Səudiyyə Ərəbistanında “şahzadə şallaqlanıb”

Səudiyyə Ərəbistanındakı həbsxanada kral ailəsinin üzvünə şallaq cəzası tətbiq olunub, yerli mətbuat bildirir.

Adı açıqlanmayan şahzadəyə verilən cəza barədə qərarı məhkəmə çıxarıb.

Okaz qəzetində dərc edilən məlumata əsasən hadisə Ciddə şəhərində yerləşən “Qırmızı dəniz” məhbəsində baş verib.

Mətbuat şahzadənin həbsxanaya düşməsinin səbəbləri və ona neçə şallaq vurulduğu barədə məlumat vermir.

Səudiyyənin kral ailəsinin bir neçə min üzvü var. Onlar nadir hallarda cəzalandırılır.

Ötən ay şahzadə Turki bin Səud əl-Kabira barəsində edam hökmü icra olunub. Bu, ölkə tarixində kral ailəsinin üzvünün ilk edam halıdır.

Şahzadə iki il əvvəl Ər-Riyad yaxınlığındakı çadır düşərgəsində baş verən kütləvi dava vaxtı qətl törətməkdə təqsirkar tanınıb. Ölən şəxs şahzadənin dostu imiş.

Ötən il şallaq cəzası dinin təhqirində ittiham edilən yazıçı və fəal Raif Bədaviyə tətbiq olunub. 7 il azadlıqdan məhrum edilmiş yazıçıya 600 şallaq cəzası da kəsilmişdi.

Daha sonra qərarı sərtləşdirən məhkəmə cənab Bədaviyə 10 illik həbs və 1000 şallaq cəzası verib. Ötən il Вədaviyə 50 şallağın vurulması dünya boyu etirazlara səbəb oldu.

Вədavi ilə yanaşı şallaq və 8 illik həbs cəzası şair Əşrəf Fayada da kəsilib. Daha əvvəl o, “dinindən dönməkdə” ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: