Yalnız öz rifahlarını düşünənlər qınanmalıdır

 
 

Səxavət Soltanlı

“Beynəlxalq təşkilatlara səsimiz çox çətinliklə çatır, amma, yerli QHT nümayəndələrinin rəyi öyrənilirsə, əsas götürülürsə, ilk və əsas problem kimi məhkəmələrin azadlığı məsələsi diqqət mərkəzində olmalıdı. 

Bunu etməyib, yalnız öz rifahlarını düşünənlər qınanmalıdır, vicdanlı insanlar onlarla bir yerdə olmamalıdır. Bu gün Azərbaycanın gələcəyi qanunları
ayaq altına atan hakimiyyətlə şəxsi həyatlarını düşünən bir qrup prinsipsiz adamın
iş birliyi ilə qaranlığa yönəldilir.” 
Əgər bir ölkədə ədalətsizlik baş alıb gedirsə, haqsızlıq, hüquqsuzluq
tüğyan edirsə orada hər hansı müsbət şey axtarmaq, yaxşı nəyəsə ümid etmək
yersizdir.Ədalətdən söz düşəndə ilk ağıla gələn Kral II Frederixlə dəyirmançı
arasında olan “Berlində hakimlər var” hekayəsi oldu.

Bilməyənlər üçün maraqlı, bilib əməl etməyənlər üçün bir daha düşünmək imkanı yaradan hekayədir. 

Almaniyanın, Avropanın indiki mərtəbəyə gəlib çıxmasında bu hadisənin də xüsusi rolu olduğunu çəkinmədən deyə bilərik.Qısa olaraq belədi ki, Kral II Frederix 1750-də Potsdamdan keçən zaman konkret bir ərazini bəyənir, adamlarına “Mənə burada saray ucaldın” deyir. 

Bir gün sonra kralın adamları gedir görürlər ki, Kralın bəyəndiyi yerdə bir yel dəyirmani var. Adamlar dəyirman sahibini səsləyir, yaşlı dəyirmançı qapını açır:

Buyurun deyir

–Bizi Kral göndərdi. Kral buranı görüb və çox bəyənib,
alır. Qiyməti nə qədərdir?

Dəyirmançı satmıram ki, nə qiymət?

– Dəlilik etmə, Kral istəyir.

–Mənə nə kim istəyir, mən satmıramsa, heç kim də ala
bilməz.

Adamlar gəlir, olanları olduğu kimi Krala
çatdırırlar.

Kral: Çağırın adamı bura.

Çağırırlar dəyirmançı gəlir.II Frederix: Yəqin
yanlış anlaşılma olub, cənab, mən dəyirmanını satın almaq istəyirəm. Qiymətini
de.

Dəyirmançı: Yoox yanlış anlamadım, adamların da dünən
belə söylədi. Satmıram!

– Cənab, inad etməyin, pulunuzu artıqlaması ilə ödəyirəm,
həmin pulla Almaniyanın hər yerində dəyirman qura bilərsiz.

Dəyirmançı: Qüdrətli Kralsan, pulun, varın çox
Almanyanın hər yerində saray tikə bilərsən. Sən get istədiyin yerdə saray
tikdir.

Buranı məndən öncə atam, atamdan əvvəl babam işlətmiş.
Mən də övladıma verəcəm! Satmıram!

II Frederix ayağa qalxır, əsəbləşir və çığırır:
Unutma ki, mən Kralam!

Dəyirmançı baxır və deyir:

Əsil siz unutmayın ki, Berlində hakimlər var!

Heç bir güc, heç bir siyasət, heç bir hakimiyyət,
kral olsa belə, ədalətdən üstün deyil. Heç kimsə ədalətin üstünə çıxa, orada
otura bilməz. “Berlində hakimlər var!”Bu söhbətdən sonra Potsdamda məşhur
Sansosi Sarayı inşa edilir.

Kral və dəyirmançı da qonşu olur. 

Daha sonralar da onlar arasında maraqlı söhbətlər də olur. 

İndi də həmin saray və dəyirman ədalətin simvolu kimi qorunur, saxlanılır, nümunə kimi göstərilir.Almaniya həm də ona görə Almaniyadır ki, “Berlində hakimlər var”

Almaniya bir neçə QHT-yə yaradılan şəraitə görə yox, kimlərəsə yaradılan imkanlara görə deyil müstəqil məhkəmə və hakimlərə görə Avropanın iqtisadi mərkəzinə çevrilib. Ədalətin ali hesab edilib, qabardıldığı üçün. 

Niyə bu hekayəni xatırladım?

Demokratik dünya dəyərlərinə hörmət etməli azad olmayan ölkələrlə “Azad Məhkəmə”şərti ilə əməkdaşlıq etməlidir düşündükdə ilk bu tarixi hadisəni xatırladım.Hər bir vicdanlı azərbaycanlı QHT-çi yalnız özlərinə və dostlarına imkan yaradılmasını əsas şərt kimi beynəlxalq təşkilatlar qarşısında qabartmalı deyillər.

Azərbaycanla əlaqəli olan vicdanlı insanlar, demokratik maliyə və siyasi mərkəzlər də yalnız yerli tərəfdaşlarına yaradılan şəraitdən asılı olaraq hakimiyyətlə əməkdaşlıq etməli deyillər.Ola bilsin maliyə mərkəzləri birbaşa siyasi islahatları şərt kimi irəli sürmək istəmirlər, ola bilsin .QHT-lər azad seçki məsələsini şərt kimi irəli sürə bilmir. Amma, azad məhkəmə şərtini irəli sürməyə heçnə mane olmur, hakimiyyətdən başqa. 

Beynəlxalq təşkilatlara səsimiz çox çətinliklə çatır, amma, yerli QHT nümayəndələrinin rəyi öyrənilirsə, əsas götürülürsə, ilk və əsas problem kimi məhkəmələrin azadlığı məsələsi diqqət mərkəzində olmalıdı.

Bunu etməyib, yalnız öz rifahlarını düşünənlər qınaq edilməlidir, vicdanlı insanlar onlarla bir yerdə olmamalıdır. 

Bu gün Azərbaycanın gələcəyi qanunları ayaq altına atan hakimiyyətlə şəxsi həyatlarını düşünən bir qrup prinsipsiz adamın iş birliyi ilə qaranlığa yönəldilir. Bu gün hakimiyyətlə iş birliyində olan əsas, həlledici qrupun adı MSŞI-dir.  

Bastainfo.com

%d bloqqer bunu bəyənir: