Kürdəxanı təcridxanasında qiyam xəbəri yayıldı (YENİLƏNİR)

Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında qiyam olması və bura qoşun yeridilməsi haqqında məlumat yayılıb.

14:15

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov musavat.com-a bildirib ki, yayılan məlumatlar tam cəfəngiyatdır: “Həmin məlumatlar qəti şəkildə həqiqəti əks etdirmir. Eyni zamanda bu məlumatları yayan iki sayt da artıq həmin xəbəri çıxarıb. Bir daha bildiririk ki, təcridxanada heç bir qiyam hadisəsi baş verməyib və yayılan xəbər cəfəngiyyatdır”.
Qeyd edək ki, virtualaz.org saytının yaydığı məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib.
Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarətlər yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.
Sayt yazıb ki, qiyama səbəb dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvətin tələb olunması göstərilib.
“Dustaqlar aclıq aksiyasına başladıqlarını bildiriblər”, – mənbə deyib.
Məlumatda həmçinin o da qeyd olunub ki, qiyamı yatırmaq üçün təcridxanaya qüvvə yeridilib.

13:30

Kürdəxanı həbsxanasında qiyam xəbəri bu gün səhər saat 9:00-dan sonra yayılıb. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli bildirib.

“Nardaran işi üzrə təqsirləndirilən şəxslər səhər məhkəməyə gətirilərkən Kürdəxanıda tam sakitlik olub. İstisna deyil ki, etirazın səbəblərindən biri  məhbuslarla pis rəftar edilməsi haqqında məlumatlardır. Nardaran işi üzrə təqsirləndirilən şəxs Abbas Hüseynov məhkəmədə bildirib ki, ona və başqa məhbuslara dəhşətli işgəncələr verilir. Adətən Kürdəxanıdan belə məlumatlar gəlmirdi, amma son vaxtlar burada vəziyyət dəyişib”, – Nemət Kərimli deyib.

Vəkil qeyd edib ki, Kürdəxanıda saxlanılan məhbuslar burada qaydalara əməl olunmamasından da şikayət edirlər.

“Qanunla məhbuslara həftədə 3 dəfə görüş verilməli, onlara gətirilən bağlamalar çatdırılmalıdır. Amma məhbuslar bildirir ki, rüşvət vermədən heç kəs nə görüş, nə də bağlama ala bilir. Təcridxanada məhbuslara normal qida verilməməsi haqqında da şikayətlər var. Məhbuslar bildirir ki, təcridxanaya yeni rəis təyin olunandan sonra, burada polis qaydalarını tətbiq etməyə başlayıblar. Çünki təcridxananın yeni rəisi əvvəllər Ədliyyə sistemində yox, polis sistemin işləmiş şəxsdir”, – Nemət Kərimli deyib.

***

Virtualaz.org-un vəziyyətlə tanış olan etibarlı mənbədən aldığı məlumata görə, dünən Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında dustaqlar qiyam edib.

Təcridxananın vəzifəli şəxslərinə hücum edən dustaqlar onlardan iki nəfərə ağır xəsarət yetiriblər. Məlumata əsasən, xəsarət alanlar təcridxananın rəisi və rəis müavinidir.

Mənbə  bildirib ki, qiyama səbəb, dustaqların sözlərinə görə, onlara verilən “payok”un (yeməyin) satılması və yetərincə verilməməsidir. Digər səbəb kimi, dustaqlara yaxınlarının gətirdikləri “peredaça”ya görə 100 manat rüşvət tələb olunması göstərilib.

“Dustaqlar aclıq aksiyasına başladıqlarını və yeyənə “söyüş” qoyduqlarını bildiriblər”, – mənbə deyib.

Məlumata əsasən, qiyamı yatırmaq üçün təcridxanaya qoşun yeridilib.

Məsələni diqqətdə saxlayacağıq.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: