“Bizi istəməynlər ölsün!”

Nazlı Ağayeva

Canım Sevda-Sevinclərim…

Bizim məhlədə ekiz bacı var: Sevinc, Sevda. Ayaqları yer tutandan əllərinin zəhmətilə dolanıblar. Boğazlarından haram tikə keçmiyib. Qəbələnin küçələrində nə qədər insan qəddarlığına məruz qalmış heyvan var, hamısına yardım edərlər. Yeməzlər, o heyvanlara yedirərlər, isinməzlər onları isidərlər. Dava-dərmanı da üstəlik. Mənim də canımda insanları tanıdıqca artan bir heyvan sevgisi var. Evdən çıxmamaq səbəblərimdən biri də yayda bizə pənah gətirən iki balalı bir ana pişik idi. Bir dəfə iki günlük yemlərini qoyub evdən getdim, qayıdana qədər balanın biri tələf oldu. Tək qalan yavru anası bir az əhlikef olduğuindan meylini mənə saldı. Divanın üstündə eləcə yatılı qoyub getdim. Evin-eşiyin hər yerini yeməklə doldurub hər kəsə açar verdim ki, gəlib yoluxsunlar.

Mənim kimi tənbəldi, evdən çıxmazdı. Mənim kimi xəstə qürurluydu, kimsənin əlindən yeməzdi. Mənim kimi qərib idi, tənhalığına sığınıb özünü aldatmağa çalışardı. Onu qoyub getdiyimə görə özümü bağışlamayacaqdım, amma bir gün özümdən asılı olmayan qayıdışsız bir səfər də çıxardı ortalığa… İndidən öyrəşsin mənsizliyə dedim. Necə ki, mən anamsızlığa öyrəşdim.

Ordan soruşurdum, Balaca Matı necədir? İynə olub itmişdi. Orda ürəyim əsirdi, onun yoxluğunu qaldıra bilmərəm deyə…

Bakıya gəldim, evə getməyə qorxduğum bu səhər Sevda zəng vurdu. Salamsız-kəlamsız bitmiş vəziyyətdə soruşdum, – Balaca Matı öldümü? O tərəfdə də bir sükut yarandı. Kövrəldi yəqin mənim Sevdam… Və tez də özünə gəlib dilləndi – Ölmədik, Nazlı xalası… Bizi istəməynlər ölsün! Top kimidi Balaca Matı, səni gözləyirik.

Bizim məhlə cəmiyyəti Sevdagili, elə məni də normal hesab eləmir. Çünki biz o cəmiyyətin ütülü-sığallı qanunlarına aid deyilik. Olsun, bizim ürəyimizdə həmin o standart cəmiyyətə də sevgi tapılar.

“Bizi istəməynlər ölsün!” deyəndə Sevda tam başqa şeydən bəhs edirdi.

Ölməsinlər bəlkə də, amma yenə allah bilər.

Bağışlaya bilərmi ya yox…

 

 

Bastainfo.com

One thought on ““Bizi istəməynlər ölsün!”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: