Təhdid olunan vəkil baş prokurora müraciət etdi

Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralova

Azərbaycan Respublikasıının daxili işlər naziri cənab Ramil Usubova

Azərbaycan Respublikası dövlət təhlükəsizlik xidmətinin rəisi cənab Mədət Quliyevə

Açıq müraciət

Cənab Baş Prokuror,
Cənab Nazir, 
Cənab Rəis,

Mən – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Elçin Sadıqov 2007-ci ildən etibarən ölkədə jurnalistlərin, siyasi və ictimai fəalların hüquqlarını müdafiə edirəm. Məhz peşə fəaliyyətimə görə həmişə müxtəlif təqiblər və təhlükələrlə üzləşmişəm. Lakin, bütün bu hədələr məni vəkil andımdan dönməyə məcbur edə bilməyib.

Son vaxtlar bu hədələr daha da intensivləşib. Hədələr hökümətyönlü mətbu orqanlarından, idarə olunan sosial şəbəkə hücumlarından tutmuş həyatıma qəsd həddinə qədər gəlib çatıb.

Belə ki, 27 avqust 2016-cı il tarixdə ibtidai istintaqı BMCMİ tərəfindən aparılmış cinayət işində BMCMİ-nin bir sıra əməkdaşları və onlarla əməkdaşlıq edən hal şahidlərinin dindirildiyi prosesdə açıq-aşkar hədələnmişəm. Saat 16.30 radələrində məhkəmə iclasından çıxıb avtomobilə yaxınlaşanda gördüm ki, avtomobilin altında qaraltı var. Yaxınlaşdıqda onun yağ olmasını hiss etdim. Dərhal dostlara zəng edib onların məsləhəti ilə evakuator çağırdım. Sonradan məlum oldu ki, avtomobilimin sürət qutusunun altında yerləşən “karter” adlanan hissənin “boltunu” açıblar. Mən kimlə məsləhətləşdimsə bildirdilər ki, kənar müdaxilə olmadan boltun açılması mümkün deyil. Mən yenə də səbrli olmağa üstünlük verdim.

25 oktyabr 2016-cı il tarixdə Qiyas İbrahimova 10 azaldıqdan məhrum etmə cəzası təyin edilməsinin ardından şəxsi facebook profilimə və e-mail ünvanıma xaker hücumlar edilib, müxtəlif viruslar göndərilib. Nəticədə həmin vaxt açıq olan mobil telefonum bloka düşüb, 4-6 saat mənə zəng çatmayıb.

Jurnalist Fikrət Fəraməzoğlunun işi üzrə də dəfələrlə mənə təyziqlər edilib. Müdafiə mövqeyimizdən çəkilməyə məcbur etmək cəhdləri olub. Bu gün (02 noyabr) saat 11.21-də Fikrət Fəraməzoğlunun barəsində cinayət işinin materiallarını götürmək üçün BMCMİ-nin nəzarət buraxılış məntəqəsinə getdim, müstəntiq sənədləri gətirmişdi. Məndən jam.az internet xəbər səhifəsini kimin işlətdiyini soruşdu. Bilmədiyimi dedim.

Müstəntiq bildirdi ki, BMCMİ və onun əməkdaşları barədə məlumatları yaymayaq, yoxsa, bu mənə və F.Fəraməzoğlunun həyat yoldaşına baha başa gələcək. Həmçinin, bildirdi ki, bu barədə Fikrət Fəraməzoğlunun özü ilə də danışacaq. Bütün bunlar buraxılış məntəqəsinin içərisində olan təhlükəsizlik kamerasına düşüb.

Bir neçə dəqiqədən sonra mənim və Fikrət Fəraməzoğlunun barəsində tamamilə yalan, şər-böhtandan ibarət, qaralayıcı məqalə yayıldı. Ardınca mənim saxta “facebook” profillərim yaradılmağa başladı. Mənə və ailəmə qarşı qarayaxma kampaniyası başlandı.

Cənab Baş Prokuror,
Cənab Nazir, 
Cənab Rəis,

Hesab edirəm ki, bütün baş verənlər mənim vəkillik fəaliyyətimə görə həyata keçirilir və idarə olunur. Halbuki, mənim vəkillik fəaliyyətimə Konstitusiyanın 61-ci maddəsi tam təminat verilməlidir. Hazırda vəkillik fəaliyyətimə görə mənim, ailəmin həyatına böyük təhlükə var, bizə qarşı hər hansı istənilən basqının həyata keçirilməsini istisna etmirik. Təbiidir ki, hökümət belə basqıların, təhlükələrin dərhal, vaxtında lazımi qaydada araşdırılmsına və tədbir görülməsinə cavabdehdir.

Ümid edirəm ki, mənə, ailəmə qarşı həyatı təhlükənin, kibercinayətkarlığın diqqətlə araşdırılması, bunu edənlərin məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atacaqsınız.

 

Elçin Sadıqov.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: