Slavoy Jijek – Qərb dünyasının ”ən təhlükəli” filosofu

Slavoy Jijek dövrümüzün tanınmış filosoflarından biridir. Zamanımızda oxşarına çətin rastlanan uğurlara imza atmış mədəniyyət tənqidçisinin indiyə qədər ingilis dilində qırxdan artıq kitabı nəşr olunub. Bundan əlavə, dörd filmdə rol alan filosofun elmi yaradıcılığına həsr olunmuş “Beynəlxalq Jijek Tədqiqatları” jurnalı fəaliyyət göstərir. Öz qeyri-ənənəvi psixoanalitikası ilə fərqlənən Jijeki “The New Republic” 1Qərb dünyasının “ən təhlükəli” filosofu, “The New York Review of Books”2 isə onu dünyanın ən tanınmış ziyalı xadimlərindən biri adlandırıb.

Onun bu həftə çapdan çıxmış sonuncu “Miqrantlar, terror və qonşularla digər problemlər” adlı kitabında günümüzün aktual mövzuları olan, Avropada miqrant böhranı, beynəlxalq terror təhlükəsi və Qərbin tutduğu mövqe ilə hərəkəti arasında ziddiyyətlər barədə önəmli diaqnozlar verib. Bariz Markisist kimi tanınan Jijek günümüzdə baş verən tarixi hadisələri özünə məxsus təmtəraqlı və qeyri-ənənəvi həll yolu üçün bir fürsət kimi dəyərləndirir. Bundan əvvəlki mövqeyi ilə hər zaman liberalları və mühafizəkarları narahat edən müəllif, bu dəfə də istisnaya yol verməyib. Jijeklə söhbət imkanı əldə etmişkən onunla demokratiyanın məhdudiyyətləri, yetim peyğəmbərlər və Amerikanın eybəcər prezident seçkiləri haqqında danışmağa qərar verdik.

Mother Jones: Sizcə, Avropa, Orta Asiya və qismən az müşahidə olunan Şimali Amerikadakı miqrant böhranın əsas səbəbi nədir?

Slavoy Jijek: Bu, demokratiya ilə bağlı problemdir. İnsanlar şikayət edir ki, Avropa şəffaf mövqe sərgiləmir. Belə ki, siz əgər elə bu gün Avropada seçkilər keçirsəniz, birmənalı olaraq bütün miqrantların dərhal Avropadan qovulması nəticəsini əldə edəcəyik. Bu, önəmli problemdir. Bu yaxınlarda Brüsseldə Yunanıstana miqrant probleminə görə yardım məsələsini müzakirə edən bir sıra sloveniyalı diplomatlarla danışmışam. Onlar bildirdilər ki, biz əgər miqrant məsələləri ilə bağlı sessiyaları qapalı keçirtməsək, bu, Yunanıstan və miqrantlar üçün daha pis nəticələr doğura bilər. Belə ki, Sloveniya və Polşa kimi ölkələrdə əhalinin əksər hissəsi Yunanıstana və miqrantlara yardım etməyin əleyhinədirlər. Məni təəccübləndirən odur ki, Avropada daha çox şəffaflıq və miqrantların haqlarının müdafiəsini tələb edən də elə eyni adamlardır.

SJ: Mən fundamentalist İslamın qəti şəkildə əleyhinə olsam da, radikal solçuların axmaqca iddia etdiyi fundamentalist İslamın kapitalizm əleyhinə ən böyük təhlükələrdən biri olduğu fikri ilə razılaşa bilmərəm. Məncə, bu kökündən yanlış fikirdir. Mən İslam Dövlətinin (İŞİD) bəyanatlarını oxuyuram. Biz onların qiymətli əsərlər, tarixi abidələr və neftlə davranış tərzlərinə fikir versək, görərik ki, onlar idarəetmə formasına görə daha çox böyük korporativ mafiaları xatırladırlar. Əl-Qaidə və ya İslam Dövləti ənənəvi quruluşa əsaslanmırlar. Onların hansı ideologiyaya sahib olduqlarını bir kənara qoyub, hansı formada idarə edildiyinə fikir verin. Onlar qəddar, mərkəzləşmiş qüvvələrdir. Onlar fəaliyyət tərzlərinə görə ultra-müasir təşkilatlardır.

Müxalif qüvvələr kapitalizmin yeni bir formasının ortaya çıxmaq üzrə olmasını qeyd edirlər ki, fikrimcə, bu səhvdir. “Asiya dəyərləri ilə kapitalizm” ifadəsi nə qədər yanlış, irqçi fikir olsa belə, bu, onu bildirir ki, kapitalizm özünün ideoloji olaraq hedoinist-fərdiyyəçilik mövqeyini itirmiş hesab olunur. Bundan əlavə, siz müəyyən dini, etnik, yaxud mədəni toplumu vahid şəkildə birləşdirə bilərsiz. Nümunə olaraq mən sizə mənim mənfi qəhrəman hesab etdiyim Hindistanın Baş Naziri Narenda Modini göstərə bilərəm. Mən qəti şəkildə onun əleyhinəyəm. O, neoliberal iqtisadçı və fundamentalist Hindudur. Bu, müxalif tərəflərin dini fundamentalizm əleyhinə irəli sürdükləri “Liberal Mütərəqqi Kapitalizm” fikrinin yanlışlığı ilə bağlı əla nümunədir. Bu, qətiyyən deyilən formada işə yaramır. Kapitalizmin getdiyi yol bu olmamalıdır.

MJ: Yeri gəlmişkən, elə bu ziddiyyətin maraqlı bir nümunəsi də Uberdir. Belə ki, son günlərdə ortaya çıxan məlumata görə, şirkət Səudiyyə Ərəbistanından 3.5 miliyard dollar gəlir əldə edib. Beləliklə, bizdə belə bir təəssürat var ki, Silikon Vadisinin texnologiya nəhəngi ilə hər kəsin tənqid hədəflərindən olan qatı İslami rejimlərdən biri olan Səudiyyə Ərəbistanı eyni çarpayını bölüşür. Və Krallıqda qadınlar sürücülük hüququndan məhrum olduğu üçün Uber bir növ sosial ədalətin carçısı mövqeyində çıxış edir.

“Amerikalı feministlər iraqlı qadınlara azadlıq gətirəcəyini iddia edərək İraqa olan hücumları dəstəkləmişdilər. Ancaq bu, olduqca yanlış addım idi”

SJ: İcazənizlə bir az şeytan rolunu oynayım. Səudiyyə Ərəbistanı olaraq mən sizə desəm ki, “Rədd olun! Siz bütün günü multikultural tolerantlıq vəd edirsiniz. Bizim cəmiyyətimizdə qadınların özünəməxsus rolu var. Sizin müxtəlif mədəniyyətlərə dözümlülük anlayınız hardadır?” Və bu halda mən haqlı olacağam. Beləliklə, siz mənə deyə bilməzsiniz ki, “Biz ya qadınların cəmiyyətdəki rolunu dəyişəciyik, ya da Səudiyyəni öz mədəniyyəti ilə baş-başa buraxacağıq”. Utancverici bir tarixi yada salaq. Amerika İraqa hücum edəndə, bu müdaxilə iraqlı qadınlara azadlıq gətirəcək deyə Amerikalı feministlər hücumu dəstəklədilər. Onlar tamamilə yanılırdılar. Səddam hər nə qədər qorxulu olsa da, bir o qədər də dünyəvi lider idi. Səddamın dövründə İraqda qadınların ictimai vəzifələri tutmaq haqqı var idi. Əgər indi fikir versək, görərik ki, qadınların cəmiyyətdəki rolu əvvəlki ilə müqayisədə olduqca azalıb. Onlar indi daha çox boyunduruqlu olublar. Sizcə, bu, qəribə ironiya deyil?!

Amerika İraqı işğal edəndən sonra mühafizəkar islamın mövqeyinin möhkəmlənməsi nəticəsində həm qadınların cəmiyyətdə tutduğu mövqeyə ağır zərbə vuruldu, həm də İraqdakı xristianların çoxu ölkəni tərk etməli oldu. Yarım milyondan çox xristian min illərdir bölgənin ən önəmli azlıqlarından biri idi. Amerikanın müdaxiləsinin nəticəsidir ki, onlar ölkədən kənarlaşdırıldılar. Səddam hökumətinin xarici işlər naziri Tarıq Aziz İraq xristianı idi. Biz bunu əsla yaddan çıxarmamalıyıq! Siz də bilirsiz ki, hazırda Orta Asiyada mövcud olan iki dünyəvi dövlətlərin hər ikisi məhv olmaq üzrədir. Həmçinin də, Əsəd hər nə qədər əzazil lider olsa da, Suriya da İraq kimi heç vaxt özünü İslam Dövləti adlandırmayıb. Onlar özlərini dünyəvi dövlət kimi xarakterizə edirdilər.

MJ: Siz öz kitabınızda hərbi müdaxilənin təsirləri ilə uğurlu siyasi həmlələrin təsirlərinə eyni dərəcədə yer vermisiniz.

SJ: İqtisadi sövdələşmələr çox daha ağır nəticlər doğura bilər. Mən bu mövzuda heç də hərbi müdaxilələrin əleyhinə deyiləm. Gəlin Konqo Respublikasına nəzər yetirək. Ora hal-hazırda yer kürəsində cəhənnəmə ən yaxın olacağınız, dövlətin öz funksiyasını itirdiyi ölkədir. Əlbəttə ki, Konqonun bir sıra idarəedici qurumları böyük şirkətlər üçün ucuz mineral təminatı ilə məşğuldurlar. Misal üçün elektronik cihazlarda istifadə olunan koltan mineralı bu siyahıda önəmli yer tutur. Mən Konqoda dövlətin normal funksiyasını bərpa edəcək hərbi müdaxilənin heç də əleyhinə olmazdım. Ancaq mən sizi əmin edirəm ki, bu, heç vaxt baş tutmayacaq. Böyük qüvvələr insan haqlarının pozulması ilə o vaxt maraqlanır ki, bunun arxasında iqtisadi maraqlar durur.

MJ: Gəlin Amerikadakı seçkilər barədə danışaq.

“Tramp sadəcə bayağı fürsətçidir. Kruz isə canavardır. Siz elə bilirsiz ki, Ted Kruz adamdır?!”

SJ: Onillər əvvəl mən gənc olanda solçu dostlarım deyirdilər ki, hakimiyyətdə olan siyasətçilər olduqca nəzakətli, ləyaqətli tərzdə danışırlar. Onları provokasiya etmək üçün biz gərək daha çox vulqar ifadələrdən istifadə edək. Lakin indilərdə bu tamamilə əksinə çevrilib. Sağ qanadın təmsilçiləri kütləyə vulqarçılıq təqdim edir. Bu, açıq-aşkardır ki, Tramp ideoloji fürsətçidir. Siz də yaxşı bilirsiz, o, gah bir qədər sağa meyillilik edir, gah bir qədər sola. Hərdən görəcəksiz o minimum əməkhaqlarını qaldırır, ya da endirir. Çıxışlarından birində o deyirdi ki, biz fələstinlilərin vəziyyətini başa düşməliyik, indi də bəyənat verir ki, biz Yerusəlimin İsralinin əbədi paytaxtı olduğunu təsdiq etməliyik. O fürsətçidir və nə qədər uğurlu araqarışdıran olsa da, mənim üçün heç də qeyri-adi biri deyil. Mən düşünmürəm ki, onun mövqeyi qorxulacaq qədər radikaldır. Mən hədsiz dərəcədə qorxudan Ted Kruz kimi adamlardır. Tramp sadəcə bayağı fürsətçidir. Kruz isə canavardır. Sənə elə fikirləşirsən ki, Ted Kruz adamdır?

 

Mənim Trampın şeytanlaşdırılmasında problemli gördüyüm nöqtə Hilari Klintonun müştərək cəbhə qurulması fikirinə nail olmasıdır. Mən Trampa bircə bu məsələdə rəğbət bəsləyirəm ki, Berni Sanders Hilari Klintonu dəstəkləyəndə o dedi ki, “Sandersin Hillarini dəstəkləməsi, “Occupy Wall Street”in (2011-ci ildə Nyu-yorkda Wall Street əleyhinə etirazlar) “Wall Street”i (Nyu-yorkda yerləşən və Amerika iqtisadiyytaının ürəyi olaraq bilinən küçə) dəstəkləməsinə bənzəyir”. Hilari Səudi Ərəbistandan LGBT-ə, “Wall Street”-dən “Occupy Wall Street”ə qədər hər kəsin dəstəyi ilə vahid ideoloji müştərək cəbhə qurmağa nail oldu.

MJ: Sizcə, qaçqın və köçkünlərə qarşı irqçiliyin arxasında neoliberal siyasətin uğursuz idaretməsimi dayanır?

SZ: İrqçilik həmişə bu yolla ortaya çıxıb. Misal üçün gəlin Antisemitizmə nəzər yetirək: Yəhudilər kapitalistlər üçün həmişə alternativ olaraq görülüblər. Antisemitizmin ən böyük naiiliyyəti o idi ki, sinfi narazılığı irqi narazılıqla əvəz edə bilmişdilər. Biz burda Berni Sandersin əsl dahiliyinə gəlib çıxırıq. O, irqçi çıxışlarına görə müflis olan fermerlərə nifrət etmək əvəzinə onları öz tərəfinə çəkməyi bacardı. O, fundamental mühafizəkar Respublikaçılar adlandırılan qismi sola doğru mülayimləşdirməyə nail oldu. Bizim taktikamız bu olmalıdır ki, sizin tərəfdə olan səssiz əksəriyyəti öz tərəfimizə çəkməyi bacaraq. Sol ictimai ədəb-ərkan, nəzakət, ictimai mərifət kimi davranışlara yenidən sahiblənməlidir. Biz bundan qorxmalı deyilik. Kapitalizm ifrat dərəcədə vulqar sahəyə çevrilib.

MJ: Qayıdaq miqrantlarla bağlı məsələyə. Siz heç yerdə nə sərhədlərin açılması fikri ilə razılaşırsız, nə də bu məsələnin öz-özlüyündə həll olunacağı fikri ilə.

SJ: Bir sıra mədəni problemlər mövcuddur. Siz Almaniyanın Köln şəhərində baş verən Yeni İl qalmaqalını bilirsiz. Bu, əlbəttə ki, zorlamaya təşəbbüs deyildi. Əgər zorlamaq istəsələr, əlbəttə, bunu hər yanda işıqlar və adamlarla dolu şəhərin mərkəzində eləməzdilər. Bu kimi hallar həmişə baş verir. Bu cür hallar Təhrir meydanında, Hüsnü Mübarək əleyhinə etirazlar zamanı da baş verirdi. Bu, tipik aşağı səviyyəli ərəb ənənəsidir. Siz qadınların ətrafında rəqs edir, onları bir az çimdikliyir, amma onlara təcavüz eləmirsiniz. Əlbəttə ki, bu bizim üçün qəbuledilməzdir. Ancaq biz bunları açıq şəkildə müzakirə etməliyik, əgər bu barədə danışmasaq, onda biz əsas rəqiblərimizi: sağçı paranoyakları və İslamafobları yemləmiş olarıq. Açıqcası, vicdanlı müzakirələr elə bu nöqtədə göz önünə alınmalıdır. Birinci səhvimiz elə odur ki, bizə elə gəlir özümüzü çox yaxşı başa düşürük, amma bu reallıqda qətiyyən belə deyil. Bəli, gəlin fundamentalist İslamı tənqid edək, amma eyni zamanda özümüzü də analiz etməyi yaddan çıxartmayaq.

MJ: Yəni, yenilikçi dəyərlər və İslam uzlaşa bilər?

SJ: Siz Müsəlman ənənələrinə nəzər yetirsəniz, orada son dərəcə yenilikçi elementləri müşahidə edə bilərsiniz. İslam hansısa sülalənin yox, yetimlərin dinidir. Ən önəmli nümunə elə Məhəmmədin özünün yetim olması idi. Burda azadlıq vəd edən böyük bir potensial var. Haiti inqilabının ən önəmli ideoloqu qul, yazmağı və oxumağı bacardığına görə kitab adam ləqəbi verilən Con Bukmən idi. Siz bilirsiniz, o hansı kitabı oxuyurdu? “Quran”ı. İslam Haitidə qulların səfərbərləşməsində əsas rolu oynadı. Mənə elə gəlir, biz hal-hazırda çox təhlükəli dövrdə yaşayırıq. Kim bilir, hansı dəyişikliklər baş verəcək?! Ancaq mənə belə düşünürəm ki, sol qanad üçün bir şans var.

http://www.motherjones.com

Tərcümə etdi: Cavid Məsimli

1 Amerika nəşr olunan tanınmış siyasi jurnal;

2 Nyu-Yorkda nəşr olunan ədəbi-siyasi jurnal

Mənbə: Meydan TV 

 

Bastainfo.com 



This post has been seen 30 times.

3 thoughts on “Slavoy Jijek – Qərb dünyasının ”ən təhlükəli” filosofu

  • 02.12.2016 at 17:27
    Permalink

    Thanks for sharing your info. I really appreciate your efforts and I am waiting for your further write ups thanks once again.|

    Reply
  • 07.12.2016 at 05:03
    Permalink

    Its such as you read my mind! You seem to know so much about this, such as you wrote the guide in it or something. I think that you just can do with a few p.c. to pressure the message home a bit, however other than that, that is wonderful blog. A fantastic read. I will certainly be back.|

    Reply
  • 07.12.2016 at 16:36
    Permalink

    176817 151445Great beat ! I would like to apprentice whilst you amend your internet web site, how can i subscribe for a weblog site? The account helped me a applicable deal. I had been tiny bit acquainted of this your broadcast provided shiny transparent thought. 140308

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: