Ərdoğanla Kılıçdaroğlu yenidən toqquşdu

Türkiyədə 15 iyun tarixində baş verən qiyam cəhdindən sonra Ərdoğan hakimiyyəti ilə aparıcı müxalifət arasında olan anlaşma pozulub.

Türkiyə mətbuatının yazdığına görə, bu anlaşmanı ölkədə elan olunan fövqəladə vəziyyəti daha 3 ay uzatmaq istəyən prezident Rəcəb Tayyib Ərdoğan pozub.

ƏRDOĞANDAN ATATÜRKƏ İTTİHAM

Ana müxalifət partiyası olan CHP fövqəladə vəziyyətin uzadılmasına qarşı olduğunu rəsmən ifadə etdikdən sonra Ərdoğan Türkiyə Cümhuriyyətinin banisi olan Mustafa Kamal Atatürkü təslimçilikdə günahlandırıb. Ərdoğan 1923-cü ildə Atatürkün onunla müharibə aparan dövlətlərlə imzaladığı  Lozanna müqaviləsini “təslimçi saziş” adlandırıb.

Lozanna müqaviləsi 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanıb. Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. Birinci dünya müharibəsini məğlub bitirənlər arasında olan Osmanlı Türkiyəsi faktiki olaraq suverenliyini itirmişdi. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış Sevr müqaviləsinə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması “Lozanna” konfransının çağırılmasına səbəb olub. 8 ay davam edən mübahisələrdən sonra nəhayət 1923-cü il iyulun 24-də tarixi “Lozanna” müqaviləsi bağlanıb. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirilib.

CHP başqanı Kamal Kılıçdaroğlu Ərdoğanın açıqlamasına sərt reaksiya verib. Kılıcdaroğlu Ərdoğana xitabən “Lozanna müqaviləsi və Cumhurriyyət olmasa, sən bu qoltuqda oturmazdın” deyib.

Sentyabrın 30-da Türkiyənin ana müxalifət lideri hökuməti 15 iyul dövlət çevrilişinə cəhddən yararlanaraq, müxalif düşüncəli insanları aradan götürməkdə suçlayıb. O bu cəhdlərin qarşısını almaqdan ötrü iyulda elan edilmiş fövqəladə vəziyyətin daha 3 ay uzadılması əleyhinə iş aparacağına da söz verib.

Çevriliş cəhdindən sonra hakimiyyətin apardığı amansız tədbirlər nəticəsində hökumət illərdir ABŞ-a sığınan müsəlman din xadimi Fethullah Gülen-lə bağlılıqda ittiham etdiyi on minlərlə insanı ya həbsə atıb,ya da işdən çıxarıb.

«DEMOKRATİYA ƏLEYHİNƏ ÇEVRİLİŞƏ CƏHD»

Kılıçdaroğlu həmçinin indiki hökuməti bu ilin iyulundakı dövlət çevrilişi cəhdindən sonra başqa bir çevrilişdə – «demokratiya əleyhinə çevriliş»də suçlayıb, – AzadlıqRadiosu məlumat verir.

«Biz indi elə bir vəziyyətdəyik ki, hökumət öz iqtidarını genişləndirmək və müxalifəti susdurmaq üçün bu çevriliş cəhdindən yararlanır», – Kılıçdaroğlu deyib.

Hökumətin verdiyi məlumatlara görə, çevrilişə cəhd ittihamı ilə 32 minədək insan həbs olunub.

Onların arasında generallarla yanaşı, şirniyyat maqnatlarından tutmuş, keçmiş futbolçularadək,cəmiyyətin müxtəlif kəsimlərindən insanlarvar.

Jurnalist Ahmet Altan və qardaşı akademik Mehmet Altan daxil, bir neçə tanınmış jurnalist və yazıçı da həbsxanadadır.

«İSTƏDİYİ QƏZETİ BAĞLAYIR, İSTƏDİYİ İŞADAMINI MÜFLİSLƏŞDİRİR»

«Niyə jurnalistlərə qandal taxırsınız? Niyə ziyalıları həbs edirsiniz?», – deyə Kılıçdaroğlu soruşur.

Kılıçdaroğlu öz partiyasının fövqəladə vəziyyətin uzadılmasına səs verməyəcəyini deyir. 550 yerlik parlamentdə yerlərin çoxunu Ədalət və İnkişaf Partiyası (AKP) qazanıb. CHP-nin 134 səsi var. Ancaq güman edilir ki, parlamentdəki ikinci səs çoxluğuna malik Milliyyətçi Hərəkat Partiyasının(MHP-nin) dəstəyi ilə prezidentin təklifi keçəcək.

CHP lideri İstanbulda jurnalistlərə bildirib: «Bu gün iqtidar partiyası olağanüstü (fövqəladə) rejim şəraitində, istədiyi qəzeti bağlayır, istədiyi iş adamını müflisləşdirir və ya aktivlərini əlindən alır».

Ana müxalifət lideri bunu demokratiyaya ciddi təhlükə sayır: «Bizim ilk vəzifəmiz fövqəladə vəziyyətin mümkün qədər qısa sürməsinə çalışmaqdır».

ARTIQ HƏMFİKİR DEYİLLƏR

15 iyuldan sonra aparıcı müxalifət partiyaları olan CHP və MHP iqtidar partiyasına dəstək veriblər. O zaman bu müxalifət partiyaları Erdoğan-a dəstək aksiyasına da qatılmışdılar.

Di gəl, CHP liderinin son bəyanatı dövlət çevrilişinə cəhddən sonra ilk dəfə həmfikirliliyin pozulduğunun göstəricisidir.

Kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) isə heç vaxt belə görüşlərə çağrılmayıb.

Kılıçdaroğlu çevrilişə cəhdin 100-dən çox jurnalist də daxil, günahsız qurbanlarının tərəfində olacağına söz verib.

Bastainfo.com



This post has been seen 84 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: