Fərəc Kərimli: “Xeyli dincəlmişəm və ciddi planlarım var”

Bu gün səhər azadlığa buraxılan vicdan məhbusu, Müsavat başqanının müavini Fərəc Kərimli artıq evindədir. Doğma ocağında onu ailə üzvləri ilə yanaşı, Müsavat rəhbərliyi – partiyanın başqanı Arif Hacılı, MSDM sədri İsa Qəmbər, başqanın müavinləri Gülağa Aslanlı, Elman Fəttah, Tofiq Yaqublu, Səxavət Soltanlı, vəkil Nemət Kərimli, MGT üzvləri və digər dostları qarşıladılar.

Fərəc Kərimli “Basta” əməkdaşı ilə söhbətində bildirdi ki, amnistiya aktı qəbul ediləndən sonra da onun 4 aya yaxın həbsdə saxlanması referendumla bağlı olub.

“Mənim cəza müddətim Ali Məhkəmənin qərarı ilə azaldılandan sonra amnistiyanın mənə də tətbiq ediləcəyi dəqiqləşdi. Həmin vaxt məni 14 saylı cəzaçəkmə müəssisəsinə etap etdilər və bildirdilər ki, 10-15 günə azad olunacaqsan. Amma bu ərəfədə referendum təyin olunduğu üçün plan dəyişdi. Yəgin ki, mənim referendum vaxtı azadlıqda olmağımı istəmədikləri üçün amnistiyanın mənim barəmdə icrasını yubatdılar”, – Fərəc Kərimli dedi.

Fərəc Kərimli bildirdi ki, azad olunacağı haqda xəbəri onun özünə bu gün səhər deyiblər.

“Səhər idmanında idim. İdmanı bitirdikdən sonra dedilər ki, hazırlaş, 10 dəqiqədən azadlığa çıxırsan”.

Planların nədir, sualına cavab verən Fərəc Kərimli bunları dedi:

“Doğma Müsavatda fəaliyyətimi davam etdirəcəm. Xeyli dincəllmişəm vi ciddi planlarım var. Bu planları həyata keçirəcəm.”

Ramin Deko, Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: