafiq olaraq MSK-ya məlumat ötürülüb. Hətta daşınan seçki qutusu da saat 11.00-da tam olaraq doldurulub.

Əlikram Xurşidovun verdiyi məlumata əsasən 46 saylı Şirvan seçki dairəsinin bütün seçki məntəqələrinin həyətində evlər idarəsinin işçiləri səsverməy getmək üçün bildirişlər paylayır və bu bildirişləri seçki məntəqəsindən çıxan seçicilərə verirlər. Buradan da bildirişlərin əsasən karusel əməliyyatında iştirak edənlərə verilir ki, digər seçki məntəqəsinə daxil olarkən həmin seçki məntəqəsinin ərazisində yaşayırmış kimi görsənsin.

Şirvan şəhərindən Saday Hacılının sosial şəbəkədə yazdığından: “Şirvan şəhərinin bir məhəlləsində mənzillərdən ev pulu yığan şəxsən tanıdığım işçi mənə  bu bildirişi verdib bu adamın yerinə səs verməyimi xahiş etdi.”

55 saylı Xaçmaz şəhər seçki dairəsinin 6 saylı seçki məntəqəsindən Heybət Əmrahın verdiyi məlumata görə, səsverməy gələn seçicilərin barmaqlarının yoxlanılması aparılmır.

***

Press-reliz – 3

66 saylı Biləsuvar seçki dairəsinin 42 saylı məntəqəsindən Ələsgər Hüseynlinin verdiyi məlumata görə, seçki məntəqəsini 1 saat izlədiyi müddətdə 30 seçici gəlib. İlk gələnlər müəllimlər, müdirlər və su idarəsinin işçiləri olub. Səsvermə kabinələrini elə yerləşdiriblər ki, nə komissiya üzvlərinin fəaliyyəti, nə də bülleteinləri qutuya atarkən qutu görünmür. Belə ki, səsverənlər öz bədənləri ilə onları örtürlər. Bir nəfər də 2 dəfə məntəqəyə daxil olub və qutuya bülleten atıb.

46 saylı Şirvan seçki dairəsinin 12 saylı seçki məntəqəsindən Əlikram Xurşidovun verdiyi məlumata görə, eyni ünvanda yaşayan seçiciyə həm 12 saylı, həm də 14 saylı seçki məntəqələrində səs verməsi üçün bildiriş təqdim olunub. E.Xurşidov sosial şəbəkədə hər iki bildirişin fotoşəkillərini paylaşıb. Belə hallar Bakıdakı seçki dairələrində də kifayət qədərdir.

47 saylı Mingəçevir seçki dairəsindən Nurəddin Rüstəmlinin facebook səhifəsində yaydığı məlumat: “Əsl biabırçılıq, seçici aktivliyi – 0faiz. Səhərdən bir neçə məntəqə üzvü ilə rastlaşmışam: biri çörək yeməyə gedir, başqası çay içməyə, digəri əlindəki şəxsiyyət vəsiqələrinin kopyalarını digər məntəqəyə aparır ki, dəyişib digərlərini gətirib yazsınlar və s. Hamısı da eyni sözü deyir: Siz olanda yaxşı idi. Sizə görə yalandan seçici aktivliyi, karusel yaradırdılar. Bizim də işimiz asan olurdu. İndi bütün bülletenləri özümüz doldururuq.Siz yoxsuz deyə paket də verməyəcəklər. Çatdıra bilmirik, cəhənnəm olsun çoxun boş atacağıq və s… Həqiqətən də səhərdən sanki ölüm sükutudur, heç elə bil şəhərdə adam yaşamır.”

89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 5 saylı seçki məntəqəsindən Namiq Haclbəylinin verdiyi məlumata görə, səs verməyə budcə təşkilatında işləyən tək-tək şəxslər gəliblər. Onlara bülleten verilir, bu bülletenləri seçki kabinələrində qatlayıb seçki qutusuna atmağı məsləhət görürlər. Bu o deməkdir ki, seçki bülletenləri qabaqcadan doldurulub. Məhz bu səbəbdən heç bir seçici seçki kabinələrində bir dəqiqədən artıq qalmır.

***

Press-reliz – 2

45 saylı Abşeron seçki dairəsinin 11 saylı seçki məntəqəsində 1 saat müşahidə aparılıb, həmin müddət ərzində seçki məntəqəsinə ikisi müşahidəçi olmaqla, cəmi 10 nəfər daxil olub.

Hökməli qəsəbəsi ərazisində avtomobillərə səsgücləndirici quraşdırılaraq, camaatı seçki məntəqələrinə səs verməyə çağırırlar.

61 saylı Neftçala seçki dairəsinin 4 və 5 saylı seçki məntəqələrindən seçicilərin verdiyi məlumata görə, bu məntəqələrdə saat 12.00-dək səsverməyə gələn seçicilərin sayı seçici siyahısında adları olan seçicilərin sayının 2 faizinə belə çatmır.

31 saylı Suraxanı ikinci seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrindən Arzulla Buludovun verdiyi məlumata görə, daşınan qutunu bu cavan oğlan bülletenlə doldurur. Seçicilər 31 və 7 saylı seçki məntəqələrində səs verəndən sonra 2 saylı seçki məntəqəsinə gedirlər.

66 saylı Biləsuvar seçki dairəsinin 42 saylı Əsgərabad kənd seçki məntəqəsindən Yusif Mehdinin verdiyi məlumata görə, saat 10.45-dən 12.15-dək 10 nəfər səs verməyə gəlib. Maraqlısı odur ki, bu adamların hamısı 41 saylı Əsgərabad kənd seçki məntəqəsinin ərazisinə aid olanlardır. “Karusel” var gücü ilə olmasa da işləyir.

15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsindən (2 saylı tibb kolleci) Yalçın Abbaslının verdiyi məlumata görə, seçki məntəqəsini 1 saatdan artıq müşahidə edib. Bu müddət ərzində cəmi 12 nəfər səsverməyə gəlib. Amma qutu artıq ağzına kimi doludur.

***

Press-reliz – 1

 Seçki qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisində qeydə alınıb.

Saat 7.30-da rayon ərazisindəki 105 saylı MKİS-in işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara “karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib.

Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirilməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.

59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində “karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində saat 12.00-da 343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saat yarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir.  Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında “karusel” iştirakçıları peyda olublar.

60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin veriyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən Hidayət İsmayılovun verdiyi məlumata görə, Cəlilabad şəhərində yerləşən seçki məntəqələrində səs vermək üçün müəllim, həkim, bağça işçiləri və yuxarı sinif şagirdlərindən ibarət xüsusi dəstələr hazırlanaraq, müəyyən zaman fasilələri ilə bu və ya digər seçki məntəqələrinə göndərilərək orada səs vermələri təmin edilir. Rayon rəhbərlərinin və inzibati orqanların gözü qarşısında həyata keçirilən bu tədbir zamanı səsvermədən sonra “karusel” iştirakçılarının seçki məntəqəsinin qarşısında gözlədilməsi faktı da diqqəti cəlb edir”.

Bastainfo.com



This post has been seen 274 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: