Hadı Rəcəblinin açıqlaması etiraz doğurdu

‘Heç bir ölkə özünün büdcə imkanlarını əsas gətirərək bu cür təbəqələrə xüsusi münasibət sərgiləmir”

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli oktyabrın 14-də keçirilən toplantıda həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərini qəbuledilməz hesab edib.

Deputat Hadı Rəcəbli bu barədə “modern.az”-a danışarkən bildirib ki, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər: “Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul da olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.

Komitə sədri onu da vurğulayıb ki, şəhid ailələrinə deyilən qədər müavinət verilsə, o zaman Qarabağ əlilləri də müavinətlərinin artırılmasını istəyəcək. O cümlədən, başqa kateqoriyadan olanlar da, bu isə mümkün deyil”.

Hadı Rəcəblinin bu açıqlaması sosial şəbəkədə etiraz doğurub. Bir sıra tanınmış siyasət adamları və jurnalistlər hakimiyyət nümayəndələrinin əhəmiyyətsiz layihələrə milyonlarla pul xərclədikləri halda, şəhidlər məsələsində qənaətdən danışmasına etiraz bildiriblər.

Deputatın fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Azər Mehtiyev bildirib ki, burda söhbət müharibə iştirakçılarından gedir ki, insanlar onlara münasibətdən narahatlıq keçirməsinlər və doğrudan da, xüsusi bir statuslu insan olduqlarını bilsinlər: “Bu məsələ isə kompleks yanaşma və yaşayış səviyyəsinə uyğun addımlar atılmasını tələb edir. Heç bir ölkə özünün büdcə imkanlarını əsas gətirərək bu cür təbəqələrə xüsusi münasibət sərgiləmir. Qarabağ məsələsi ölkənin əsas problemi olduğundan, müharibədə iştirak edənlərə, şəhid olanlara və onların ailələlərinə çox ciddi münasibətə ehtiyac var. Bu siyasətin içində onların mənzillə, torpaqla təmin olunması, övladlarının təhsilinə yardım edilməsi var. Bunlar hamısı ciddi şəkildə işlənməlidir”.

Azər Mehtiyev hesab edir ki, problemin həllinə mütləq şəkildə model tapmaq imkanı var: “Azərbaycanın bu problemin həllinə potensial imkanları var və böyükdür. Əvvəla, sual qoyulmalıdır ki, niyə büdcə bu gündədir. Ölkəyə milyardlarla neft dollarları gəldi, ancaq yenə də büdcə enerji resursları olmayan Gürcüstan büdcəsi səviyyəsinə düşüb. Ona görə də komitə sədri Rəcəblinin büdcənin imkanlarını səbəb gətirməsi doğru deyil”.

Bu arada Hadı Rəcəblinin ailə biznesi haqqında yazılar da yenidən gündəmə gəlib. 

get_img

“Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün”, “Şəhid ailələrinə 100 min manat verə bilmərik” deyən Hadi Rəcəblinin ailə biznesi:

– Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.
– Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
– Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
– Bakıdakı “DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası. (Mənbə: Jam.az)

Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən “DNS Computers” şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.

Hadı Rəcəbli hakim ailə, Paşayevlərlə də qohum idi. Belə ki, Hadı Rəcəblinin qaynı oğlu Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın keçmiş əri olub.

Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.

Bastainfo.com

One thought on “Hadı Rəcəblinin açıqlaması etiraz doğurdu

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: