STP-dən mövqe: Referendum legitim deyil

Sivil Toplum Platformasının 26 Sentyabr 2016-cı il tarixdə keçirilən Referendum, habelə Referendum Aktı barədə

MÖVQE SƏNƏDİ

Azərbaycan hüquq sistemində analoqu olmayan daha bir proses geridə qaldı. 26 sentyabr 2016-cı il tarixdə başlanğıcından geniş hüquq pozuntuları ilə sürdürülən bir proses yekunlaşdı. Azərbaycan Konstitusiyasına 3-cü dəfə, hətta Konstitusiyanın özünün yol vermədiyi müdaxilələr oldu. Referendumla Konstitusiyaya 29 maddəyə əlavə, dəyişiklik və ya yeni maddə əlavə edildi.

Konstitusiya vətəndaşla dövlət hakimiyyəti qurumlarının münasibətini tənzimləyən, fərdlərin hüquqlarının sərhədlərini və qurumların səlahiyyət çərçivəsini müəyyən edən əsas ictimai müqavilədir. Bu sənəd cəmiyyətdə mövcud olan münasibətlərin təməli olduğuna, bütün qanunların əsası, anası olduğuna görə ANAYASA da adlanır.

Odur ki, bu sənədi gündəlik siyasi məqsədlərlə tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik etmək yolverilməzdir. Xüsusilə də, bu sənədə hər hansı dəyişiklik, əlavələr etmək ehtiyacı yaranarsa, bu, ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət tərəfindən ciddi müzakirə edilməli, demokratiyanın gərəyi olan siyasi plüralizm mühitində cəmiyyətə təqdim edilməli idi.

Referendum prosesi bir çox aspektdən ciddi qüsurlar və hüquq pozuntuları ilə müşayiət olundu. İctimai-siyasi mühitdə heç bir müzakirə aparılmadan, hətta ən xırda siyasi mesajlar verilmədən 18 iyul 2016-cı il tarixdə “göydəndüşmə” təkliflər ortaya çıxdı. Cəmiyyət yalnız rəy üçün Konstitusiya Məhkəməsinə göndərildiyində bu Aktın varlığından xəbər tutdu.
Azərbaycan Respublikası Konstitusiyasının 29 fərqli maddəsinə dəyişiklik və əlavələr təklif edən Referendum Aktının Konstitusiyaya zidd olan çoxsaylı təkliflərinə Konstitusiya Məhkəməsi qısa müddət ərzində heç bir hüquqi araşdırma və analiz aparmadan bütün dəyişikliklərə “gözüyumulu” müsbət rəy verdi. Halbuki təklif edilən 29 maddənin 14-ü birbaşa Konstitusiyanın 3-cü fəslinə aid idi və həmin fəslə aid dəyişikliklər adi dəyişikliklər deyildi.

Bu fəslin ən təməl özəlliyi onu kənar müdaxilələrdən qoruyan immunitetin Konstitusiyanın özündə nəzərdə tutulmasıdır. Konstitusiyanın 155-ci maddəsi referenduma çıxarılacaq dəyişikliklərə dair təklif təşəbbüsünün məhdudlaşdırılmasını nəzərdə tutur: “Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz” – deyərək bu immuniteti yaradır.

Təklif edilən referendum aktı bir çox aspektlərdən Konstitusiyanın özünə və Azərbaycanın qoşulduğu, rəsmi şəkildə ratifikasiya edib, qanunvericiliyinin mənbəyi halına gətirdiyi Konvensiyalarla ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi açıq şəkildə Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan artıq məhdudlaşdırmaya məruz qoyulan mülkiyyət, vətəndaşlıq, birləşmək və müraciət etmək hüququnu, informasiya və iqtisadi fəaliyyət azadlığını, habelə digər məqamları “görməyərək” qərar verdi, Anayasanı qoruma durumunda olmadığını, funksionallığının formal olduğunu bu yanaşması ilə sübut etmiş oldu.

Konstitusiyada müəyyən edilən siyasi rejimə müdaxilə, hakimiyyət bölgüsü prinsipini zədələyən yeni münasibətlərin formalaşması, Milli Məclisin statusunun və deputatların statusunun aşağı salınması və icraya “tabe” vəziyyətinə gətirilməsi, demokratiyanın “olmazsa-olmaz” prinsiplərindən olan demokratik senzlərin qaldırılması, dövlət qurumlarının və qulluqçularının hüquqi immunitetinin artırılaraq, vətəndaşların hüquqi vəziyyətinin ağırlaşdırılması baş verdi. Bu hal Referendumda vətəndaş-dövlət münasibətlərində vətəndaşın statusunu ciddi şəkildə ağırlaşdıran məqamlardandır. Konstitusiya Məhkəməsinin rəyinin açıqlanmasından 24 saat keçməmiş Referendumun keçirilməsinə qərarın verilməsi və heç bir ictimai-elmi-hüququ müzakirə imkanı verilmədən, hətta üslub və orfoqrafik səhvlərin düzəldilməsinə belə imkan tanınmadan Konstitusiya dəyişikliklərinin apar-topar səsverməyə çıxarılması demokratik prinsiplərə və ənənəyə sığmır.

Referendumda səsverməyə təqdim edilən paketdə çoxsaylı problemli məqamların olmasına baxmayaraq, Referendum Aktının əleyhinə təşviqat aparmaq istəyən siyasi tərəflərə meydan verilməməsi prosesin anti-demokratikliyinin bariz nümunəsidir. Belə ki, Müsavat Partiyası və REAL Hərəkatı ilkin təşviqat qrupunu yaradaraq imzatoplama prosesinə qatılmış, buna baxmayaraq, imzatoplama prosesinə çoxsaylı inzibati və siyasi müdaxilələr olmuş, siyasi aktivlər müxtəlif bəhanələrlə saxlanmış və həbs edilmiş, polis idarələrinə aparılaraq təzyiqlər olmuş, nəticədə REAL da prosesdən kənarlaşmaq məcburiyyətində qalmışdır. Müsavat Partiyasının bütün maneələrə baxmayaraq, toplayıb MSK-ya təqdim etdiyi imzalar MSK tərəfindən “saxta” elan edilərək qeydiyyata alınmamışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının da daxil olduğu Milli Şura isə ilk gündən referendumu boykot edərək kütləvi aksiyalara qərar vermişdir. Rəsmi razılıq verilmiş mitinqlərdə iştirak edən yüzlərlə vətəndaş polis təzyiqi ilə üz-üzə qalmışdır. Bu gün də o aksiyalarda iştirak edən insanlar polisə çağrılır, cərimələnir, inzibati həbslərə məruz qalır. Beləliklə, alternativ düşüncənin və alternativ siyasi tərəflərin prosesdə iştirakına bütünlüklə yol qapanmışdır.

Cəmi 3 həftəlik təşviqat dönəmində də ciddi maneələr yaradılmış, televiziyada siyasi proqramların 1 saatının qiyməti 100-150 min manat arasında müəyyən edilərək, faktiki istifadəsinə cəhd yolu bağlanmışdır. Təşviqat və ümumiyyətlə, bütün referendum dönəmində ölkədə fəaliyyət göstərən nə ümumölkə, nə də regional yayımçılar referenduma çıxarılan məsələlərin mahiyyətinə dair bir dəqiqə olsun veriliş, debat, disput və s. müzakirə proqramı verməmiş, bu məsələnin üzərindən sükutla keçmişdir. İctimai Yayımın qanunla verməli olduğu ödənişsiz efir vaxtı istifadə edilməmiş, beləliklə, səsvermədə iştirak edən seçicilər tamamilə məlumatsız şəkildə seçkiyə getmişdir.

26 sentyabr 2016-cı ildə səsvermə günü, daha öncəki səsvermə günlərində olduğu kimi, ciddi qanun pozuntuları ilə müşayiət olunmuşdur. Xüsusilə, pozuntular təşkilatlanmış şəkildə seçki komissiya üzvləri tərəfindən aparılmış, çoxsaylı videomüşahidə kameralarında bu davranışlar “əbədiləşmişdir”. Hər zaman olduğu kimi, yenə “karusel” üsulundan istifadə olunmuş, ayrıca başqasının yerinə imza qoymaqla kütləvi bülletenatma baş vermişdir. Müstəqil beynəlxalq və yerli müşahidəçilərin olmaması bu prosesi daha “rahat” aparmağa şərait yaratmışdır. Media vasitəsilə yayılan çoxsaylı açıq hüquq pozuntuları, təəssüf ki, nə yuxarı Komissiyalar, nə də prokurorluq tərəfindən araşdırılmışdır. Bu da özlüyündə prosesin mərkəzləşmiş iradə tərəfindən həyata keçirildiyini iddia etməyə əsas verir.

Sivil Toplum Platforması bütün bunlara əsaslanaraq, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsini azad və ədalətli hesab etmir, nəticələrin xalqın iradəsinin ifadəsi olmadığını bəyan edir.

STP həmçinin qəbul edilən Referendum Aktının demokratik hüquq prinsiplərinə zidd olduğuna görə yerli və beynəlxalq ictimaiyyət tərəfindən legitimliyinin şübhə altına alınmasını təəssüf hissilə bölüşür.

 

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: