Müsavat Qadınlar Birliyi referendumla bağlı yeni broşüra təqdim etdi

Bu gün Müsavat Qadınlar Birliyinin təşəbbüsü ilə Azərbaycandakı son referenduma həsr olunan tədbir keçirilib. Tədbir Müsavatın Məclis üzvü Könül Turan Türkün xatirəsinin yad edilməsi başladı.

“Referendum: geriyə doğru irəli” mövzusunda keçirilən toplantıda referendumun nəticələri müzakirə olunub. Toplantıda həmçinin Qadınlar Birliyinin sədri Nailə Yaqublunun təşəbbüsü ilə hazırlanmış yeni broşüra təqdim olunub.

Azərbaycan və ingilis dilində tərtib edilən broşüra “Referendum: hüquqların sonu” adlanır. Sənəddə Konstitusiyaya edilən son dəyişikliklərin mahiyyəti, referenduma dair yerli və beynəlxalq qurum təmsilçilərinin rəyləri, eləcə də Müsavat Partiyasının referendumla bağlı mövqeyi əks olunub.

Nailə Yaqublu giriş nitqində bu referendumu Azərbaycanda insan haqlarına vurulmuş ağır zərbə olduğunu, Əliyev ailəsinin öz hakimiyyətini uzatmaq üçün Konstitusiyaya etdiyi dəyişiklikləri pislədiklərini bildirib.

Mill Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bu referendumun Azərbaycanda demokratiyaya böyük zərbə olduğunu qeyd etməklə yanaşı, bu referendumun həmçinin hakimiyyətin nə qədər ağır durumda oluğunu göstərdiyini vurğulayıb: “İlham Əliyev öz ətrafına, öz nazirlərinə belə inanmır”.

MSDM-in sədri bildirib ki, ölkə başçısı İlham Əliyev bir çox çıxışlarında məhz onun fikirlərinə cavab verməklə məşğuldur.

“Son çıxışında mənim fikirlərimə cavab olaraq bildirdi ki, o hələ uzun müddət hakimiyyətdə qalacaq. Mənsə bir daha deyirəm ki, İlham Əliyev uzun müddət hakimiyyətdə qalmaq haqqında yox, onu dinc yolla xalqa təhvil vermək haqqında düşünməlidir”, – İsa Qəmbər deyib.

Daha sonra çıxış edən Müsavat başqanı Arif Hacılı bütün çətinliklərə, təqiblərə baxmayaraq Müsavat Partiyasının demokratiya uğrunda mübarizənin önündə getdiyini, partiyanın referendum dövründə gördüyü işlərin hər kəsə məlum olduğunu bildirib. Nailə Yaqublunun təşəbbüsü ilə hazırlanan broşüranın da peşəkarlıqla hazırlanan mühüm bir sənəd olduğunu vurğulayıb.

Müsavatın Divan üzvü Vəfa Cümşüdlü bildirib ki, Müsavat istər 1918-ci ildə Azərbaycanın müstəqilliyinin təmin edilməsində, istərsə də 1991-ci ildə müstəqilliyin bərpasında həlledici rol oynayıb.

“Bu nümunələrdən bəhrələnərək mübarizəmizi davam etdiririk. Bu ölkəyə 3-cü rüspublikanı da Müsavat gətirəcək”, – Vəfa Cümşüdlü deyib.

Tədbirdə Müsavatın Məclis üzvü Sərəncam İbrahimli, Divan üzvləri Elman Fəttah, Başxanım Abbaslı, Səxavət Soltanlı, Gülağa Aslanlı və MNTK üzvü Çingiz Əli çıxış ediblər.

Bastainfo.com

 



This post has been seen 56 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: