Müsavat siyasi məhbusların siyahısı ilə bağlı çağırış etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divan üzvü Vəfa Cümşüdlü 16 oktyabrda Müsavatçı Qadınlar Birliyinin referendumun nəticələrinə dair “Referendum: geriyə doğru irəli” mövzusunda keçirdiyi tədbir haqqında məlumat verib. Tədbirdə təqdim olunan büroşura, bütövlükdə isə tədbirin özü Divan tərəfindən yüksək qiymətləndirilib.

Divan üzvü Razim Əmiraslanlı müstəqilliyin 25 illiyi ilə bağlı Müsavat Partiyasının keçirdiyi tədbir barədə Divan üzvlərini məlumatlandırıb. İstiqlalçı millət vəkillərinin, o cümlədən yeganə xanım istiqlalçı millət vəkili Məryəm Həsənovanın tədbirdə təsirli çıxış etdiyi, toplantının müstəqillik səlnaməsi haqqında yüksək səviyyəli ictimai müzakirələr şəklində keçdiyi bildirilib.

Müsavat Partiyası başqanının müavin Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının toplantısı haqqında məlumat verib. Təşkilata yeni üzvlərin qəbul edildiyini bildirib.

Divan üzvü Səxavət Soltanlı Müsavat Partiyasının Avropada yaşayan üzvlərinin 22 oktyabrda dövlət müstəqilliyimizin 25 illiyi, Müsavat Partiyasının yaranmasının 105 illik yubileyi ərəfəsində Almaniyanın Franktfurt şəhərində keçirilən Avropa Koordinasiya Mərkəzinin təsis konfransı baradə Divan üzvlərini məlumatlandırıb. Qeyd olundu ki, tədbirdə Müsavat Partiyasının rəhbərliyi – başqan Arif Hacılı, başqan müavinləri – Gülağa Aslanlı və Yadigar Sadıqov, Məclis üzvü Nazim Azadoğlu qonaq qismində iştirak edib. Tədbir internet vasitəsilə canlı yayılıb. Müsavat Partiyasının başqanı tədbirdə Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında çıxış edib.

Divan Avropada keçirilən bu tədbiri mühacir müsavatçıların təşkilatlanması baxımından mühüm bir hadisə kimi qiymətləndirib, tədbirin təşkilatçılarına xüsusi təşəkkürünü bildirib.

Divan Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırlanan siyahılar üzrə ictimaiyyətdə gedən diskussiyalar haqqında fikir mübadiləsi aparıb. Qeyd edilib ki, uzun illər Azərbaycandaki siyasi məhbuslarla bağlı çoxsaylı, bəzən bir-birilə ziddiyyət təşkil edən siyahılar ortaya çıxıb. Bu da öz növbəsində siyasi məhbusların müdafiəsinin səmərəli təşkilinə ziyan vurub. Nəhayət 2014-cü ildə bir İşçi Qrupu yaradılıb və həmin İşçi Qrupu siyasi məhbusların vahid siyahısını peşəkar kriteriyalara uyğun şəkildə hazırlayaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim edib. Müsavat Partiyası da siyasi məhbus məsələsində vahid siyahının olmasını son dərəcədə zəruri olduğunu vurğulayaraq, həmin İşçi Qrupunun hazırladığı siyasi məhbus siyahısını vahid siyahı kimi tanıyıb və yüksək qiymətləndirib. Müsavat Partiyası yenə də siyasi məhbuslarla bağlı siyahının vahid şəkildə olmasını zəruri hesab edir, bu işlə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələrini “Siyasi məhbuslar üzrə İşçi Qrupu”nun mandatı əsasında vahid siyahı ilə çıxış etməyə çağırır.

Divanda ölkə və dünyada gedən ictimai-siyasi vəziyyət geniş müzakirə olunub.

Sonda cari məsələlərə baxılıb.

Bastainfo.com



This post has been seen 253 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: