Cahangir Hacıyevə 15 il həbs verildi

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə 15 il həbs cəzası verildi.

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub, AzadlıqRadiosu məlumat verir.

Hökmə əsasən, qalan 7 təqsirləndirilən şəxsdən üçünə azadlıqdan məhrumetmə, dördünə isə şərti cəza verilib.

DOSTUNA 10 İL 11 AY 9 GÜN HƏBS

Bankın Mərkəz filialına rəhbərlik etmiş Anar Sultanov və Nərimanov filialının keçmiş direktoru, hazırda isə «AFB Bank» ASC-nin Müşahidə Şurasının üzvü olan Məmməd Cahangirovun hər biri 7 il 6 ay, Nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov 7 il 23 gün, Mərkəz filialının müdir müavini olmuş İlqar Abdullayev isə 6 il 5 ay 5 gün şərti cəza alıb.

İndiyədək həbsdə olan İlqar Abdullayev məhkəmə zalından azadlığa buraxılıb.

İstintaq və məhkəmə müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Bakı Fındıq Emalı Zavodunun keçmiş rəhbəri Azad Cavadov isə məhkəmə zalında həbs olunub. Cahangir Hacıyevin tələbə yoldaşı və yaxın dostu olan Azad Cavadova 10 il 11 ay 9 gün həbs cəzası verilib.

Digər təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov 8 il, bankın Mərkəz filialının keçmiş rəhbəri Yusif Ələkbərov 8 il 6 ay azadlıqdan məhrum edilib.

110 MİNLİK QOL SAATI DA MÜSADİRƏ OLUNUB

Qeyd edək ki, Yusif Ələkbərov 2013-cü ildə başqa bir cinayət işi üzrə məhkum olunub və ona 8 il həbs cəzası verilib. Onun həmin cəzası da nəzərə alınmaqla üzərində qəti olaraq 8 il 6 aylıq cəza saxlanılıb.

Hökmə əsasən, Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 minlik qol saatı, üzərində ««Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev» yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunub.

Məhkəmənin hökmündə göstərilib ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki – Beynəlxalq Banka dəymiş 211 milyon manat və «Aqrarkredit» QSC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiaların biri tam, biri isə qismən təmin edilib. Bildirilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi barədə qərar verib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: