Hakimiyyət Avropa Məhkəməsinə gedən şikayətləri oğurlatdırır?

Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlər poçt tərəfindən itirilir.

Bunu “Basta”ya açıqlamasında vəkil Nemət Kərimli bildirib.

“İyun ayında 52 saylı poçt vasitəsilə Avropa Məhkəməsinə Fuad Qəhrəmanlının işi ilə bağlı şikayət ərizəsi göndərmişdim. Amma bu məktub ünvana çatmadı. Əlimdəki bildirişlə poçta gedib məktubun taleyi ilə maraqlandıqda mənə rəsmən bildirdilər ki, çeşidləmə vaxtı məktubu itirmişik. Bundan sonra ərizəni sentyabrın 24-də 102 saylı poçt vasitəsilə göndərdim, amma bu məktubu da itirdikləri barədə mənə rəsmi cavab verdilər. Oktyabr ayında isə 1 saylı poçt vasitəsilə Amid Süleymanovun işi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərmişdim. Bu gün mənə poçtdan bildirildi ki, məktubu itiriblər”, – Nemət Kərimli deyib.

Vəkil hesab edir ki, müxtəlif poçtlarda eyni məzmunlu məktubların itirilməsi təsadüfə oxşamır və burada hakimiyyətin əli ola bilər.

“Ola bilər ki, hakimiyyət tapşırıq verib ki, şikayət ərizələrinin bir qismi Avropa Məhkəməsinə çatdırılmasın. Əks təqdirdə poçt orqanları bu pozuntuya risk etməzdi”, – Nemət Kərimli deyib.

Qeyd edək ki, Avropa Məhkəməsi ilə yazışmalarda internet yox, poçt vasitəsilə aparılır. Avropa Məhkəməsində bir sıra işlər də olub ki, onlar üzrə icraat məhz sənədlərin ünvana “vaxtında təqdim olunmaması” səbəbilə dayandırılıb. 

Bəs poçt orqanları məktubların ünvana çatdırılmasına görə məsuliyyət daşımırmı? 

Bu sualı cavablandıran vəkil deyir ki, poçt cüzi məbləğdə cərimə ödəməklə vəziyyətdən çıxır.

“Avropa Məhkəməsinin çıxara biləcəyi təzminat məbləği ilə müqayisə də, poçtun ödəyəcəyi cərimə çox kiçik məbləğdir. Əsas olan isə məsələnin siyasi tərəfidir. Ola bilər ki, hakimiyyət ərizələrin bir qismini bu üsulla sıradan çıxarmaqla, ölkədən Avropa Məhkəməsinə gedən şikayətlərin sayının azaldığını göstərməyə çalışır”, – Nemət Kərimli deyib.

Vəkil bildirib ki, bununla bağlı həm prokurorluğa, həm məhkəməyə, həm də Avropa Şurasına xüsusi müraciət olunacaq.

“Avropa Məhkəməsinə göndərilən şikayətlərin texniki səbəblərlə geri qaytarılmasına dair başqa faktlar da var. Vəkillərlə məsləhətləşib bu pozuntularla əlaqədar iş aparacayıq”, – Nemət Kərimli bildirib.

Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 18 times.

4 thoughts on “Hakimiyyət Avropa Məhkəməsinə gedən şikayətləri oğurlatdırır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: