Prokurorluq Elgiz Qəhrəmana işgəncə verilməsi ilə bağlı araşdırmaya başladı

Nidaçı gəncin həbsinin gerçək səbəbi bəlli oldu

Respublika Prokurorluğu Nidaçı gənc Elgiz Qəhrəmana həbs edildikdən sonra işgəncə verilməsi ilə bağlı araşdırmaya başlayıb.

Bu haqda “Basta”ya bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşən vəkil Nemət Kərimli məlumat verib.

“Elgiz Qəhrəman ona işgəncə verilməsi ilə bağlı Respublika Prokurorluğuna şikayət vermişdi. Bu gün prokurorluğun müstəntiqi Elgiz Qəhrəmanla görüşüb və ondan şikayət üzrə izahat alıb”, – Nemət Kərimli deyib.

Elgiz Qəhrəmanın həbsinin gerçək səbəbi də məlum olub.

“Elgiz Qəhrəman hesab edir ki, onun həbsi sosial şəbəkədə yazdığı bir şərhlə bağlıdır. Referendum ərəfəsində YAP-ın icra katibi Əli Əhmədov konstitusiya dəyişiklərinin zərurətindən danışarkən gənc yaşında dövlətə başçılıq edən Şah İsmayılı misal gətirmişdi. Həmin xəbərin altında Elgiz “özü oxşamasın, həyatı oxşasın” məzmunlu şərh yazıb. Elgiz Qəhrəman bunu ifadəsində yazıb”, – Nemət Kərimli bildirib.

Elgiz Qəhraman avqustun 12-də saxlanmışdı. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilirdi.

Avqustun 15-də bəlli olmuşdu ki, Nərimanov rayon Məhkəməsi iki gün öncə (avqustun 13-də) NİDA-çı gənc barəsində 4 aylıq həbs qərarı verib.

Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.

Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: