Qubad İbadoğluna öz həmkarından ETİRAZ

Akif Qurbanov: “Məgər Koalisiya üzvlərinin fərdi problemləri həll olunur deyə biz deməliyik ki, ölkədə vətəndaş cəmiyyətinin durumu “güllü-gülüstanlıq”dır?!”

Mədən Sənayesində Şəffaflıq Koalisiyasının (MSŞK) koordinatoru Qubad İbadoğlunun ölkə başçısı İlham Əliyevin barəsində minnətdarlıq dolu açıqlaması və “Prezident son anda müdaxilə etməsə Azərbaycanı xilas etmək mümkün olmayacaqdı” deməsi adıçəkilən qurumun daxilində birmənalı qarşılanmayıb.

Koalisiya Şurasının üzvü Akif Qurbanov bununla bağlı özünün feysbuk səhifəsində ətraflı açıqlama yayıb.

Məlum olduğu kimi, Astanada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə beynəlxalq rəhbər komitənin 35-ci iclasında müzakirə olunan əsas məsələ Azərbaycanın fəaliyyətinin dayandırılması olub. Gərgin müzakirələrdən sonra bu qərar qəbul olunmayıb və 4 ay sonra keçiriləcək iclasa qədər Azərbaycan hökuməti qarşısında şərtlər qoyulub. Bu iclasda iştirak edən  Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının rəhbəri Qubad İbadoğlu “Yeni Müsavat” qəzetinə ilginc müsahibə verib.

“Biz bu ayın 11-də Koalisiya adından Azərbaycan prezidentinə məktub ünvanlayaraq narahatçılığımızı bölüşmüşdik. Dövlət başçısına müraciət etməkdə bir məqsədimiz də ondan ibarət idi ki, o prosesə müdaxilə eləsin, işi nəzarətə götürsün. Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də Azərbaycanın fəaliyyətini dayandıracaqdılar”, – Qubad İbadoğlu deyib.

“Bizim məktubdan sonra qısa müddətdə təşkilatların, qrantların qeydiyyatı məsələsi, reyestrdən çıxarış məsələləri həll olundu. Bizim Şuranın üzvü olan Oqtay Gülalıyevin özünə və ailəsinə  qarşı açılan cinayət işinə xitam verildi. Bəzi təşkilatların  vergi cərimələrinin aradan qaldırılması ilə bağlı addımlar atıldı. Prezident həmçinin  xarici donorların fəaliyyətinin “bir pəncərə sistemi” ilə sadələşdirilməsi ilə bağlı sərəncam imzalandı. Bütün bunlar baş verməsəydi, yəqin ki, Azərbaycanın MSŞT-də fəaliyyətinin dayandırılmasının qarşısını almaq mümkün olmayacaqdı”, – Qubad İbadoğlu bildirib.

Bu yanaşmaya etiraz edən Akif Qurbanovun fikrincə isə Azərbaycan qarşısında irəli sürülən tələblər hakimiyyətə manevr üçün geniş imkanlar yaradır.

“Bu 3 tələb hakimiyyətə imkan verəcək ki, rahat manevr etsin. Çünki MHŞT proseslərinə dair verilən qrantlar və o sahəyə dair təşkilatların fəaliyyəti onu o qədər da narahat etmir. Əslində, tələb QHT və Qrant haqqında qanunların dəyişilməsinə və ümumən vətəndaş cəmiyyətinin fəaliyyətinə imkanverəcək institusional dəyişikliklərə yönəlməli idi”, – Akif Qurbanov yazıb.

“Başa düşüləndir ki, müraciətin düzgün addım olduğunu və baş verən dəyişikliyin dividentini özünə çəkmək üçün onun etdiyi hərəkətə görə müsbət nəticənin əldə olunmasını hər bir şəxs çalışar əsaslandırsın və müdafiə etsin. Lakin uzunmüddətli təcrübə bizə möhkəm qənaət formalaşdırmağa əsas verir ki, atılan addımları müraciətlə bağlamağın heç bir inandırıcı əsası yoxdur. Hakimiyyət problemlər dalana dirəndikdə hər zaman belə aldadıcı manevrlər edib, problemlərə yalnız kosmetik həll görüntüsü verilib, əslində isə fundamental olaraq heç bir dəyişiklik edilməyib”, – Akif Qurbanov bildirib. 

“Məgər Koalisiya üzvlərinin fərdi problemləri həll olunur deyə biz deməliyik ki, ölkədə vətəndaş cəmiyyətinin durumu “güllü-gülüstanlıq”dır?! İndiki QHT-lərin və xarici donorların fəaliyyətini iflic edən mürtəce dəyişikliklər represiya deyil də, sadəcə, “çimdik”ləmə əməliyyatıdır?!, – Akif Qurbanov yazıb.

Kolalisiya şurasının üzvü həmçinin qeyd edib ki, gercək vətəndaş cəmiyyəti üzvləri məsələlərə fərdi və ya qrup maraqlarından yanaşmamalıdır: “Onlar üçün cəmiyyətin maraqları və onun həlli yollarına münasibətdə ümumi prinsiplər və institusional baxış əsas götürülməlidir”.

Bastainfo.com

One thought on “Qubad İbadoğluna öz həmkarından ETİRAZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: