Müsavat bahalaşmaya rəvac verilməsini pislədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, Divanda İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

28 sentyabr 2016-cı il tarixdə Müsavat Partiyasının mərkəzi qərargahında Müsavat Partiyası və Milli Strateji Düşüncə Mərkəzinin birgə keçirdiyi referendumun nəticələrinə dair Dəyirmi Masa haqqında məlumat dinlənilib. Dəyirmi Masada müzakirə olunan məsələlər, cümhuriyyət dəyərləri baxımından referendumun doğuracağı ziyanlı siyasi təsirlər və bu yöndə səslənən dəyərləndirilmələr cəmiyyətin məlumatlandırılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu Avropa ölkələrində siyasi qurumlarla, beynəlxalq təşkilatlarla keçirdiyi çoxsaylı görüşlər barədə məlumat verib. Qeyd edib ki, görüşlərdə prioritet mövzu Azərbaycandakı insan haqlarının ağır durumu olub.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah “heykəl məhbusu” kimi tanınan, narkotik ittihamı ilə şərlənərək həbs edilən Qiyas İbrahimin məhkəməsində iştirak etməsi haqqında məlumat verib.

Divan ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri geniş müzakirə edib. 18 oktyabr “Müstəqilliyin bərpası haqda Konstitusiya Aktı”nın qəbul edilməsinin 25 illiyi ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.

Divan referendum ərəfəsində qiymət artımına nəzarət edən hakimiyyətin referendumdan sonra proqnozlaşdırıldığı kimi yenidən ərzaq məhsullarının kəskin bahalaşmasına rəvac verməsini əhalinin sosial vəziyyətinin dözülməz həddə çatması kimi qiymətləndirib və hakimiyyətdən vüsət alan iqtisadi xaosu dayandırmaq məqsədilə dərhal islahatlara başlamağı tələb edib.

Bastainfo.com



This post has been seen 22 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: