Deputat “dollar oyunu”nu açdı – Parlamentdə gərgin müzakirə

«Bank Standard»da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunan, 100 milyon manat qorunmayan pullardır. Bəs indi bu 100 milyon manatın axırı necə olacaq. Bu pullar axı insanların, vətəndaşlarındır».

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib, – Modern.az saytı xəbər verir.

O, «Kredit büroları haqqında» Qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, indi insanları bank sisteminə inandırmaq çətindir: «Necə ki, vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı mən şəxsən özüm Rüfət müəllim, sizə göndərmişəm».

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: «Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz».

 

«BANK RƏHBƏRLƏRİNİN HAMISI MİLYONERDİR»

Cavabında Vahid Əhmədov Rüfət Aslanova bu sözləri deyib: «Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harada səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müəyyən insanlar dayanır. Amma belə də olmaz axı… «Royal Bank» bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ əmanətlərini almayıblar».

Rüfət Aslanlı isə parlamentdə deyib ki, qorunmayan əmanətlərlə bağlı prezidentlə müzakirələr aparılıb: «Qorunmayan, sığortalanmayan əmanətlərlə bağlı bu günlərdə hökumətlə və cənab prezidentlə müzakirələr aparmışıq. Çox güman ki, qanunvericilik buna yol verərsə, bağlanmış banklarda qorunmayan və sığortalanmayan əmanətlərin də vətəndaşlara qaytarılmasını həyata keçirəcəyik».

Bu il Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib. Bu qərarlar, bir qayda olaraq, bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

“BANKLAR INSANLARA ZÜLM EDIR”

Millət vəkili Əli Məsimli bildirib ki, banklar insanlara zülm edir: “Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir”, – “Amerikanın səsi” məlumat verir.

Rüfət Aslanlı bu fikirlərlə razılaşmayıb: “Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur”.

R.Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: “2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır”, o qeyd edib.

Bastainfo.com



This post has been seen 115 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: