Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının referendumla bağlı İLKİN RƏYİ

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı hesab edir ki, 26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsi (referendum) layihəsinin təşəbbüsçüləri təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, zəruriliyi barədə xalqa heç bir izahat verilmədən, rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına layihə təqdim edilmədən, azad siyasi rəqabət şəraitinin, bərabərhüquqlu təbliğat və müşahidə imkanlarının təmin edilmədiyi, azad və ədalətli ümumxalq səsverməsinin (referendumun) keçirilməsi üçün beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının olmadığı şəraitdə keçirilib.

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin referendum keçirməsi ilə bağlı təklif və referenduma çıxarılan məsələlər haqqında ilkin rəyini açıqlayıb.

İlkin rəydə Azərbaycan müxalifətinin referenduma çıxarılan əlavə və dəyişikliklərin mürtəce xarakter daşıması barədə mövqeyi, anti-demokratik dəyişikliklərə qarşı keçirdiyi etiraz aksiyaları xüsusi qeyd olunub.

«Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər», – Venesiya Komissiyasının rəyində bildirilir.

Azərbaycan hakimiyyətinin referenduma çıxarılan məsələlərin mahiyyətini həm Azərbaycandan xalqından, həm də qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatlardan gizli saxlayaraq, xəlvəti bir tədbir kimi həyata keçirmək niyyəti aydın görünür.

Referendum elan edildikdən sonra fundamental insan hüquq və azadlıqları məhdudlaşdırılıb, siyasi məhbusların sayı daha da artıb.

Referenduma çıxarılan məsələlər barədə seçicilərin məlumatsız olması, səsvermə nəticəsində hansısa müsbət dəyişikliklərə nail olmanın mümkünlüyünə, eləcə də seçkilərin nəticələrinin saxtalaşdırılmayacağına inamın olmaması nəticəsində referendum ictimai marağa səbəb olmayıb.

26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsi (referendum) son illərdə ölkəmizdə keçirilən (prezident, parlament, bələdiyyə, referendum) seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara, bu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

ATƏT, Avropa Birliyi, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyasının və digər nüfuzlu beynəlxalq qurumların seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb.

İlham Əliyev tərəfindən Konstitusiyaya əlavələrin parlamentdə “Konstitusiya qanunu” şəklində qəbul olunması tələbinə əməl etmədən, əlavələrin dəyişikliklərin içərisində Konstitusiya Məhkəməsinin rəyi əsasında referenduma çıxarması Konstitusiyaya ziddir və bu referendumun legitimliyini əvvəlcədən şübhə altına alıb.

Dövlət başçısı 18 iyul 2016-cı ildə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın adı “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” olsa da, rəsmi dərc olunan mətndən görünür ki, əslində layihədə Konstitusiyaya 6 yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.

 

 

Bastainfo.com

One thought on “Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının referendumla bağlı İLKİN RƏYİ

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: