Beynəlxalq təşkilatlardan Şahmar Mövsumovun nəzarətindəki qurumla bağlı çağırış

“Azərbaycanda hökumətyönlü QHT-lərin sayı artıb ki, bu da hakimiyyətə MSŞT çərçivəsində QHT-nin fəaliyyətinə nəzarət etməyə imkan yaradıb”

17 beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinin ağır iş şəraiti ilə əlaqədar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri (MSŞT) Şurasına məktub göndərib.

Oktyabrın sonlarında MSŞT-də Azərbaycanın statusuna baxılacağı ilə əlaqədar, bu təşkilatlar MSŞT İdarə Heyətini vətəndaş cəmiyyəti üçün əlverişli şəraitin yaradılması barədə qurumun tələblərini daim pozduğuna görə Azərbaycanın MSŞT-də iştirakını dayandırmağa çağırır, – “Amerikanın səsi” məlumat verir.

2015-ci il aprelin 15-də MSŞT vətəndaş cəmiyyətinin təqib olunması faktlarına görə Azərbaycanın statusunu “namizəd” səviyyəsinə endirib və hakimiyyəti buna son qoymağa, normal şəraiti bərpa etməyə çağırıb.

MSŞT sədri Kler Şortsun 2015-ci ilin oktyabrında Azərbaycana səfəri zamanı prezident İlham Əliyev vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyətlərin qoyulduğunu etiraf edib və onların aradan qaldırılacağını vəd edib.

“O vaxtdan hökumət problemlərin aradan qaldırılması üçün bəzi müsbət addımlar atsa da əsas problemlər qalır. Bundan əlavə, son aylar hakimiyyət ictimai xadimlər də daxil olmaqla, vətəndaş cəmiyyətinə yeni hücumlara başlayıb”, müraciətdə deyilir.

Əsasən hakimiyyət Azərbaycanda QHT Koalisiyasını təqib edir, onların səmərəli fəaliyyətinə imkan vermir. Koalisiyanın iki üzvü – Asif Yusifli və Fuad Qəhrəmanlı saxta ittihamla həbsxanada saxlanılır.

A.Yusifli 2014-cü il noyabrın 25-də həbs olunub və dələduzluq, saxta sənəd ittihamı ilə mühakimə edilib. Hazırda altı il həbs cəzası çəkir.

F.Qəhrəmanlı 2015-ci il dekabrın 8-də Facebook-da yazdığı şərhlərlə əlaqədar dini nifrətə təhrik ittihamı ilə həbs olunub.

Amnesty International F.Qəhrəmanlını “vicdan məhbusu” kimi tanıyıb.

Hər iki şəxs siyasi motivlərlə həbs edilib. Məqsəd onların müxalifətçi fəaliyyətinin qarşısını almaqdır.

Koalisiyanın digər üzvü Oqtay Gülalıyev 2012-ci ildə başlanmış cinayət işilə əlaqədar xaricə gedə bilmir. O, bir neçə dəfə uydurma ittihamla həbsə məruz qalıb və şərti olaraq azadlığa buraxılıb. Ancaq ona qarşı cinayət işi bağlanmayıb.

Koalisiyanın digər üzvləri Zöhrab İsmayıl, Elçin Abdullayev və Səbuhi Qafarov 40 QHT-yə qarşı cinayət işi üzrə həbs təhlükəsi ilə əlaqədar 2014-cü ildə mühacirət etməyə məcbur olublar.

Eyni zamanda, Azərbaycanda qalan QHT təmsilçiləri qanunvericiliyə məhdudiyyətlər səbəbindən ciddi maneələrlə üzləşməli olurlar.

“Müstəqil QHT-lərin fəaliyyətinin mümkün olmaması nəticəsində Azərbaycanda hökumətyönlü QHT-lərin sayı artıb ki, bu da hakimiyyətə MSŞT çərçivəsində QHT-nin fəaliyyətinə nəzarət etməyə imkan yaradıb”, müraciətdə bildirilir.

Hüquq vasitəsilə demokratiya uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) Azərbaycanda QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunvericiliklə bağlı narahatlığını bildirib və onlara dair islahatlar üzrə tövsiyələr hazırlayıb. Ancaq Azərbaycan hökuməti tövsiyyələri qəbul etməyib.

Belə ki, Azərbaycanda QHT xarici maliyyələşmədən məhrum edilib. Əgər xarici donor Azərbaycanda fəaliyyət göstərən QHT-yə qrant verirsə bu, Ədliyyə Nazirlyində təsdiqlənməlidir. Lakin hakimiyyət hüquq-müdafiə sahəsində fəaliyyət göstərən QHT-lər üçün ayrılan qrantları təsdiqləməkdən imtina edir.

Hakimiyyət 2014-cü ilin aprelində onlarla QHT-yə qarşı açılmış cinayət işini dayandırmayıb.

Bir çox QHT-lərin bank hesabları və onların rəhbərlərinin şəxsi hesabları əvvəlkitək həbsdədir. Xarici səfərlərə qoyulan qadağalar aradan qaldırılmayıb. Bütün bunlar real islahatlar üçün hakimiyyətin siyasi iradəsinin olmamasından xəbər verir. Yalan vədlər isə beynəlxalq birliyi aldatmaq məqsədi daşıyır.

“Ciddi iqtisadi problemlərə baxmayaraq, hakimiyyət vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etmək istəmir, ifadə azadlığı, toplaşma və assosiasiya hüququnu pozmaqda davam edir. Hökumət işarə edir ki, xarici təzyiqlərə baxmayaraq, vətəndaş cəmiyyətinə qarşı siyasətini dəyişmək niyyətində deyil”, müraciətdə vurğulanır.

2015-ci ilin mayında Azərbaycanın MSŞT-də statusu aşağı salındıqdan sonra Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov bildirmişdi ki, MSŞT artıq Azərbaycan üçün öz cəlbediciliyini itirib.

Azərbaycanda MSŞT proqramının koordinatoru olan Ş.Mövsümov o zaman demişdi ki, Azərbaycanda HSŞT-dən çıxmaq məsələsinə baxılır.

“Əgər əvvəllər MSŞT strategiyası şəffaflığın təminatına yönəlmişdirsə indi QHT-nin maraqlarının müdafiəsi funksiyasını yetirə yetirir”, o qeyd etmişdi.

Müraciəti imzalayan təşkilatlar MSŞT-nin ötən il və qurumun rəhbəri Kler Şortsun Azərbaycana səfəri zamanı nümayiş etdirdiyi prinsipial mövqeyi qiymətləndirir və MSŞT Şurası üzvlərindən xahiş edir ki, Azərbaycan aşağıdakı məsələləri həll etməyənə qədər onun MSŞT-də üzvlüyü dayandırılsın:

• 2014-cü ildə QHT-lər haqqında qanunvericiliyə edilən məhdudiyyətlər Venesiya Komissiyasının rəyinə uyğun olaraq ləğv edilsin və vətəndaş cəmiyyətinin normal işi üçün şərait yaradılsın;

• Xarici maliyyələşmənin istifadəsi üçün məhdudiyyətlər ləğv edilsin;

• MSŞT koalisiyası üzvləri Asif Yusifli və Fuad Qəhrəmanlı daxil olmaqla, bütün siyasi məhbuslar azadlığa buraxılsın;

• Müstəqil QHT-lərə və hökumətin tənqidçilərinə qarşı uydurma ittihamlarla cinayət işlərinə son qoyulsun, QHT-lərin bank hesabları açılsın, QHT rəhbərlərinin xarici səfərlərinə qoyulan qadağalar aradan qaldırılsın və s.

• Vətəndaş cəmiyyətinin təşkili və qeydiyyatı proseduru sadələşdirilsin.

Müraciəti Article 19, CEE Bankwatch Network, Vətəndaş Hüquqlarının Müdafiəçiləri, Crude Accountability, Freedom House, Freedom Now, İnsan Hüquqları Evi Fondu, Senzura İndeksi, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, KİV-ə Beynəlxalq Dəstək, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, PEN-Amerika, Beynəlxalq PEN-klub, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və b. imzalayıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: