Rusiya ABŞ-la plutonium razılaşmasına son qoyur

Rusiya prezidenti Vladimir Putin ABŞ-la silaharda istifadə olunan plutoniuma dair müqavilənin dayandırılması ilə bağlı göstəriş verib.

Fərmanda ABŞ, Rusiyaya qarşı “qeyri-səmimi münasibəti nəticəsində strateji stabilliyə hədə” yaratmaqda ittiham olunur. Buna görə də Rusiya “təcili təhlükəsizlik tədbirləri” görməyə məcbur olub.

2000-ci ildə əldə edilmiş razılaşmaya əsasən hər iki tərəf 34 ton plutoniumu reaktorlarda yandırmaqla sıradan çıxarmalı idi.

Bu, nüvə qüvvələrinin azaldılması planının tərkib hissəsidir.

ABŞ dövlət departamenti bildirib ki, ümumilikdə 68 ton plutonium “təxminən 17,000 nüvə silahı üçün yetərli qədər materialdır”.

Hər iki tərəf razılaşmanı 2010-cu ildə yeniləmişdilər.

Lakin aprel ayında cənab Putin bildirmişdi ki, ABŞ plutoniumun məhvinə dair öhdəliyini həyata keçirmir. O iddia etmişdi ki, əksinə, ABŞ plutoniumun silahlarda istifadəsinə dair fəaliyyətini davam etdirir.

“Biz öhdəliyimizi həyata keçirərək müəssisəni [plutoniumun məhvi üçün] tikmişik. Lakin amerikalı müttəfiqlərimiz bunu etməyiblər,” cənab Putin deyib.

ABŞ iddiaları rədd edərək bildirib ki, onun plutoniumu məhv etmə metodu razılaşmanın şərtlərini pozmur.(BBC)

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: