Onlar dərhal azad olunmalıdır, amma, onlar siyasi məhbus deyil!

Səxavət Soltanlı

 

Məncə etiqad azadlığı pozulanları, həbs olunan dindarları siyasi məhbus kimi təqdim etmək ciddi strateji səhvdir.

Bu haqda şəxsi fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

Bizə məlumdur ki, ölkədə minlərlə insan var ki, haqsız yerə, saxta ittihamlarla şərlənərək həbs olunub. Bəzilərini ən yuxarı səviyyəli, bəzilərini orta səviyyəli, bəzilərini də aşğı səviyyəli məmurlar şərləyərək həbs etdirir.

Bildiyimiz kimi onların arasında dindarlar da az deyil. Nardaranlı, lənkəranlı, gəncəli və s.

Minlərlə insan var ki, onların işinə ədalətli məhkəmə tələb edilməli, onları şərləyənlərin, onlara tələ quranların cəzalanmasını tələb etmək lazımdır. Hüquqları ciddi şəkildə müdafiə olunmalıdır. Onların əslində nə üçün həbs olunduğu dünyaya car çəkilməlidir. Bu başqa məsələdir.

Gələk əsas məsələyə. Məncə 100-dən artıq şərlənərək, günahsız yerə həbs olunan dindarı, inanclı insanı siyasi məhbus kimi demokratik dünyaya göstərmək hakimiyyətin tam istədiyi bir şeydir.

Hakimiyyət illərdir sivil dünya ilə, ondan demokratiya tələb edənlərlə bu istiqamətdə danışıqlar aparırdı.

“Ölkədə sivil-siyasi müxalifət yoxdur, ölkədə hakimiyyətə gəlmək istəyən radikal dindarlar var. Biz olmasaq, sərt idarəetmədən imtina etsək dindarlar gələcək hakimiyyətə ….”

İndi də siyasi fəallarla müqayisədə 5-6 dəfə cox dindarı siyasi məhbus siyahısına salmaq məncə hakimiyyətə ən gözəl ötürmədir.

Demirəm bu bilərəkdən edilir, yox, bilməməzlikdən, qeyri-peşakarlıqdan, siyasi savadsızlıqdan atılmış addımdır. Siyasi gerçəkləri təhlil etmə qabiliyyətinin azlığındandır.

Bir sözlə, yanlış davranışdır.

Hakimiyyətin beynəlxalq müstəvidə apardığı yalançı siyasətinin sübutu üçün göydəndüşmə bir işdir.

O dindarları “Vicdan Məhbusu” kimi də təqdim etmək olar, amma, “siyasi məhbus” kimi təqdim etmək məncə yanlışdır. Doğru deyil.
“Siyasi məhbus” əsasən siyasi fəaliyyətinə, siyasi iddiasına görə həbs olunanlardır.

Son iki siyahıdan, əsasən ikinci (166 nəfərlik) siyahıdan belə görünür ki, siyasi hakimiyyət uğrunda dindarlarla hakimiyyət arasında qızğın mübarizə gedir.

Deyəsən hakimiyyət də dindarları kütləvi şəkildə, absurd ittihamlarla bu məqsədlə həbs edibmiş. Dovşanı arabayla tutmaq söhbəti.

Bu məsələdə vətəndaş cəmiyyəti təmsilçilərinin, hüquq müdafiəçilərinin, siyasilərin, mətbuat nümayəndələrinin diqqətli olması vacibdir.

Ehtiyac yaranarsa, həmin dindarlarla da söhbət edib onlara məsələnin mahiyyətini izah etmək lazım idi.
Siyasilər bu məsələdə təşəbbüskarlıq etməməlidir deyənlər oxşar məsələlərdə siyasi partiya və siyasətçilərlə məsləhətləşmələrdən kompleks yaşamamalıdırlar.

Dediklərimi şübhəli ittihamlarla, günahsız yerə həbs olunanların müdafiə olunmaması kimi başa düşmək qətiyyən doğru deyil.

Onu da bilməliyik ki, “Vicdan məhbusu” “Siyasi Məhbus” anlayışından daha konkret və üstün statusdur.

Onlar dərhal azad olunmalıdır, amma, onlar siyasi məhbus deyil!

Ola bilsin mənim bu yazım da zərərlidir, mübahisəlidir, amma, əminəm ki, demokratik dünyaya yüzdən artıq dindarı siyasi məhbus kimi göstərməkdən az zərərli, az mübahisəlidir.

 

Bastainfo.com



This post has been seen 62 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: