Vahid Məhərrəmov: Hökumət nəzərdə tutduğu kimi məhsul əldə edə bilməyəcək

Cavad Cavadov: ”Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət ”Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir”

“Hava şəraitinin yağışlı keçməsi pambıq yığımına mənfi təsirini göstərəcək. Bu, həm yığımda, həm də keyfiyyətli məhsul əldə etməkdə problemlər yaradacaq”.

Bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, intensiv yağışlar pambığın yığım müddətini uzadır, bu isə öz növbəsində məhsuldarlığa təsir edir:“Məsələn, yetişməyə qozalar tam yetişmir, açılmır. Başqa tərəfdən, artıq yetişmiş pambıq lifinin keyfiyyətinə təsir göstərir. Pambıq yağışlı və nəm havada yığılarsa, intensiv qurudulmalıdır, təəssüf ki, emal müəssisələrində elə şərait də yoxdur. Əgər bu müddət uzanırsa, lifin keyfiyyətini pisləşdirir. Halbuki, pambıq istehsalında məqsəd keyfiyyətli lif əldə etməkdir. Əks təqdirdə, keyfiyyətli parça istehsal etmək mümkün olmadığından bu cür pambıq dünya bazarında alınmır. Yalnız daxildə məişətdə istifadə etməli olurlar”.

“Keyfiyyətli məhsul əldə etmək çətin olacaq”

Vahid Məhərrəmov hesab edir ki, pambıq sahəsində Azərbaycanın iqlim şəraiti nəzərə alınmalı və ona uyğun sortlar yetişdirilməlidir. Söhbət tez yetişən pambıq sortlarından gedir, yəni sentyabrın sonuna yığımı tam başa çatdırmaq mümkün olsun: “Artıq bəzi rayonlardan aldığım məlumatlara görə yığım yeni ilə qədər davam edəcək. Çünki aran rayonlarında hava bir o qədər də yağmurlu deyil, cəmi 30 faiz yığımı həyata keçirə biliblər, söhbət avqust, sentyabr və oktyabr aylarından gedir. Yağışlar bundan sonra da davam edəcək, bu isə qalan məhsulun yığımına və keyfiyyətinə mütləq təsir edəcək. Hökumətin nəzərdə tutduğu qədər və keyfiyyətli məhsul əldə edəcəyini düşünmürəm. Təəssüf ki, hökumət bu sahəyə kampaniya çərçivəsində yanaşdı, iş görüntüsü yaratdı, ona görə məqsədin yarısına nail olacağına inanmıram”.

V.Məhərrəmov pambıq yığımına həkimləri, müəllimləri, ASAN-Xidmət işçilərinin aparılmasını bazar qanunlarına və hüquqa zidd olduğunu bildirib: “Pambıq istehsalına məşğul olan fermer və kəndli əkin sahəsini öz gücünə hesablamalıdır. Bu cür pambıq yığımı onları tənbəlləşdirə bilər. İkinci, arxalı sahibkarlara imkan yaradılacaq, işə səmimi yanaşanlara yox, bu isə rəqabət qaydasını məhv edəcək, ardınca əsl sahibkarlığı ortadan qaldıracaq. Nəhayət, büdcə təşkilatlarını yığıma cəlb etmək yığımın keyfiyyətinə təsir edəcək. Biri var pambığı peşəkarlar yığır, biri də məktəbli, ikincilər yetişməmiş pambığı yığırlar və buda məhsulun keyfiyyətinə mənfi təsir göstərir”.

“Könüllülərin pambıq yığması qanunsuzdur”

“Pambıq tarlalarında könüllü adı ilə vətəndaşların işə cəlb edilməsi tamamilə qanunsuzdur və bunu edən təşkilatlar Milli Məclisin qəbul etdiyi və Prezidentin imzaladığı “Könüllü fəaliyyəti haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar”.

Bunu vəkil Cavad Cavadov öz “Facebook” səhifəsində yazıb.

“Son vaxtlar mətbuatda və xüsusən sosial şəbəkələrdə Azərbaycanda pambıq yığımında könüllülərin geniş cəlb olunması barədə məlumatlar yayılır. Sosial şəbəkələrdə “ASAN” Xidmətin işçilərinin, hansısa xəstəxananın həkimlərinin, məktəb müəllimlərinin və digərlərinin könüllü olaraq tarlalarda bəh-bəhlə pambıq yığımına cəlb olunması bildirilir.

Könüllü olaraq şəxslərin işə cəlb edilməsi 9 iyun 2009-cu ildə qəbul edilmiş “Könüllü fəaliyyəti haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Cavad Cavadov foto sosial şəbəkə

Cavad Cavadov foto sosial şəbəkə.

Lakin Qanun könüllü fəaliyyətinə cəlb olunmasını yol verən istiqamələri konkretləşdirmişdir və bunlar: əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;insanpərvərliyin və dözümlülüyün təbliği;istehlakçıların hüquqlarının qorunması;hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;. idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi;tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərərçəkmiş şəxslərə yardım göstərilməsi;cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

Eyni zamanda Qanunun 4.3 maddəsi könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsini və 4.4. maddəsi Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə qəti olaraq yol vermir.
Yəni bu o deməkdir ki, hansısa kommersiya hüquqi şəxsin “XXX” MMC-nin şəxsi gəlir əldə etməsi üçün könüllü işə cəlb etməsi mümkün deyil və bu mümkün olsa idi belə işçi çatışmazlığı üzündən könüllürərin işə cəlb edilməsi isə birbaşa qanunla qadağandır. Açıq-aşkardır ki, “könüllürəin” işə cəlb edilməsi məhz işçi çatışmazlığı ilə bağlıdır” – deyə vəkil qeyd edib.

Cavad Cavadov hesab edir ki, bütün bunlardan əlavə könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı, onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir:

“Pambıq tarlalarında işə cəlb olunan və əvəzi ödənilməyən fəaliyyət “Könüllü fəaliyyət” haqqında Qanunun tələblərinə zidd olduğundan könüllü fəaliyyət hesab edilmir və məcburi əməyə daha çox bənzəyir.
Bu isə son nəticədə Konstitusiyanın 35-ci maddəsinin tələblərinin pozulmasıdır”.

Meydan Tv

 

Bastainfo.com



This post has been seen 217 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: