“Gor evinə ər evindən” deyənlərə…

Qızlarını ərə verirlər, az sonra məlum olur ki, “qarpızın” içi xarabıymış, dilxor olurlar, amma narahat olmurlar. Qız bir uşaq dünyaya gətirir, şükür, yeri bərkidi deyib sevinirlər, amma buna görə qız günüqaranın vəziyyəti yaxşılaşıb-eləmir. Analar qızlarına ikincisini doğmağı məsləhət görürlər, onda daha sənə heç nə eləyə bilməzlər deyirlər, amma ikinci uşaqla da möcüzə baş vermir, xarab “qarpız” iylənməkdə davam eləyir, həm də əvvəlkindən də çox. Amma bu da yaşlı-başlı, təcrübəli, ağbirçək anaları qorxutmur, bala, bəsdi dözdün, çıx gəl evimizə, sənə bir şey olar, evim yıxılar demirlər qızlarına, əksinə, döyülüb qaçıb geri gələndə danlayıb-tovladıb yenə ora qaytarırlar. Qız yetim (atalı-analı yetim!!) təzədən qayıdır o cəhənnəmə, o şillə-təpiyin altında hətta üçüncünü də doğur cahil bədbəxt, bəxti gətirib sağ qalanda dördüncünü, beşincini də.

Bəxti gətirməyəndə.. öldürürlər, gor evinə ər evindən gedəcəksən deyən ata-anaların arzusu yerinə yetir. 

P.S. Bu qatil təfəkkürü dəyişməyin bircə yolu var – boşanmaq istəyən qızlarını ata evinə geri qayıtmağa qoymayan valideynlər cinayət məsuliyyətinə cəlb olunmalıdılar və analara – balasını xilas eləmək üçün özünü “oda atmayan” analara atalardan daha ağır cəza verilməlidi.

P.P.S. Nə qədər ki, kölə qadınlar kölə qızlar böyütməkdə davam eləyəcəklər, bu cür faciələrin sonu olmayacaq.

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: