Azərbaycanda lüstrasiya – mümkünmü, mümkünsüzmü?

“Tarixin ən qəddar istibdadını quran bolşevikler
sovet rejimine utanmadan demokratiya deyirlər.”
M.Ə.Rəsulzadə
“Azərbaycana xitab” 26 avqust, 1951

Elmir Mirzəyev

Azərbaycan Kommunist Partiyası 20 il əvvəl, 1991-ci ilin sentyabrında, çox sakitcə və müqavimətsiz öz nominal rəhbəri A.Mütəllibov tərəfindən ləğv edildi. Hərçənd ki,  bundan hələ 1 ay əvvəl bu partiya repressiv aparatın köməyi ilə ciddi görünməyə çalışırdı, onun üzvləri də ölkədəki vəziyyətin “tam nəzarət altında” olduğu haqda gümrah bəyanatlar verirdi. Lakin avqustdakı məlum bir neçə gün bu qurumun taleyini həll etdi və daha bu anoxronizm onun rəhbərinə də gərək olmadı. Tələm-tələsik yığılmış partiya üvzləri – “mübariz” Azərbaycan kommunistləri “dağılışmaq” əmrini sakitcə, sanki bunu çoxdan gözləyirmişlər kimi müqavimətsiz, fağırcasına, başıaşağı halda qəbul etdilər. 28 aprelin varisləri o zaman siyasi meydandan səssiz-küysüz getdilər.

Görəsən nədən belə oldu?

Bu partiyanın indiki təbirlə desək “sosial dayaqları” yox idi, Azərbaycan kommunistləri ümumiyyətlə başdan-ayağa saxta bürokratlardan və biganə nominal çoxluqdan ibarət idi, yoxsa bu bürokratik aparatın baş fiqurları çox kiçib bir zamandan sonra siyasi anlamda xortlayacaqlarını öncədən görürdülər? İstənilən halda sonuncu versiya reallıqda baş verdi və bir qədər əvvəl etibardan tamamilə düşmüş köhnə simalar hakimiyyətdə cəmi bir il davam gətirmiş millətçilərin bütün simvolikasını əxz edərək, yeni bayraq və rəmzlər altında iqtidarda göründü. 1993-cü ildə reinkarnasiya etmiş bu ex-kommunist simalar yenidən bir zamanlar itirilmiş mənəvi üstünlük mövqeyindən tərəddüdsüz danışırdı; şübhəsiz ki, onlar özləri ilə bərabər öz təfəkkür və əxlaqi dəyərlərini də gətirmişdilər və o zamandan bəri bu simalar indiyədək faktiki dəyişməz olaraq qalmaqda davam edir. Bu mənəvi üstünlük onlara qısa bir zamanda necə yenidən qayıtmışdı? Keçmiş kommunist bürokratiyası mənsub olduqları ideologiyanın Azərbaycanda törətdiyi cinayətlərə rəğmən nədən belə günahsız görünürdü və öz (tayfa) başçılarını “xalqın xilaskarı” elan edə bildi? Onların bu mənəvi legitimliyi hansı səbəblərdən mövcud idi?

Maraqlıdır, amma 1988-ci ildə başlamaış hərəkatda sırf millətçilik meylləri nə qədər güclü olsa da, antisovetizm və antikommunizm meylləri bir o qədər zəif idi. Hərçənd ki, cəmiyyətdə həqiqi çevriliş üçün ilk növbədə təfəkkürdə çevrilişin edilməsi tamamilə zəruri idi. Bəlkə də bunun səbəbləri Azərbaycanda sırf antikommunist dissident hərəkatının elə də geniş vüsət almamasında idi. Azərbaycandakı az saylı dissidentlər məhz millətçilər idi, bununla bərabər 60-cı illər Azərbaycan ədəbiyyatında peyda olan bəzi xırda eyhamlar da fundamental insan azadlıqları anlamında yox, məhz millətçilik paradiqmasında qurulmuşdu. Qısası Azərbaycan dissident fikrində sovetlər və kommunizm individum üzərində işgəncələr aparan və cəmiyyəti saxta ideallara kökləyərək kütləyə çevirən totalitar rejim kimi yox, sadəcə Azərbaycanı işğal etmiş yadellilərin zülmü kimi xarakterizə olunurdu. O üzdən millətçilərin hakimiyyətə gəlişi zamanı da kommunist rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlər ifşa edilmədi, bu haqda xüsusi ədəbiyyatın nəşrinə, elmi işlərə vüsət verilmədi və bu problematika ümumiyyətlə diqqət mərkəzinə alınmadı. Burada hər halda Elçibəy hakimiyyətinin zaman azlığını və o dövrün tarixi şəraitini də nəzərə almaq gərəkdir.

İstənilən halda bizdə (yəni ümumi götürsək Baltikyanı ölkələri kənar bütün keçmiş sovetlərdə, hərçənd lap bu günlərdə Gürcüstan da bu işə başladı) nəinki Almaniyada nasional-sosialist rejiminin süqutundan sonra keçirilmiş denasifikasiyaya bənzər bir proses yaşanmadı, hətta sadəcə olaraq kommunist rejimi, onun Azərbaycanda və dünyada törətdiyi cinayətlər, kommunist rejiminin personaları belə qınaq obyekti olmadı.

Hər şey tam əksinə oldu, bildiyiniz kimi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə kommunist nomenklaturasının xortlamış personaları bütün vacib dövləti postları ələ keçirib bu dəfə ideoloji marazmı kənara qoydular və konkret məsələlərlə – dövlət mülkiyyətinin özününküləşdirilməsi, faktiki ölkənin sərvətlərinin qarəti ilə məşğul oldular. 1993-cü ildən bəri yaradılmış bu mükəmməl korrupsion sistem ADR zamanının rəmzləri altında maskalandı və bu illər ərzində çox ağır sosial durumda həyat sürən sadə xalqın gözündə bu simvolikanı və müstəqillik ideyasının özünü tamamilə etibardan saldı. “Qomnistlərin vaxtı” haqdakı əsatir, “gedib Moskvaya şikayət edə bilirdik” sloqanı xalq üçün bir növ əfsanələşdi, müvafiq olaraq liberal dəyərlər, insan azadlıqları, demokratiya, vətəndaş cəmiyyəti kimi məsələlər isə total korrupsiya, orta əsrlərin idarəçilik formaları, feodal təfəkkürlü yırtıcı məmurlar ilə faktiki eyniləşdirildi. Bu zaman indiki hakim təbəqənin kommunist keçmişi haqqında nəinki susulur, tam əksinə – “zəngin dövlət quruculuğu zamanı” kimi təqdir edilirdi. Məsələ o həddə çatdı ki, rəsmi təbliğat tərəfindən Azərbaycanın SSRİ tərkibindəki 70-ci illər zamanı “qızıl dövr” adlandırıldı. İlham Əliyevin bunu dəqiq anlamamış ahıl ensiklopediya işçisini yığıncaqda, TV-də canlı yayımda necə qovduğunun şahidi bütün ölkə oldu. Azərbaycanın bürokratik kommunist elitası 80-90-cı illərdəki kiçicik dövrün acı illərinin revanşını tamamilə aldı. Beləcə hakim zümrə və xalq kütlələri bu məsələdə çox da fərqli düşünmür – əgər birincilər üçün kommunist keçmişi özlərinin “şərəfli tarixidirsə”, ikincilər üçün bu Brejnev dövrü haqdakı xəfif nostalji qarışıq mifologiyadır.

Lakin məsələ bununla da bitmir, iş orasındadır ki, sadə xalq və hakim bürokratiyadan başqa antiutopik Azərbaycanda yeni yetişmiş passionar gəncliyin bir hissəsi də kommunist ideyalara böyük rəğbətlə yanaşır. Bu zaman onları nə SSRİ-də kommunist rejiminin öz əhalisinə total terroru, Solovki adası və GULAG, NKVD, kollektivizasiya, bütöv xalqların sürgünü, Ukraynadakı golodomor, Katyn faciəsi, ən nəhayətdə Azərbaycanın zayalı təbəqəsinin və beləcə gələcəyinin məhvi, ən sonda isə indiki total korrupsiya sistemini qurmuş insanların kommunist keçmişi əsla ilgiləndirmir. Yəqin ki, “onlar həqiqi deyillər, həqiqi kommunizm başqa cür olur” kimi düşünən gənclik üçün Che və ya RAF kimi artıq pop obrazlara çevrilmiş simvolikanın cəzbi önündə kommunizmin bir zamanlar Şərqi Almaniya və ya Rumıniyada yaratdığı, hazırda Kuba və ya Şimali Koreyada iyrənc hakimiyyətlərini sürməkdə davam edən cinayətkar rejimlərin misalları əsla yetərli deyildir. Cəmiyyətdə uzun illər ərzində bu istiqamətdə heç bir iş aparılmadığından, mövcud boşluq özünü bu şəkildə büruzə verir.

Azərbaycandakı bu mənzərənin bir qədər də aydın olmağı üçün fantastik bir müqaisə aparaq: fərz edəlim 45-ci ildə Almaniyada denasifikasiya ümumiyyətlə aparılmır, əvəvzinə keçmiş nasistlər Weimar respublikasının bağrağını və gerbini əllərinə alır və Bonnda hakimiyyətə keçir, faşist asketizmini bir kənara qoyub da ölkənin sərvətlərini özəlləşdirir, paralel olaraq ZDF-də ağız dolusu demokratiyadan, insan haqlarından, alman xalqının demokratiyaya hələ hazır olmadığından, demokratiyaya gedən yolun uzunluğundan, ABŞ-ın bu yolu 150 ilə keçdiyindən danışır. Eyni zamanda onlar Hitler dövrünü “böyük quruculuq zamanı” adlandırır, həvəslə o zaman çəkilmiş avtobanlardan, “xalq avtomobili” – Volkswagen’dən misal gətirirlər. Ağır vəziyyətdə yaşayan əhali “dəmir əlli” nasional-sosialist zamanını nostalji ilə xatırlayır, gənclik isə hakimiyyətdəkiləri həqiqi faşist hesab etmir, əvəzində onlar üçün Otto Skorzeny orbazı var, və onlar Arthur de Gobineau, Houston Stewart Chamberlain və ya Rosenbergin mənəvi cəhətdən köhnəlmiş əsərlərini dərindən öyrənməyə cəhd edir.

Bəzi insanlara bu cür müqaisə çox kəskin görünsə də hər şey kontrastlarla ölçülür. Nasional-sosializmin bir çox məsələlərdə isə Stalin dövrü SSRİ-sindən ilhamlanması, bu iki cinayətkar rejimin uzun müddətli əməkdalığı da heç bir müasir tarixçiyə sirr deyildir.

Görkəmli Danimarka rejissoru Lars von Trier’in bu yaxınlarda Cannes film festivalındakı mətbuat konfransında yol verdiyi yanlışlığa (hərçənd o özü bunu zarafat kimi dəyərləndirirdi) görə qovulması da belə kontrastlardandır. Bizimlə Avropa arasındakı mövcud kontrastlardan biri məhz budur. Yeri gəlmişkən kommunist rejimlərinin cinayətkar mahiyyəti son zamanların iki möhtəşəm filmində öz dolğun ifadəsini tapmışdır – bunlardan biri alman rejissoru Florian Henckel von Donnersmarck təfədindən 2006-cı ildə lentə alınan “Das Leben der Anderen” (“Özgələrinin həyatı”) Şərqi Almaniyadakı totalitarizmin dəhşətlərindən, başqa birisi, “Katyn” filmi isə bu faciə haqda dahi polyak rejissoru Andrzej Wajda’nın 2007-ci ildə yaratdığı momumental tablodur. Bu filmlərdə 80-ci illərin Stasi tüğyan edən Şərqi Berlini və 39-cu ildə kommunizin faşizmlə işbirliyində törətdiyi cinayətlər ifadəli çəkildə əks etdirilir. Kommunizmin faşizmdən fərqli cəzbediciliyi onun cinayətlərinin ifşa edilməməsində və edilən bu müstəsna cinayətlərə rəğmən mənən köhnəlmiş utopiyanın indiyədək olan istismarıdır. Alman rejissoru Uli Edel tərəfindən 2009-cu ildə çəkilmiş “Baader-Meinhof Komplex” filmindəki bir səhnədə bu cəzbin mənbəyi özünə yer alıb. Həmin səhnədə polis rəhbəri Horst Herold’a onun koməkçisi “gənclərin nədən bu hərəkata (raikal solçular ordusu – RAF) davamlı olaraq qoşulmaları”nı sualladıqda, cavabı bir kəlmə olur – “əfsanə”.

Problemin kökü isə Azərbaycanda zərurəti tam aydın olan lüstrasiyanın olmamasıdır. Öz inkişafında faktiki dalana dirənmiş və kollaps vəziyyətinə düşmüş müasir Azərbaycan cəmiyyətindəki bütün sahələrdə yeri formatların meydana gəlməsi üçün mütləq lüstrasiya tələb olunur və bu legitimlik çatışmamazlığından boğulan ölkədə bir zərurət olan şəffaflığın ilk addımı ola bilərdi.

İstənilən halda bu proses gələcəkdə hökmən yerinə yetirilməlidir. Zaman sübut etdi ki, nə qədər ağrılı proses olsa da keçmişin dəhşətləri ilə vidalaşmaq və cəmiyyətin gələcək inkişafı üçün bu bir zərurətdir. Əks halda nə zamansa ölkədə həqiqi vətəndaş cəmiyyətinin qurulacağından danışmağa dəyməz. Aydındır ki, keçmiş kommunist bürokratiyasının yetidirmələrindən ibarət hazırkı iqtidar heç bir halda buna yol verə bilməz və bu onun hakimiyyətinin sonu olar. Hazırkı Azərbaycan iqtidarının siması radikal solçuların arzu etdikləri o utopik gələcəyin, zaman maşınının köməyi olmadan bu günümüzə zühur etmiş acı reallığıdır.

Məqalə “Demokrat” qəzetində çap edilmişdir

%d bloqqer bunu bəyənir: