Rusiyadan qayıdıb iş axtaran: “Əlindən nə gəlmirsə, onu təklif edirlər”

“Hər il narıngi vururduq. İşlərimiz əla gedirdi. İndi həm gömrük bahalaşıb, həm də ruslar bazarda “qaraları” yaman sıxışdırır. 1 ildir əmim oğluyla oturmuşuq rayonda, əlimizi ağdan qaraya vura bilmirik. Gömrük problemləri tamam həvəsdən salıb. Nəylə məşğul olaq, pulu haradan qazanaq, necə dolanaq ki, acından ölməyək, bilmirik”.

Masallı sakini Seyran Cəfərov bu barədə düz 1 ildir ki, baş sındırır. Deyir, 40 yaşı var, hərbi xidmətini başa vurandan Sankt-Peterburqa narıngi, limon aparır, ilin çox hissəsini orada qalıb alverlə məşğul olurmuş. Gömrük xərcləri artandan narıngi ağacda çürüyür, iri həyətin zibilinə çevrilir:

“Bax, bu dəqiqə narıngi ağacda qalıb. Bir azdan çürüyüb töküləcək. Adam baxa-baxa qalır. Oktyabrın əvvəli dostumun yükünü keçirməyə cəhd elədik, baxdı ki, bu narıngini aparıb Rusiya bazarlarında ən baha qiymətə satsa, xeyir qalmır. Bakıya aparmaq da sərf eləmir. Guya monopoliyanı yığışdırdılar, boş söhbətdir. Sərhədin o tayına gedən də, bu tayına qayıdan da 5-10 adamın yüküdür. Gömrükdə, az qala, çəkdiyin nəfəsə görə də pul alırlar”.

HƏKİMƏ SÜPÜRGƏÇİLİK TƏKLİF OLUNUR

Ticarətdən bir şey çıxmadığını görən Seyran Cəfərov Masallıdakı Məşğulluq Mərkəzinə gedib. Deməsinə görə, onun iş müraciəti mərkəz işçilərini “əsəbləşdirib”:

– Yeni il tətilləri bitəndən sonra yaxınlaşdım ki, görüm mənlik nə iş var. Sən demə, məndən öncə Rusiyadan gəlmiş nə qədər adam müraciət edibmiş. Dedilər, “hamınız Rusiyadan qayıdıb iş üçün darışmısız canımıza, haradan iş tapaq sizə”. 11-ci aydır ki, gedib-gəlirəm. Deyim də sizə necədir – deməli, ixtisasca həkimsənsə, deyirlər, “həkim işi yoxdur, süpürgəçi işi var”. Əlbəttə, bilirlər ki, ixtisasca həkim olan süpürgəçiliyə razılaşmayacaq. Əgər süpürgəçi işləmisənsə, deyirlər, “həkim lazımdır, süpürgəçi lazım deyil”. Yəni, adamları ələ salırlar.

– Bir süpürgəçi qoşulsun bir həkimə getsin, bəlkə onda ikisinə də iş tapılar…

– Siz zarafat edin, onda da deyəcəklər, “nə süpürgəçi, nə də həkim işi var, mühəndis lazımdır” (gülür)… Əlindən nə gəlmirsə, onu təklif edirlər, bilirlər ki, imtina edəcəksən.

“HAMI MÜDİR İŞLƏMƏK İSTƏYİR”

Masallı rayon Məşğulluq Mərkəzindən “Qaynar xətt”ə bildirilib ki, işdən ötrü müraciət edənlər çox vaxt təkliflərlə razılaşmırlar.“Hamı müdir işləmək istəyir”, məşğulluq mərkəzində telefona cavab verən xanım belə deyir.

Masallının Məşğulluq Mərkəzində təklif olunan fəhlə işləriylə razılaşmayanlardan biri də rayon sakini Zabil Qafarovdur. O, AzadlıqRadiosu-na yazır ki, ali təhsillidir. Ötən ilin noyabrında Rusiyadan qayıdıb, rayon Məşğulluq Mərkəzinə müraciət edib. Çox get-gəldən və yuxarı qurumlara şikayətlərdən sonra bu ilin aprelində onu işsiz kimi qeydiyyata götürüblər. 5 aydır qeydiyyatda olmasına baxmayaraq, ixtisasına uyğun iş təklifi almayıb. Hər dəfə təklif olunan fəhlə işindən isə imtina edib. 2 ay da işsizlik müavinəti almağa get-gəl edib:

“Axırda dedilər, “sən bura nə qədər gəlib gedəcəksən. Get otur evdə, iş olanda xəbər edərik”. Adama elə münasibət göstərirlər ki, sanki işi ciblərindən çıxarıb verirlər. Keçirilən iş yarmarkaları da gözə kül üfürmək üçündür. İndiyədək heç bir yarmarkada özümə iş tapa bilməmişəm”.

Masallı sakinləri bildirirlər ki, Məşğulluq Mərkəzində təklif edilən işlərin çoxu günəmuzd fəhləlik işləri olub. Tikintilərdə iş dayanandan sonra o da qəhətə çıxıb.

Azadliq.org 

One thought on “Rusiyadan qayıdıb iş axtaran: “Əlindən nə gəlmirsə, onu təklif edirlər”

  • 02.12.2016 at 15:47
    Permalink

    It is not my first time to pay a quick visit this web site, i am visiting this site dailly and get fastidious information from here every day.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: