Gürcüstanda 6 azərbaycanlı həbs edildi

Oktyabrın 13-də xüsusi təyinatlı polis dəstəsi Marneuli rayonunun Qızılhacılı kəndinin 6 sakinini həbs edib. Gürcüstanda olan jurnalist Əfqan Muxtarlının Bastainfo.com saytına verdiyi məlumata görə, polis əməliyyatı səhər saatlarında başlayıb.

Saxlanılanlar Araz Nurməmmədov, Vüqar Qəbləmusayev, Binnət Məmmədov, Hacı Quliyev, Merac Nurməmmədov və Ruslan Zeynalovdur. Onların oktyabrın 8-də keçirilmiş parlament seçkiləri zamanı Qızılhacılı kəndində məntəqəyə hucum etdiklərini bildirilir. Gürcüstanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, saxlanılanlar Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin tərəfdarlarıdır.

Həmin dairədə seçicilərin böyük hissənin səsini qazanan Əhməd İmamquliyev isə iddiaların həqiqəti əks etdirmədiyini bildirib: “Həmin gənclər öz hüquqlarını qoruyublar. Onlardan heç biri partiyamızın üzvü deyil. Sadəcə olaraq Gürcüstan Arzusu Partiyası Marneuli rayonunda seçkiləri uduzub. Saxlanılanlar da hakim partiyanın sifarişi ilə həbs ediliblər. Oktyabrın 22-də Qızılhacılı kəndində yenidən seçkidir. Hakimiyyət həbslərlə kənd sakinlərini qorxutmaq niyətindədir”.

Xatırladaq ki, Əhməd İmamquliyev Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasından parlamentə namizədidir. 8 oktyabr tarixində keçirilən parlament seçkiləri zamanı Qızılhacılı kəndində qarşıdurma yaranıb. Kənd sakinləri məntəqədə seçki saxtakarlığına etiraz ediblər. Qarşıdurma zamanı polis daxil olmaqla bir necə nəfər xəsarət alıb. Qızılhacılı kəndində xüsusi təyinatlı polis dəstələri yeridilib. Gürcüstanın Mərkəzi Secki Komissiyası 48 saylı seçki məntəqəsinin nəticələrini ləğv edib. MSK-nın qərarına əsasən oktyabrın 22-də həmin məntəqədə təkrar seçki olacaq. Əgər Əhməd İmamquliyev bu məntəqədə 450 səs toplayarsa, o, ikinci tura qalmadan Gürcüstan parlamentinin üzvü olacaq.

Azer İsmayıl, bastainfo.com



This post has been seen 37 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: