Və icazə verin, soruşum, nəyə sevinirsiniz?

Nail Zeynalov

Jurnalist Rasim Əliyevin ölümünü təşkil etməkdə şübhəli bilinən futbolçu Cavid Hüseynov dünən azadlığa buraxılıb. Fakt budur ki, Cavid Rasimin ölümündə təqsirli bilinmədi. Döyülmə anının videogörüntüsündə də futbolçular var, amma Cavid yoxdu, qohumlarıdı. Sadəcə, Cavidin azadlığa buraxılmasını coşquyla, sevinclə qarşılamaq ayıb oldu, jurnalist dostlar, biləsiniz…

Futboldakı işlərimlə əlaqəli, Cavidlə şəxsən tanışam, Rasimin isə ancaq adını eşitmişdim. Məsələlərə tanışlıq, münasibət mövqeyindən baxmağı tərgitməliyik…

Cavid təqsirsiz, hətta günahsız da ola bilər, amma ortada həyatını itirən bir gənc, vicdanlı jurnalistin ölümü, bu işin mənəvi yükü var… Və icazə verin, soruşum, nəyə sevinirsiniz? Bircə deməyin ki, yenə nadir sevinc anlarınızdan birinə mane oluram…

Yığmanın Norveç qələbəsindən sonra onların ölkəsindəki həyat standartlarını, ifadə azadlığını, kriminalın yox dərəcəsinə endirildiyini, neft pullarının xalqa məxsus olmasını nümunə göstərəndə, trolları boş verin, ağlı başında bildiyimiz adamlar dedilər ki, sevincimizi ürəyimizdə qoyursan… Məni futbolla siyasəti, sosial vəziyyəti, hüquqsuzluğu qarışdırmaqda, qərəzli müqayisədə qınadılar…
Futbolla ölkədəki vəziyyətin əlaqəsi odu ki, jurnalisti bir futbolçuyla söhbətə görə öldürdülər… O futbolçu özü, yaxud, başqa futbolçular öldürdülər, fərqi yoxdu… Bu iki ayrı dediyiniz temanı – futbolla ölkədəki vəziyyəti bir tabloda görə bildiniz?

Bəlkə də adi vaxt seviniləsi məsələdi, bəlkə də həqiqətən təqsirsiz bir insan azadlığa qovuşub, amma Rasimin ölümünü, Cavidin o ölümdə ən azı mənəvi məsuliyyətini xatırlayıb bunu göstərişli eləməyə bilərdiniz…

Norveçli futbolçunun qohumları jurnalisti döyüb öldürməzdi… Norveç ona görə qalibdi. Norveçli azarkeşlər komandaları Azərbaycana uduzsa da, ona görə qalibdilər. Azərbaycanda futbolçuyla söhbətə görə o futbolçunun başqa futbolçu qohumları jurnalisti döyüb öldürürlər… Azərbaycanlı azarkeşlər – yəni biz Norveçi udsaq da, buna görə məğlubuq…

Cavid sabah yığmada qol vuranda da sevinə bilərsiniz… Axı qələbəyə həsrətik. Axı sevinmək sizin də haqqınızdı. Rasimin də haqqı idi…

 

Bastainfo.com

One thought on “Və icazə verin, soruşum, nəyə sevinirsiniz?

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: