Xaçmazda sərhəddə yerləşən iki kəndin boşadılmasının pərdəarxası

Bir neçə gün əvvəl MeydanTv-nin Xaçmazın iki kəndi haqqında reportajı oxuculara təqdim olunmuşdu.

Əvvəllər Xraxoba adlandırılan kənd hazırda Palıdlı adlanır və 26 evdən ibarətdir. Yaşayış massivinin boş, olduğu, insanların gözə dəymədiyi qeyd olunur reportajda. Müəllif kəndin küçələrində söhbətləşməyə adam axtararkən elektron maşında yaşlı bir kişinin hövlnak yaxınlaşaraq özünü kəndin sahibi kimi təqdim etdiyini qeyd edir. Məlum olur ki, bu şəxs, Mahir Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin əmisidir. Kameraya danışmaq istəməyən kənd sakininin sözlərinə görə, bura Naxçıvandan 18 ailə gətirilib. Onlara vəd olunan aylıq 150 manat müavinət ödənilmədiyindən 6 ailə kəndi tərk edib. Vur-tut 12 ailə yaşayır kənddə.

Digər kənd – Uryanoba da eyni aqibəti yaşayır. Bu kəndlər təmamən boşalıb. İnsanlar köçüb çıxıb gediblər, yaxud köçürülüblər. 

Eyni zaman kəsiyin eyni taleni yaşamış iki kəndin qəflətən belə bir kontrast yaşaması diqqəti çəkməyə bilməzdi. Əslində bastainfo.com meydançıların hazırladığı müəmma dolu süjeti tərar paylaşaraq da mövzunu diqqətdə saxlamış olurdu, amma qarşımıza çıxan həmkarlarımız mövqeyi diqqət çəkməyə bilməzdi.

Mövzu ilə bağlı diqqət çəkən açıqlama ilə öz facebook səhifəsində müstəqil jurnalist Samirə Əhmədbəyli çıxış edib. 

samira“Hələ SSRİ dövründə, 60-cı illərdə, Xraxoba və Uryanoba kəndləri Dağıstan administrasiyasına kənd təsərrüfatı məqsədilə 20 illik verilibmiş. 80-lərdə bu müddəti daha 20 il artırıblar. Bu 20 il də 2004-cü ildə bitmişdi. Amma Rusiya və Azərbaycan uzun müddət razılığa gələ bilmədiyi üçün 2010-cu ilə qədər Rusiya vətəndaşı olan bu insanlar həmin kəndlərdə qeyri-müəyyən statusda yaşadılar. Sonra iki dövlət arasında sərhədlər haqda müqavilə bağlandı və kəndlər Azərbaycan ərazisi olaraq tanındı. Sakinlərə də ya vətəndaşları olduqları Rusiyaya köçmək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib öz evlərində qalmaq təklif olundu. Uryanoba sakinlərinin çoxu vətəndaşlığı qəbul edib ölkədə qaldı. Xraxobalılar isə Rusiya vətəndaşlığında qalmağı üstün tutdular” – yazır S. Əhmədbəyli.

Jurnalist hesab edir ki, məsələnin təkcə geopolitik deyil, həm də hansısa gizli maraqlara söykənən tərəfi var:

“Xraxoba boşaldılanda insanlara evlərinin müqabilində pul ödənilib. Başqa sözlə, bu evlər satın alınıb. Amma hazırda kənd demək olar ki bomboş olduğuna görə, evləri kimin aldığı sual doğurur. Digər tərəfdən, bomboş kənd abadlaşdırılıb, yeni kommunikasiya xətləri çəkilib, yeni evlər və məktəb inşa olunub. Daha sonra bu kəndə əsasən Naxçıvandan olan 30-a yaxın ailə köçürülüb, həmin ailələr işsizlik üzündən bir müddət sonra çıxıb gediblər, ancaq 6-7 ailə qalıb. Yeni məktəbdə isə digər kəndlərdən avtobuslarla gətirilən uşaqlar təhsil alır. Amma niyə sakinlərinin əksəriyyəti burada qalan Uryanoba kəndinin yolu bərbad, qazı, suyu, məktəbi isə yoxdu?
Paradoksların altında nə gizlənir, bəlli deyil. Amma Xraxobadakı evlərin kim tərəfindən alındığına dair sualın cavabını meydan.tv-nin hazırladığı reportajda ətraf kəndlərin sakinləri verir. Onlara inansaq, kəndi bütövlükdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin əmisi alıb. Süjetdə gördüyünüz şəxs də bunu təsdiqləyir,
əslində. Amma təəssüf ki, süjetdə bu damdandüşər kimi təqdim olunan təsdiqdən başqa heç nə yoxdu. Qalan bütün məsələlər “özünüz tapın” durumundadır.
Samirə xanım bu kəndlər ətrafında açıq qalan sualların çox olduğunu və araşdırmaçı jurnalistlərin diqqətini çəkməli olduğunu  düşündüyünü də qeyd edir.

heybet001Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah muxbirimizin sualına cavab olaraq bildirdi ki, sözügedən kəndlər ətrafında baş verən hadisələr bir-neçə il əvvəl baş verib, və bu kəndlər haqda məlumatların yayılması qeyri-rəsmi yasaq edilib:

“Biz bu kəndlərə gedərkən özümüzü həmin kəndlərdə ev, torpaq alıcısı kimi təqdim edirdik ki, qıcıq yaratmadan lazımi informasiya toplamaq mümkün olsun. Palıdlıda söhbətləşməyə adam tapmadığımızdan qonşu kəndə getdik. Orada bir ağsaqqal bildirdi ki, Xraxoba kəndində ev-torpaq satılmır. Yalnız bir-neçə ailə var ki, onlar da məktəbdə işləyir. Məktəbə isə şagirdlər qonşu kəndlərdən avtobusla gətirilir. Ağsaqqalın dediyinə görə, Rusiya ilə sərhəddə hərbi baza tikilməli imiş, Xraxoba kəndi də guya hərbçilərin yaşayacağı şəhərcik kimi abadlaşdırılıb. Sonradan Rusiya tərəfinin etiraz etməsi səbəbindən hərbi baza tikilməmiş, kənd də boş qalmışdır. Kəndə Sərhəd qoşunları komandanı Elçin Quliyevin əmisi Mahir Quliyev nəzarət edir. Ora gətirilən ailələr isə iş, dolanışıq olmaması səbəbindən dağılışıb gediblər. Kəndin ləzgi millətindən olan sakinləri isə Rusiyaya köçüb, bir-neçəsi Xaçmaz şəhərində məskunlaşıb.”

Heybət bəy qeyd edir ki, çətinliklə də olsa, kəndin əvvəlki sakinləri ilə əlaqə saxlamaq mümkün olmuşdu. Onlar evlərini satmağa məcbur edildiklərini bildiriblər: “Deyirdilər ki, Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə razılaşanlara belə kənddə qalmağa icazə vermədilər. Bu səbəbdən onlar Rusiyaya getməyə məcbur oldular”.

Müəmmalı məqamlar bununla bitmir. H. Əmrahın araşdırmaları nəticəsində məlum olur ki, Uryanoba kəndində yaşayanların da heç də hamısı Azərbaycan vətəndaşlığını qəbul etməyib. Bu kənddə isə, Palıdlıdan fərqli olaraq, hakimiyyət heç bir sosial infrastruktur formalaşdırmaq cəhdi etməyib. Kənd sakinlərinin çoxu Xaçmaz şəhərinə köçüb. Kənddə yeni tikintilərə də icazə verilmir. Sakinlər deyirlər ki, hətta həyətdə ayaqyolu tikməyə belə icazə vermirlər.

“Belə görünür ki, bu kəndin də boşaldılmasına hazırlıq gedir”, – Heybət bəy deyir.

Kəndlər ətrafında müəmma bunlarla bitmir. Hələ xeyli araşdırılası məqamlar, sorulası sorular var. Rusiya ilə sərhəddə yerləşən bu kəndlərin boşaldılması kimə və nə üçün lazımdır? Bu sualın cavabı, əfsus ki, hələ də açıq qalır.

P. S. Bastainfo olaraq məqalədə adı keçən hər kəsin mövzuya dailmövqeyini dərc etməyə hazırıq.

 Azər İsmayıl, bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: