Milyardı Xəzərdə batıran İbrahim Nehrəmli: “Yas yerinə də “Stefano Ricci” geyinirəm…”

İflasa uğramış fantastik “Xəzər adaları” layihəsinin müəllifi, ekstravaqant nehrəmli iş adamı İbrahim Nehrəmli növbəti dəfə özünün qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, utopik layihəyə 1 milyard 200 milyon dollara yaxın vəsaiti, o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini xərcləyib batıran Nehrəmli özünün dəbdəbəli geyimləri ilə lovğalanır. Deyir ki, hətta yas gerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyinir. Və hamı ona baxıb “Hacı İbrahim yenə təəcübləndirdi” deyir.

“Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir”-nehrəmli Hacı İbrahim ölkə.az saytına müsahibəsində bildirir: “Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.

Hacı İbrahim yas yerinə də tanınmış brendlərdən geyinib getdiyini deyir:“O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

Bu həmin Hacı İbrahimdir ki, cəmi bir neçə ay əvvələ qədər tez-tez yolunu “Bandotdel”dən-DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən salmalı olurdu. Və orada hörmətli hacı ilə deyəsən heç də nəzakətlə davranmırdılar. Virtualaz.org-a məlumat verən mənbələr bu idarənin divarları arasında nehrəmli iş adamının başına gələnlər haqda qorxunc şeylər danışırdılar. Ondan tələb edilirdi ki, Azərbaycan Beynəlxalq Bankından aldığı yüz milyonlarla dollarlıq krediti qaytarsın. 

Hacı bu kreditləri qaytara bildimi? Əlbətdə, yox. Axı pullar çoxdan Xəzər sularında əriyib getmişdi. Hacı İbrahim “Xəzər adaları”ına 1 milyon 250 milyon dolları (dediyinə görə bunun 1 milyard dolları öz puluymuş) xərcləyib ki, həmin pulların geri qayıtması heç cür ağlasığan deyil. Hazırda “Xəzər adaları” mənasız aktiv kimi Beynəlxalq Bankın girovluğundadır, bank dənizdə salınmış bir neçə süni adanı və onun üzərində inşası yarımçıq qalmış bir neçə binanı kimə satacaq ki, Cahangir Hacıyevin nehrəmli Hacıya ayırdığı pulları geri ala bilsin?

Hacı isə deyəsən yenə öz ampluasındadır-pulları batırsa da dəbdəbəli həyat tərzini dəyişmək niyyətində deyil. Əgər o, “Stefano Ricci”nin dəyəri on minlərlə dollarlıq gödəkçələrini yasa geyinib gedirsə və 150-200 min dollarlıq saat taxırsa görəsən nəyə görə banka olan borclarından da qaytarmır? İstənilən ölkədə Hacı İbrahimin vəziyyətinə düşən normal biznesmen birinci növbədə dəbdəbəyə pul xərcləməyi dayandırıb borclarını ödəmək barədə fikirləşərdi. Bizim Hacı isə belə deyil-o, yenə də dəbdəbəli həyat tərzini dəyişmir, pulları sağa-sola səpələyir və bunu hamıya nümayiş etdirməyə də çəkinmir…

Hansı ki, Beynəlxalq Bankın pulları bir yana qalsın, Hacı İbrahimin “Xəzər adaları”ında işləyən yüzlərlə fəhlə də əmək haqqını ondan ala bilməyib…

Avropa.info 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: