Alma qabıqları

Yadigar Sadıqov

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ respublikalarında müstəqillik meylləri kütləvi xarakter aldı. Azərbaycanda əsasən ərazi bütövlüyü uğrunda başlayan xalq hərəkatı da getdikcə milli-azadlıq mahiyyəti almağa başladı.

O zaman bir çoxu, istər ittifaq, istərsə də yerli səviyyədə kommunist siyasətçilər və iqtisadçılar SSRİ-nin dağılmasının, müstəqilliyin iqtisadi səmərəsizliyini əsaslandırmağa çalışır, Azərbaycanın müstəqil yaşaya bilməyəcəyini söyləyirdilər. Lakin daha obyektiv iqtisadçılar göstərirdilər ki, müstəqillik bir sıra respublikalar üçün əlverişlidir.

Belə iqtisadçılar müstəqilliyin sərfəli olduğu və olmadığı respublikaların siyahısını hazırlayırdılar. İndiki siyasi məhbus siyahısı kimi fikirlər heç də həmişə üst-üstə düşmürdü. Bir iqtisadçının siyahısında müstəqilliyin əlverişli olduğu respublika digər iqtisadçının qiymətləndirməsində əks siyahıya düşürdü. Lakin Azərbaycana münasibətdə fikir ayrılığı yox idi. Bütün qiymətləndirilmələrdə müstəqilliyin Azərbaycana sərfəli olduğu göstərilirdi.

Milli Azadlıq Hərəkatının aksiyalarında səsləndirilən fikirlər də müstəqillik arzularımızı iqtisadi cəhətdən möhkəmləndirirdi. Bu çıxışlar insanların gözləri önündə nağılvari bir quruluş yaradırdı. İqtisadiyyatın digər sahələri bir yana, təkcə neft və qaz gəlirləri Moskvaya getməyib özümüzə qalsa, cənnət kimi bir ölkə yaratmaq olacaqmış…

Lap “Məktəb illəri” mahnısında deyildiyi kimi:

Dünya hələ bizim üçün nağıldı,

Min arzu ilə alışırdıq, yanırdıq.

Bu arada müstəqilliyin yalnız ilk addım olduğuna, onu “bütün dərdlərə dərman” həddinə qədər fetişləşdirməyin yanlışlığına diqqət vermirdik.

Bu gün artıq söyləmək olar ki, nağılın sonuna gəldik. Düzdür, hələ bir qədər sərvətimiz qalıb. Neft tam tükənməyib, qazımız da var. Lakin aydındır ki, daha heç vaxt Azərbaycana son illərdə olduğu kimi əsrarəngiz sərvət axmayacaq. Bəs bu nağılın qısa icmalı nədən ibarət oldu?

Bir tərəfdən gözlədiyimizdən qat-qat gözəl oldu. Müstəqillik qazandığımız 1991-ci ildə neftin barreli 17-18 dollar idisə, 2002-ci ildən etibarən qiymət durmadan yüksəldi. 2008-ci ilin fevralında Brent markalı neftin qiyməti tarixdə ilk dəfə 100 dolları keçdi. Yayda isə tarixi maksimum qeydə alındı – 147 dollar. Həmin ilin sonunda dünya maliyyə böhranı nəticəsində neft xeyli ucuzlaşsa da, 6 ay sonra yenidən yüksəlməyə başladı. Dalbadal 3 il, 2011-2013-cü illərdə neftin orta illik qiyməti 100$-dan yuxarı oldu. 2014-cü ildə də 100 dollara yaxın idi – 98,9 dollar. Yalnız 2015-ci ilin qiymətlərində kəskin azalma müşahidə olundu – 52,4 dollar.

Onu da qeyd edək ki, Azərbaycan neftinin əsas nəql yolu olan Bakı-Tiflis-Ceyhan boru kəməri 2006-cı ilin yayında işə başladı. Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Ceyhan limanından həmin il iyunun 4-də yola düşüb. Yəni əsas neftimizin satışı qiymətlərin çox yüksək olduğu dövrə təsadüf etdi. Nəticədə ölkəyə 140 milyard ABŞ dolları həcmində vəsaitin daxil olduğu söylənilir.

Burada nağılın xoş hissəsi sona çatır. Digər hissəsi – gəlirlərin necə xərclənməsi isə bərbad şəkil aldı. Çünki biz xalqın səsindən asılı olan və onun qarşısında hesabat verəcək hakimiyyət formalaşdıra bilmədik.

Bir çox halda bu gəlirlər bizim özümüzə qarşı yönəldi. Hakimiyyət neft gəlirlərindən, ilk növbədə, öz diktaturasını və zor aparatını möhkəmləndirmək üçün istifadə etdi. Bütün növ texniki vəsaitlərlə təmin olunmuş polis, daxili qoşunlar, çevik polis alayı kimi dövlət strukturları ilə yanaşı uğursuz idmançılardan ibarət saysız-hesabsız qoçu dəstələri formalaşdırıldı.

Bunlardan müxalifətin aksiyalarını, kortəbii xalq etirazlarını dağıtmaq üçün istifadə edildi.

Ağlasığmaz gəlirlər rejimə müəyyən nüfuza malik olan çoxlu sayda insanları – şair və yazıçıları, bəstəkar və müğənniləri, idmançıları və digərlərini imtiyazlarla, maddi stimullarla şirnikləndirərək loyallıqlarını təmin etmək imkanı verdi. Daim maddi çətinliklər içində yaşayan müxalifətçilər və müstəqil jurnalistlərdən də əhəmiyyətli bir hissə belə şirniklənmə qarşısında duruş gətirə bilmədi. Beləcə, rejim əleyhdarlarının cəbhəsi, müqavimət hərəkatı zəiflədi.

Eyni alətə beynəlxalq səviyyədə də müraciət edildi. “Kürü diplomatiyası” adını almış üsulla nüfuzlu beynəlxalq strukturlar və onların nümayəndələri ələ alındı, hakimiyyətə sərfəli rəy və qərarlar verildi, insan hüquqlarının pozulmasına göz yumuldu.

Milyardlarla dollar rejimə imkan verdi ki, xalqa yalan sırıyan çoxlu sayda informasiya vasitəsi – telekanallar, qəzetlər, saytlar – təsis etsin. Nə qədər “heç kim baxmır, oxumur” desək də, bu vasitələrin əhalinin müəyyən faizinə təsirini inkar etmək sadəlövhlük olardı.

Neftdən gələn gəlirlər uzun müddət hakimiyyətə iqtisadiyyatın digər sahələrindəki boşluqları, problemləri ört-basdır etməyə imkan verdi. Nəticədə, “qeyri-neft sektorunun inkişafı”, “iqtisadiyyatın şaxələnməsi” kimi pafoslu ibarələrə, eləcə də 2 dəfə qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafı haqqında” dövlət proqramlarına baxmayaraq bütün qeyri-neft sahələri tənəzzül etdi.

Rəsmi statistikaya görə, 2015-ci ildə regionlardan dövlət büdcəsinə daxilolmalar bütün gəlirlərin 4,5%-ni təşkil edib. Əyalətdə iqtisadi tənəzzülün hansı səviyyədə olduğunu göstərmək üçün başqa şərhə ehtiyac yoxdur.

Neft narkomaniyası hakimiyyətin xalqdan, onun iqtisadi fəaliyyətindən və vergilərindən asılılığını heçə endirdi. Buna görə də iqtisadiyyatın bütün sahələri inhisara alındı. Yüzminlərlə əmək qabiliyyətli insanın qazanc dalınca ölkəni tərk etməsi iqtidarı nəinki narahat etmədi, əksinə narazı elektoratın köçü kimi işinə yaradı.

Pulların nələrə, necə, hansı bədxərcliklə xərcləndiyini xüsusi təsvir etməyə ehtiyac yoxdur, zənnimcə. Buraya yollara dəfələrlə asfalt çəkilməsindən tutmuş xarici ölkələrin ərazilərinin abadlaşdırılmasına, tikililərinin təmir edilməsinə kimi geniş spektr daxildir. Əvvəlcə təmir olunan və sonra uçurulan binalar, təmtəraqla lenti kəsilib sonra işləməyən müəssisələr, yeni qoyulan işıq dirəklərinin bir il sonra dəyişdirilməsi, hərəsinin öz metlax sexi olan icra başçılarının yeni təyin olunduqları rayonların küçə və parklarını öz məhsulları ilə “bəzəməsi”, sonrakı icra hakiminin eyni şeyi təkrar etməsi, tendersiz sifarişlər və satınalmalar, daha nələr, nələr. Ən əsası da bütün bu işlərin qiymətinin dəfələlə şişirdilməsi!

Nəticədə bu gün olduğumuz yerdəyik. İki devalvasiyadan sonra əhalinin gəlirləri fəlakətli dərəcədə azalıb. Bir vaxtlar “ac ölkə” kimi baxdığımız Gürcüstan və Ermənistan az qala bütün göstəricilər üzrə bizi qabaqlayır.

Bizdə 65 dollara bərabər olan minimum əmək haqqı Gürcüstanda 70, Ermənistanda isə 115 dollardır. Orta aylıq əmək haqqında fərq daha böyükdür. Azərbaycan – 307$, Gürcüstan – 355$, Ermənistan – 410$.

Müəllimlərin orta aylıq əmək haqqına görə Ermənistanla bərabəriksə (220$), Gürcüstandan 60$ geri qalırıq. Həkimlərimizin vəziyyəti daha acınacaqlıdır – 170$. Ermənistanda bu rəqəm 260, Gürcüstanda isə 320 dollara bərabərdir.

Əgər nəzərə alsaq ki, bizim milli valyutaya təzyiq gürcü larisinə və erməni dramına olandan daha çoxdur, o zaman nisbətin get-gedə daha da pisləşəcəyini proqnozlaşdırmaq olar. Vəziyyəti müsbətə doğru dəyişdirəcək köklü islahatlar isə üfüqdə belə görünmür.

Beləcə, nağılın sonuna gəldik. Azərbaycanlıların müstəqillik uğrunda hərəkat dövründəki arzuları smetası şişirdilən, dəfələrlə çəkilib-qazılıb-çəkilən yolların asfaltı altında dəfn edildi. Qurduğumuz gülüstan xəyalı penoplast üzlüyü yanan binanın qara tüstüsü kimi havaya sovruldu.

Azərbaycan nağıllarının sonunda həmişə göydən üç alma düşür, hər dəfə də ədalətsiz bölüşdürülür. Bizim neft nağılının da sonunda düşən almaların yalnız qabıqları xalqa çatdı.

 

Meydan Tv



This post has been seen 223 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: