13 məhkəmədən sonra bəraət almış məhbusun dəhşətli hekayəti

Azərbaycanda şərlənən, ədalətsiz məhkəmə hökmü ilə qazamata atılan çox adam var. Şərləndikdən sonra hüquqi mübarizə aparıb bəraət ala bilənlər isə tək-tükdür.

Belə vətəndaşlardan biri Ağdaş rayon sakini Abbasov Qorxmaz Tofiq oğludur. Görün, ona qarşı irəli sürülən ittiham nə qədər saxta, məhkəmənin hükmü nə qədər qanunsuz olub ki, sonunda ona bəraət verməyə məcbur olublar.

Rüşvət vermədiyinə görə şərlənib tutulan Qorxmaz Abbasov 1 il 8 ay həbsdə yatdıqdan sonra bəraət alıb. Onun işi üzrə üst-üstə 13 məhkəmə prosesi qurulub. 

Dünən “Basta”nın redaksiyasında olan Qorxmaz Abbasov son 4 ildə başına gələnləri danışdı.

“Hər şey ondan başladı ki, mən Ağdaşda pasport qeydiyyatına düşmək üçün polis şöbəsinə getdim. Məni rüşvət vermədiyimə görə get-gələ saldılar. O vaxt Ağdaş polis şöbəsində bu işlərlə rəis müavini Kamran Musayev məşğul idi. Bildirdim ki, rüşvət verməyəcəm və bu süründürməçiliyə görə şikayət edəcəm. Şikayət edəcəyimi bildikləri üçün bu qanunsuzluğa əl atdılar” – Qorxmaz Abbasov deyir.

Qorxmaz Abbasov bundan əvvəl məhkum edilibmiş. Cəzasını başa vurduqdan sonra yaşayış yeri üzrə pasport qeydiyyatına düşməli idi. Qanuna görə dövlət orqanları həbsdən çıxmış insanların yenidən cəmiyyətə adapdasiya olunmasına yardım etməlidir. Amma Ağdaş polisinin öz qanunları varmış: həbsdən çıxmış vətəndaş pasport qeydiyyatına düşmək üçün “hörmət” etməlidir. Qorxmaz Abbasov isə bu qaydaya riayyət etmək istəməyib. 

Qorxmaz Abbasov aylarla yerli polis şöbəsinin qapısına sürünür. Amma onu qeydiyata almırlar ki, almırlar. Nəhayət, 2012-ci ilin oktyabrın 4-də Qorxmaz növbəti dəfə polis şöbəsinə gəlir. 

Onu burada tapşırığa əsasən təcridxanaya salırlar. Yaxınlarına da da xəbər göndərirlər ki, gəlin Qorxmazın “xərcini” ödəyib onu azad edin. Qorxmaz Abbasov “qayda”ya əməl etmədiyinə görə ona əvvəlcə “inzibati xəta törətdiyinə” görə məhkəmə qurub, guya polisin növbətçi hissəsində ictimai qaydanı pozduğuna görə 5 sutka verirlər. Yaxınlarının daha çox narahat olması üçün onun qardaşını da polisə gətirib 1 sutka təcridxanada saxlayırlar. Hər ikisinin barəsində cinayət işi qaldırılacağı ilə təhdid edirlər. Amma Qorxmaz Abbasov bir qəpik də pul verməyəcəyini bildirir, yaxınlarına da bunu qadağan edir.

Eyni “əmələ” görə ikinci cəza 

Qorxmazın qorxmazlığı haqqında xəbər bütün Ağdaşa yayılır – “Rəis iki qardaşı tutdurdu, amma pul ala bilmədi” deyirlər. Bu isə yerli polisin başında duranların “işguzar” imicinə böyük zərbə idi.

Bundan sonra iş böyüyür. Qorxmazın barəsində cinayət işi qaldırılır, onu eyni “əmələ” görə ikinci dəfə mühakimə edirlər.

“Məni xuliqanlıqda günahlandırıb barəmdə cinayət işi qaldırdılar. Ənənəvi 221-ci maddə ilə saxta ittiham irəli sürdülər, üzümə polis durğuzdular” – Qorxmaz Abbasov deyir.

Məhkəmədə “zərərçəkən” qismində polis mayoru  Əzizov Habil Yaqub oğlu və baş serjant Məmmədov Elşən Şahruf oğlu təqsirləndirilən şəxsə qarşı uydurma ifadə verirlər. Guya Qorxmaz növbətçi hissədə şüşəyə başı ilə zərbə vurub, ikiqat şüşənin bir qatı sınıb. Guya polislər ədəb-ərkanla onu ictimai qaydanın əməl olunmasına dəvət edirlərmiş, Qorxmaz Abbasov isə ora-bura kəllə atırmış. 

Bir dəstə polis əməkdaşı “şahid” qismində həmin uydurma ifadələri təsdiqləyirlər – bir insanın taleyini məhv etdiklərinin fərqinə varmadan, rəisin tapşırığını yerinə yetirirlər, necə deyərlər “dövlətçiliyə” xidmət edirlər.     

Beləliklə, Ağdaş rayon məhkəməsi  1 fevral 2013-cü il tarixdə Qorxmaz Abbasovu 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarır.

Bundan sonra Qorxmaz Abbasov hökmdən Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Şəki Apelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib. Ali Məhkəmə şikayəti təmin etməsə də, işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarıb. Bununla da hökmün qanuniliyinin şübhə doğurduğu təsdiqlənmiş olub. 

Bundan sonra Şəki Apelyasiya Məhkəməsi Ağdaş məhkəməsinin qərarını ləğv edib.

Lakin təkrar istintaqdan sonra Ağdaş rayon məhkəməsi  yenidən 3 il həbs qərarı çıxardıb.

Qorxmaz Abbasov bu hökmdən yenidən şikayət verib. Şəki Apelyasiya Məhkəməsi Ağdaş rayon məhkəməsinin qərarını yenidən ləğv edib, bu vaxtadək artıq 1 il 8 ay həbsdə yatan Qorxmaz Abbasov məhkəmə zalında azadlığa buraxılıb.

Amma Qorxmaz Abbasovun işi üzrə məhkəmə çəkişmələri bununla bitməyib. Dövlət ittihamçısı protest verib, lakin Ali Məhkəmə protesti təmin etməyib.

Bundan sonra Ağdaş rayon məhkəməsi işi təkrar istintaqa qaytarıb.

Təkrar istintaqdan sonra prokurorluq işi yenidən Ağdaş rayon məhkəməsinə göndərib. Qorxmaz Abbasov bu işə Ağdaş məhkəməsində baxılmasına etiraz edib. Artıq bu məhkəmənin iş üzrə iki hökmünün olduğunu bildirib. 

Bəraət… 

Etiraz nəzərə alınıb və Şəki Apelyasiya məhkəməsi işə Göyçay rayon məhkəməsində baxılması haqqında qərar çıxarıb.

Nəhayət, Göyçay rayon məhkəmsində 2 dekabr 2015-ci il tarixdə Qorxmaz Abbasova bəraət verilib. Məhkəmənin hökmündə ittihamın sübuta yetmədiyi göstərilib.

Prokurorluq yenidən protest verib. Amma Şəki Apelyasiya Məhkəməsi protesti təmin etməyib və bəraət qərarını qüvvədə saxlayıb.

Bundan sonra prokurorluq Şəki Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə protest verib. Amma Ali Məhkəmə 24 oktyabr 2016-cı il tarixli qərarı ilə protesti rədd edib, bununla da iş tamamlanıb. 

Qorxmaz Abbasov sonunda bəraət alsa da, onun pozulan hüquqlarına görə heç kim məsuliyyətə cəlb edilməyib. Artıq 13 məhkəmə prosesini arxada qoyan Qorxmaz Abbasov bu müddət ərzində yetkin bir hüquqşünasa çevrilib və öz hüquqları uğrunda mübarizəni davam etdirmək fikrindədir.   

“1 il 8 ay günahsız yerə həbsdə yatmışam. Bundan başqa, hətta azadlığa buraxılandan sonra da azadlıqdan qismən məhrum edilmişəm, istintaq dövründə polisin nəzarətində olmuşam – hər iki gündən bir Ağdaş polis şöbəsinə gedib imza atıb qeydiyatdan keçmişəm.  2014-cü ilin sentyabr ayından, 2016-cı ilin aprel ayınadək isə başqa yerə getməmək barədə iltizam altında olmuşam. Bunun özü də azadlıq hüququmun pozulmasıdır. Buna görə təzminat tələb edəcəm”, – Qorxmaz Abbasov deyir.  

“Göyçay Məhkəməsi məni şərləyən dırnaqarası zərərçəkmişlərin və şahidlərin barəsində xüsusi qərardad çıxarıb. Qərardadda onların polis haqqında qanunu pozduqları göstərilib və Daxili İşlər Nazirliyinə təqdimat verilib. DİN bir ay müddətində həmin polislərin məsuliyyət məsələsini müəyyən etməli idi. Amma bu olmadı” – Qorxmaz Abbasov deyir. 

“Mənim işim üzrə iki müstəntiqin barəsində də məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb. Şəki Apelyasiya Məhkəməsi müstəntiq Azad Məmmədovun barəsində xüsusi qərardad çıxarmışdı. Göyçay rayon məhkəməsi isə müstəntiq Seyfəddin Bağırovun barəsində xüsuüi qərar çıxarıb. Amma onların heç birinin barəsində tədbir görülmədi. Əksinə, Azad Məmmədov əvvəl müstəntiq idi, onu baş müstəntiq etdilər. Onun rütbəsi də artırıldı – kapitan idi, mayor oldu”, – Qorxmaz Abbasov deyir.

“Necə olur ki, adi vətəndaş bir nəfərin “toyuğuna kış deyəndə” onu cəzalandırılar, amma hüququn keşiyində durmalı olan məmurlar bu qədər böyük qanunsuzluqdan sonra da cəzasız qalır, hətta onların vəzifələri, rütbələri artırılır?!”, – Qorxmaz Abbasov sual verir.

“Mən bununla bağlı DİN-ə, Prokurorluğa şikayət etmək istəyirəm. Amma qayda belədir ki, bu ərizələr araşdırılmaq əvəzinə, adətən şikayət olunanların özlərinə göndərilir. Ona görə də mən mülki qaydada iddia qaldırıb təzminat tələb etmək yolunu seçmişəm”, – Qorxmaz Abbasov bildirir.

Qorxmaz Abbasov 4 ildən artıqdır ki, məhkəmə çəkişmələrindədir. Güman ki, öz hüquqlarının bərpası uğrunda mübarizə də illər çəkəcək. Qorxmaz Abbasovu şərləyən, onun taleyini məhv edən məmurlar görəv başındadırlar və kim bilir, daha neçə qorxmazın taleyini çürüdüblər, çürüdməkdədirlər. Onların, onlar kimilərin cəzalanması tək Qorxmaz Abbasova yox, bütün cəmiyyətimizə lazımdır. Cəmiyyət üçün faydalı olan bu işdə Qorxmaz Abbasova uğurlar diləyirik.

Mustafa Hacıbəyli

Bastainfo.com

  

Bəraət 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: