Türkiyə ideal olmasa da, hüquq dövlətidir

Vaqif Hacıbəyli

 

Demokratik düşərgəni təmsil edən bəzi dostlarımızın avtoritarizmə meylli Ərdoğana olan antipatiyası başa düşüləndi. Amma Dəmirtaş başda olmaqla terrora siyasi dəstək verdikləri üçün cinayət təqibi ilə üzləşən deputatların həbsindən sonra bizim siyasi düşərgədə baş qaldıran ajiotajı, isteriyanı qəbul etmək mümkün deyil.

Türkiyə ideal olmasa da, hər halda bir hüquq dövlətidir. Əgər tutulan deputatlar günahsızdırlarsa, onlar gec-tez azad olunacaqlar.

Dünyanın hər yerində terrorla mübarizə bəzən standart olmayan, hətta qeyri-demokratik üsullara əl atılmasını zəruri edir. 11 sentyabr hadisələrindən dərhal sonra o vaxtkı ABŞ prezidenti bəyan etmişdi ki, “kim bizimlə deyilsə,bizə qarşıdı”. O vaxta qədər həmin şüar sırf bolşevik şüarı kimi hamılıqla qətiyyətlə pislənirdi. Lakin Corc Buş bu tezisi irəli sürəndə heç kəs onu bolşevizmdə ittiham etmədi. 

Çünki, ABŞ terrora qarşı mübarizədə ilk növbədə informasiya mühaibəsini udmağı bacarmışdı.

Əgər Türkiyənin bu gün terrorla mücadilə sahəsində atdığı əməli addımlar onun ən yaxın müttəfiqi olan ölkədəki demokratik düşərgə mənsublarının bir qismi tərəfindən pislənirsə, deməli Türkiyə informasiya müharibəsində artıq uduzur. Bu çox təhlükəli amildir. 

Çünki, terrorla mübarizənin özünün pozitiv əməli nəticələrini və perspektivlərini xeyli dərəcədə şübhə altına almış olur.

Bu mənada Demirtaşın həbsini Türkiyə üçün az qala faciə kimi qələmə verməyə cəhd edən dostlarımıza bildirmək istəyirəm ki, sizlər bu məsələdə Ərdoğana və bu ölkədəki hakim rejimə olan antipatiyanızdan çıxış edərək əslində Türkiyəni, onun ərazi bütövlüyünü hədəf seçənləri müdafiə edirsiniz. 

Bu yanlış mövqedi, hətta bu yanılma vicdanlı yanılma olsa belə.

 

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: