“Bugünkü hakim zümrə bilməlidir ki…”

Müsavat Partiyasının başqanı Arif Hacılı 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Bu barədə partiyanın mətbuat xidmətindən redaksiyamıza məlumat daxil olub.

Təbrikdə deyilir: “Əziz həmvətənlər! Sizi 18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqı 1918- 20 ci illərdə əldə etməyə nail olduğu dövlət müstəqilliyini Rusiyanın hərbi müdaxiləsi nəticəsində itirdikdən sonra istiqlal ideyası uzun illər həmvətənlərimizin qəlbində arzu kimi daim yaşayırdı.

Ölkəmizin işğalı ilə barışmayan minlərlə insanın qətlə yetirilməsinə, istəyinin dilə gətirilməsinin dövləti cinayət sayılmasına baxmayaraq mübarizə dayanmadı.

Başda M. Ə. Rəsulzadə olmaqla müsavatçılar, ziyalılarımız, mühacirətə getməyə məcbur olmuş istiqlal mücahidləri bu mübarizəni davam etdirdilər, istiqlal ideyasını qoruyub saxladılar. Yüz minlərlə fədakar insan 1988-ci ildə başlayan Xalq Hərakatına qoşuldu. Xalqımız istiqlal və azadlıq uğrunda mübarizə apardı. 20 Yanvar şəhidlərimiz öz həyatları bahasına ölkəmizin istiqlalına təkan verdilər. 1991-ci il oktyabrın 18 də Azərbaycanın Milli Məclisi tərəfindən “Müstəqlllik Haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi uzun illər davam edən mübarizənin nəticəsində mümkün oldu.

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycanın xalqlnın istiqlal həsrətinə, 1920-ci ildə itirdiyimiz istiqlalımızın yenidən bərpasına 1991- ci ilin 18 oktyabrında nail olduq. İndi BMT də və bütün dünyada Azərbaycanın dövlət müstəqilliyi günü kimi, məhz bu tarix, 18 oktyabr qəbul olunur. Təəssüf ki, indiki hakimiyyət xalqımızın əldə etdiyi mühüm uğurlara sayğısız yanaşır.

2006- cı ildən əsas milli bayramımız olan 18 oktyabr ikinci dərəcəli bayramlar sırasına keçirilib. 18 oktyabr iş günü elan edilib. 18 Oktyabr – Dövlət Müstəqilliyi gününə münasibət, sovet dönəmində 28 May İstiqlal gününə olan münasibətin təkrarıdır.

Bu günki hakim zümrə bilməlidir ki, tarixi həqiqətləri sərəncamlarla inkar etmək mümkündür, amma bu yolla tarixi dəyişdirmək, xalqın yaddaşını silmək mümkün deyil.

Əminəm ki, 18 Oktyabr günü gələcək nəsillərin əsrlər boyu bayram etdiyi bir gün olaraq tariximizdə öz layiqli yerini tutacaq, xalqımızın uzun illər davam edən fədakar mübarizəsi, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz müstəqilliyimiz zaman geçdikcə layiiqincə dəyərləndiriləcək.

Coğrafi ərazilərimizin bir hissəsində ötən əsrin əvvəllərində qurulmuş, əsrin sonunda bərpa edilmiş dövlətimizin millətimiz, regionumuz və bəşəriyyət üçün əhəmiyyəti daha aydın dərk olunacaq.

Əziz həmvətənlər! Sizi bir daha 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.”

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: